Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur?

Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur?


7-08-2020, 10:18
Azərbaycanda qardaş ölkənin hərbi bazalarının yaradılması üçün nələr tələb olunur?
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020" birgə taktiki-uçuş təlimləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

İyulun 29-da başlayan genişmiqyaslı hərbi təlimlər 10 avqustadək davam edəcək. Azərbaycan və Türkiyədə qürurula qarşılanan, dost ölkələrin və xalqların maraqla, düşmənlərin və onların müttəfiqlərinin narahatlıqla izlədiyi təlimlərdən sonra hadisələrin baş verəcəyi çoxlarını maraqlandırır. Xüsusilə də Azərbaycanda əksəriyyət belə hesab edir ki, 102 ildən sonra ölkəmizə, əslində isə ikinci Vətəninə gələn Türkiyə ordusu hansısa formada burada qalsa, bu, hər iki ölkənin maraqları baxımından tarixi əhəmiyyətli hadisə olar. Tovuz döyüşlərindən sonra Türkiyə rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün hansı qərarlar verəcəksə, yanında olacağını bəyan edib. Bu günlərdə hər iki dövlət rəhbərliyinin qarşılıqlı olaraq dostluq və qardaşlıq mesajları verməsi də bədxahlarımızın bağrını yaran məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri sosial şəbəkələrdə geniş əks-səda doğurub və rəöbətlə qarşılanıb. Sitat: “Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Biz bütün məsələlərdə bir yerdəyik... Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Yalnız dost və qardaş ölkələr bir-birinə bu cür gözəl sözlər ünvanlaya bilər. Dəfələrlə bəyan olunub ki, Azərbaycanın inkişafı Türkiyənin, Türkiyənin də uğurları Azərbaycanındır. Çətin günlərdə qardaş Türkiyəni öz ordusu ilə birlikdə quruda, havada yanımızda görmək özü də olduqca xoş duyğular yaratmaqdadır.

Maraqlı bir məqam ondan ibarətdir ki, işğalçı Ermənistan Tovuz döyüşlərindən sonra dəstək ala bilmədiyi Rusiyadan üz çevirməyə başlayıb. Düzdür, bir neçə gün bundan əvvəl PUA-larla bağlı birgə “kabinet təlimi” keçirdilər. Lakin bu, sadəcə görüntü xətrinə idi. Ermənistan görür ki, Sorosun ayağına və puluna bağlı “ipiqırıq” Paşinyan rejiminə görə Türkiyə və Azərbaycanla əlaqələri korlamaq istəməyən Rusiya İrəvanın 56 km-liyindəki Türkiyə qırıcılarına reaksiya vermir, Türk əsgərinin Azərbaycanda möhtəşəm “əzələ nümayişi”nə adi qaydada yanaşır, o halda antirus əhval-ruhiyyəni işə salır.

Budur, Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Hazırda Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası “Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə veriləcək. Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır.

Diqqətçəkən budur ki, Ermənistanın müdafiə naziri Türkiyə-Azərbaycan birgə təlimlərindən sonra bir sıra səfirlər, o cümlədən Rusiyanın İrəvandakı diplomatı ilə görüşüb dəstək istəsə də, görüşlərdən “əlləri ətəyindən uzun” döndü. Bundan əvvəl Tonoyanın KTMT-yə telefon zənginin də nəticəsi olmadı. Və İrəvan həmişəki kimi, şantaja əl atdı. Onsuz da Ermənistand monoetnik ölkədir və ruslar da bu ölkəni tərk ediblər. İndi isə telekanalları qapadır. Hər halda, proses Azərbaycanın maraqlarına uyğun cərəyan edir. Qonşu Rusiya bir daha görəcək ki, faşist Nijdeyə abidə qoyanlar Rusiyaya qarşı bigər əməllərə də əl atmaqdadırlar və onlara görə Türkiyə və Azərbaycan kimi etibarlı qonşular, müttəfiqlərlə münasibətləri pozmağa dəyməz. Belə bir situasiya Türkiyənin Azərbaycanda hərbi mövcudluğuna yaşıl işıq yandırır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ilk dəfədir Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər təkcə Azərbaycan və Türkiyədə deyil, həmçinin Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub: “Bunun iki səbəbi var: birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Azərbaycan prezidenti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu yaxşı bilirlər. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdır. Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edir. Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib”.

E.Şahinoğlu hesab edir ki, artıq Rusiya da bununla hesablaşmaq məcburiyyətində qalıb: “Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi, Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Azərbaycan-Ermənistan qarşıdurmasındakı rolunu qəbul etdiyinə dair fikirlər söyləyibsə, kiçik və kasıb Ermənistan buna qarşı heç nə edə bilməz. Paşinyan bunu qəbul etmək istəmirsə, onun əsas rəqibi, eks-prezident Robert Köçəryan anlayıb. Köçəryan iki gerçəyi anlayır. O deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır. Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində bunu Paşinyan da anlayır, səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yəni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmək əməliyyatını sürətləndirmək lazımdır. Bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq”.

Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi ehtimalına gəldikdə, politoloq qeyd etdi ki, bu istiqamətdə gərəkən addımlar atılmalıdır: “Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyə öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Bizə də bu lazımdır”.

Paralel qaydada Bakının Ermənistana birbaşa və ya dolayısı ilə dəstək verən ölkələrə sərt təpkisi öz təsirini verməkdədir. Tovuz döyüşləri zaman Serbiyadan Ermənistana daşınan minaatanlar üçün tranzit ölkə rolunu oynayan Gürcüstan artıq səhvini anlayıb. Belə ki, iki həftədir Gürcüstan tərəfi Rusiyadan Ermənistana yüklərin sərhədi keçməsinə icazə vermir. Sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdən bəhs edilir. Amma bu partlayıcıların Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat yoxdur. Ermənistanın “Aravot” nəşrinin yazdığına görə, Rusiya partlayıcı maddələri ilə yüklənmiş bir neçə yük maşını Rusiya tərəfdən Larsdakı bütün prosedurlardan keçib, lakin gürcü tərəfi onların Gürcüstan gömrük sərhədini keçməsini qadağan edib. Bekor QSC-nin direktoru Fred Nazaryan bu partlayıcı maddələrin ikitərəfli bir məqsəd olduğunu, bu da onların hərbi əhəmiyyətə sahib olduqlarını, ancaq qeyri-hərbi şirkətlərin bütün icazə sənədlərinə sahib olduğunu bildirib. Fred Nazaryan hesab edir ki, yükün gecikməsi Ermənistanla sərhəddə son döyüşlərdən sonra Azərbaycan tərəfinin müdaxiləsi ilə əlaqəli ola bilər.

Düşmənin hərbi cəhətdən təcrid olunması üçün bütün addımların atılması zəruridir, bu istiqamətdə daim ayıq-sayıq olmaq lazımdır. Qardaş Türkiyə də Gürcüstana müəyyən mesajlar verə bilər. Tiflis anlamalıdır ki, Ermənistan təkcə Türkiyə və Azərbaycana deyil, həm də Cavaxetiya bölgəsinə iddia edir...
"Yeni Müsavat"

Geri qayıt