Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər

İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər


23-05-2020, 12:17
İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər
GUAM-a daxil olan ölkələri yalnız regional və iqtisadi əməkdaşlıq deyil, həm də başqa bir amil birləşdirir.

Bu ölkələrin hər birinin ərazisində Rusiya tərəfindən yaradılmış, ərazi bütövlüyünün pozulması və işğalla nəticələnmiş hibrid münaqişələr mövcuddur. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Krım, Donbas, Dnestryanı münaqişələri GUAM-a daxil olan ölkələrin suverenliyini təhdid edən əsas amilə çevrilib.

Lakin digər sahələrdən fərqli olaraq, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova münaqişələrin həlli məsələsində ciddi koordinasiya olunmuş addımlar atmır. Doğrudur, adları çəkilən ölkələr beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Münaqişələrin həlli məsələsində isə vahid konseptual mövqe nümayiş etdirilmir. Hər bir ölkə öz ərazisindəki işğal və separatizmlə mübarizədə beynəlxalq dəstəyə ehtiyacı olduğu halda, ayrılıqda fəaliyyət göstərir. Halbuki GUAM bu məsələdə ortaq mövqe nümayiş etdirmək üçün kifayət qədər uğurlu formatdır. Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanın münaqişələrin həllinə nail olmaq və ərazi bütövlüyünü bərpa etmək üçün ən azı diplomatiyada, informasiya müharibəsində koordinasiyalı addım atması son illər tam fəaliyyətsiz qalmış GUAM-ı da canlandıra bilər.

Bu quruma daxil olan dövlətlərin ərazi bütövlü yünün bərpası istiqamətində birgə mövqedən çıxış etməsi perspektivdə Türkiyənin, Rumıniyanın, ABŞ-ın və Avropa Birliyinin bu təşəbbüsü dəstəkləməsinə təkan verə bilər. Bu isə Rusiyanın MDB məkanında süni münaqişələr yaratmaq siyasətinə yeni alternativ siyasi güc mərkəzinin formalaşması deməkdir. Qeyd edilən üsul Rusiyanın post-sovet məkanında süni münaqişələr hesabına həyata keçirdiyi hegemonluq siyasətinin qarşısının alınmasında mühüm rol oynaya bilər.

1997-cil də yaradılan GUAM regional təşkilat olaraq siyasi-iqtisadi əməkdaşlığı, beynəlxalq təşkilatlarda birgə fəaliyyəti nəzərdə tutur. Özbəkistan artıq bu quruma üzv deyil. Bu format çərçivəsində üzv ölkələr arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, Ukrayna-Gürcüstan əlaqələrində problemlər, Moldovanın aktiv siyasət yürütməməsi müəyyən boşluq yaradır. Artıq yeni siyasi nizamın formalaşması, post-pandemiya dövründə iqtisadi əlaqələrin yeni mərhələyə keçməsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq aktual olacaq və üzv ölkələrin əməkdaşlığının dərinləşməsi zəruri olmalıdır. Azərbaycan GUAM inkişafında maraqlıdır və bu istiqamətdə üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək kursuna sadiqdir. Gürcüstan və Moldovanın da bu məsələdə maraqlı olması vacibdir. Ukraynada siyasi vəziyyət rəsmi Kiyevin bu formatda əməkdaşlığı inkişaf etdirməsini diktə edir. Hesab edirəm ki, Azərbaycan hərəkətə keçməli, GUAM sammitini keçirməlidir. Üzv dövlətləri birləşdirən ərazilərdə işğal və separatizm var. Bu, həmçinin Rusiya faktoru ilə bağlıdır.

Əlbəttə ki, təşkilat Rusiyaya qarşı deyil. Amma buradakı münaqişələr Moskvadan idarə olunur. Fikrimcə, yeni siyasi çağrışlara uyğun olaraq, GUAM daxili siyasi inteqrasiyanı inkişaf etdirməli, birgə platforma yaradıb BMT səviyyəsində işğala qarşı ortaq mövqe və sənəd ortaya qoymalı, birgə iş aparmalıdırlar. Üzv ölkələr arasında bu istiqamətdə iş aparılsa, ABŞ və Avropa İttifaqı da dəstək verəcək. Dörd dövləti birləşdirən ortaq problemi dünya səviyyəsində qaldırmağın zamanıdır. Əlbəttə ki, Rusiya buna müxtəlif istiqamətlərdə mane olmağa çalışacaq. Amma birgə səylər nəticəsində bunun qarşısını almaq olar. Beynəlxalq siyasi münasibətlər sistemində GUAM-ın yeni konsepsiya ilə ortaya çıxması mütləqdir. Azərbayacan bunu reallaşdırmalıdır. Bu, bizim xarici siyasətimizin prioritetləri olmalıdır. Yeni tribuna və platformalarda Ermənistanın üzərində də üstünlük qazanmış olarıq.

Geri qayıt