Əsas Səhifə > Güney Press, Ana xəbərlər > XİN başçılarının sabah Cenevrədə “biri artıq, biri əskik” görüşü, yoxsa?

XİN başçılarının sabah Cenevrədə “biri artıq, biri əskik” görüşü, yoxsa?


28-10-2020, 09:49
XİN başçılarının sabah Cenevrədə “biri artıq, biri əskik” görüşü, yoxsa?
Oktyabrın 29-u, yəni sabah Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərlə birgə görüşü keçiriləcək. “Yeni Müsavat” yazır ki, Moskva, Paris və Vaşinqtonda əldə edilən humanitar atəşkəs razılaşmasına işğalçı güclərin riayət etməməsi səbəbindən Cenevrə danışıqlarına da böyük ümid bəslənmir. Elə bu görüşə əvvəlcədən Prezident İlham Əliyev münasibət bildirib. Xalqa müraciətində Cenevrə danışıqlarına toxunan dövlət başçısı qeyd etmişdi ki, 27 il ərzində o qədər mənasız danışıqlar olub, bu da biri...Sitat: “Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin”.

Sözün kəsəsi, istər dövlət rəhbərliyinin, istərsə Azərbaycan ictimaiyyətinin ATƏT-in Minsk Qrupunun iştirakı ilə Cenevrə görüşündən ciddi gözləntisi yoxdur. Bununla belə, sabahkı müzakirədə masaya 6 bəndlik baza prinsipləri qoyulacaq.

Nədən ibarətdir bu prinsiplər? İlk növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması; Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi; Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması; Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi; bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması; sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.

Lakin bu baza prinsipləri Azərbaycanın maraqlarını nə dərəcədə təmin edir? Döyüş meydanında aşkar üstünlük qazanan, bir aya 4 rayon və xeyli sayda kənd azad etdiyimiz halda həmin prinsiplər sərfəlidirmi?

Məsələn, ikinci bəndi götürək - Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi. Bu, bizi qane edə bilərmi? Və yaxud dördüncü bəndə diqqət edək, Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, ciddi məsələlərə aid söhbət aparmaq tezdir. Onun sözlərinə görə, Prezidentin bəyan etdiyi kimi, status-kvo dəyişib, təmas xətti yoxdur, Minsk Qrupunun isə aktuallığı qalmayıb: “Real danışıqlar üçün Ermənistanın mövqeyi dəyişməlidir. Bunu bəyan etməlidirlər və yeni müzakirələr başlamalıdır. Bu zaman yeni və ya köhnə baza prinsipləri formalaşa bilər. İnanmram ki, Azərbaycan həm diplomatik, həm siyasi üstünlüyü danışıqlarda kiməsə versin. Ona görə Cenevrə görüşündən böyük nəticələr gözləmirəm. Erməni qoşunlarını ərazilərimizdən evakuasiya etməlidir və sonra hansı prinsiplərinin masaya qoyulacağını söyləmək olar”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan bu görüşlərdən imtina etmir. Onun fikrincə, əks təqdirdə dünya rəsmi Bakını başqa cür qəbul edə bilər: “Amma Prezidentin də söylədiyi kimi, görüşlər 30 ildir davam edir, bir nəticəsi olmalıdır. Baza prinsiplərinə gəlincə, həmsədr ölkələrin zamanında etməli olduqlarını bu gün Ordumuz yerinə yetirir. Artıq iki qətnamə icra olunub, digər iki qətnamə qalır. Həmsədr ölkələr bilməlidirlər ki, ermənilərin müharibə ritorikası, Paşinyanın danışıqlar prosesini pozması bugünkü nəticəyə gətirib çıxarıb”.

Ekspert hesab edir ki, Cenevrə görüşünə böyük ümidlər yoxdur: “Müharibənin bir ayını geridə qoymuşuq. Azərbaycan və Ermənistan hərbçiləri arasında fərqli imkanlar müşahidə edirik. Bu 30 ildə həmsədr ölkələr münaqişənin nizamlanması üçün heç bir iş görməyiblər. Bilməliydilər ki, bir gün silahlar işə düşəcək. Lakin onlar bu gün də bütün resursları işə salaraq Ermənistana yox, Azərbaycana siyasi təzyiqlər edirlər. Biz Qarabağa doğru irəlilədikcə həmsədr ölkələr müharibəni dayandırmağa çalışırlar. Lakin 4 rayonu və çoxlu kəndləri azad etmişik, Azərbaycanı sentyabrın 27-dən əvvəlki vəziyyətə qaytara bilməzlər. Prezident qeyd etdi ki, yoxsul Ermənistana hərbi yardımlar olunur. Bu yardımları kimin etdiyi aydındır və ondan sonra Cenevrə görüşünə ümid edə bilmərik”.

Politoloqun sözlərinə görə, Paşinyan hələ də ermənilərin Qarabağda öz müqəddəratını təyin etməkdən danışır, Qarabağı ayrıca xalq kimi dəyərləndirir: “Bu halda, hansı danışıqlar ola bilər? Erməni qoşunları Qarabağdan çıxmalıdır və dinc erməni əhalisi mədəni muxtariyyət əldə edib yaşaya bilər. Paşinyan isə xarici qüvvələrə arxalanır və düşünür ki, müharibəni dayandıracaqlar. Əslində savaşı başlayan da, dayanmayan da Ermənistandır”.

Politoloq İlqar Vəlizadə isə Axar.az-a bildirib ki, görüşqabağı həmsədrlərin torpaqların konkret geri qaytarılma qrafiki tələbini danışıqların gündəliyinə salması haqda məlumatlar dolaşır: “Lakin qarşı tərəfin açıqlamalarında bunu qəbul edəcəkləri ilə bağlı heç bir işartı yoxdur. Əksinə, Ermənistan ”daha uğurlu şərtlər üçün döyüş" yolunu seçib. Ona görə də Cenevrədə beynəlxalq hüquqa uyğun bir siyasi həllin tapılacağı çox az inandırıcıdır".
“Yeni Müsavat”

Geri qayıt