Əsas Səhifə > Güney Press > Ermənistanın işğalçı və terrorçu mahiyyəti ifşa edilir

Ermənistanın işğalçı və terrorçu mahiyyəti ifşa edilir


17-10-2020, 11:10
Ermənistanın işğalçı və terrorçu mahiyyəti ifşa edilir
Son bir neçə gün ərzində Qağlıq Qarabağ zonasında gedən hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra xarici ölkələrin informasiya agentliklərinə, o cümədən oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova geniş müsahibələr verib.

Ölkə başçısı müsahibələrində movcud vəziyyətə obyektiv qiymət verərək, işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasını, humanitar atəşkəsdən istifadə edərək Azərbaycana yeni hücumlar təşkil etdiyini əsaslı şəkildə diqqətə çatdıraraq dünyanı işğalçının faşist, antiinsani, təcavüzkar siyasətinə müşahidəçi qalmamağa çağırıb.

Reallıq budur ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin keçirilmiş görüşünün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq dinc əhalini bilərəkdən hədəfə alır, illərdən bəri havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımı aktlarına sadiqliyini təsdiqləyir. Əhalinin sıx yaşadığı və təmas xəttindən xeyli aralıda yerləşən Gəncənin, sənaye şəhəri olan Mingəçevirin, bu şəhərdə yerləşən «Azərbaycan» İstilik Elektrik Stansiyasının, Mingəçevir Su Elektrik Stansiyasının Ermənistan ərazisindən «Toçka-U» «Smerç», «Skad» və digər raketlərlə atəşə tutulması humanitar atəşkəsin terrorla əvəzlənməsidir. Bu cinayət əməllərinə dünya birliyinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin adekvat tədbirlər görməməsi Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olur.

Rəşadətli Azərbaycan Ordusu döyüş əməliyyatlarının aparıldığı günlərdə Ermənistan hakimiyyətinin «qüdrətli Ermənistan ordusu» barədə illüziyalarını darmadağın etdi. Silahlı Qüvvələrimiz Cəbrayılda, Ağdamda, Füzulidə, Tərtərdə uğurlu hərbi əməliyyatlar apararaq xeyli sayda yaşayış məntəqələrimizi, strateji əhəmiyyətə malik Hadrutu və bir neçə yüksəkliklərimizi azad etdilər. Dövlətimizin başçısı İlham Əliyevin son bir neçə gündə özünün rəsmi “Twitter” səhifəsində qüdrətli Azərbaycan Ordusu tərəfindən Füzuli, Xocavənd və Cəbrayıl rayonunlarında xeyli sayda kənd və yaşayış məntəqələrinin, yüksəkliklərin işğaldan azad edilməsi xəbərini paylaşması qələbə sevincimizin davamlılığını təsdiq etməklə yanaşı, bütün işğal altında olan torpaqlarımıza Azərbaycan bayrağının sancılacağına əminliyi artırır.

30 ilə yaxındır ki, qərar və qətnamələrin kağız üzərində qalması, beynəlxalq hüququn pozulması, Azərbaycanın haqq işinə biganəlik xalqımızın və onun qətiyyətli Prezidentinin səbr kasasını doldurdu.

Azərbaycan əsgəri öz torpağımızda döyüşür, haqq mübarizəsi aparır, ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərir. Dünya bir daha şahidi

olur ki, cinayətkar adı ilə çağrılmayanda, cəzasız qalanda danışıqlar masası ətrafinda oturmaqdan yayınır, yeni ərazilər iddiası ilə yeni müharibələrə hazırlaşır, beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistanın baş naziri Nikol Paşinyan siyasi savadsızlığını heç bir beynəlxalq hüquq normalarını tanımamaqla bəyan edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsindəki paylaşımında dünya ictimaiyyətini bir daha Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb.

Ermənistanın baş nazirindən fərqli olaraq möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq qətiyyətli mövqeyi, iradəsi, xalqa güvəni əsasında daim biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanın dünya birliyində nüfuzunu artırır.

Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun “Siz tarixdə necə qalmaq istərdiniz” sualına dövlətimizin başçısı belə cavab verib: “... amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Xalqın fikri bu və ya digər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.”

Müstəvidə, döyüş meydanında qələbəmiz, Azərbaycanın haqq səsinin daha da ucalması məhz Prezident-xalq birliyinin, dövlətimizin başçısına inamın, etimadın təcəssümüdür. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq gücündə deyil.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri qayıt