Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları qarşısında böyük əngəldir...

Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları qarşısında böyük əngəldir...


23-05-2020, 09:58
Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları qarşısında böyük əngəldir...
Azərbaycan ordusunun növbəti irimiqyaslı təlimləri başa çatdı. Naxçıvan Muxtar Respublikasını da əhatə edən budəfəki təlimlər həssas bir dönəmə - sülh danışıqlarının, faktiki, dayandığı zamana təsadüf edirdi. Düşmən tərəfdə ən əvvəl məhz buna görə bir panika var idi ki, Bakının genişmiqyaslı təlimləri real döyüş əməliyyatlarına keçə bilər.

İşğalçı Ermənistanın məxsusi təlaşı isə Naxçıvan istiqaməti ilə bağlıdır. Etiraf edək ki, düşmənin bu narahatlığı tamamilə əsaslıdır. Birincisi, ona görə ki, anklav bölgə olmasına rəğmən, burada Azərbaycan ordusunun elit qüvvələri, ən müasir döyüş sistemləri yerləşdirilib. İkincisi, Naxçıvan qardaş Türkiyənin təhlükəsizlik zəmanəti altındadır. Üçüncüsü, Naxçıvan sərhədindən İrəvana cəmi 40-45 km-lik məsafədir və düşmən ölkənin paytaxtı, onun digər strateji məntəqələri, o cümlədən Metsamor AES oradan asanca hədəf alına bilər. Bu isə həm də o anlama gəlir ki, yeni Qarabağ müharibəsi başlayarsa, işğalçıya arxadan sarsıdıcı zərbə vurula bilər. Nəticə etibarilə düşmən öz qüvvələrini Qarabağ istiqamətində cəmləyə bilməyəcək. Yəni “ikinci cəbhə” məsələsi.

Hərbi analitiklər də Naxçıvanın düşmən Ermənistandan ötrü bir göz dağı, qardaş Türkiyənin birgə köməyi ilə yaradılan “güclü hərbi yumruq” olduğunu təsdiqləyir. Xatırladaq ki, bu günlərdə ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş təhlili məqalədə Azərbaycan muxtar bölgədə yüksək dəqiqlikli, dağıdıcı sistemlər yerləşdirdiyi bildirilirdi. Amerikalı ekspertlər məqalədə Qarabağ müharibəsinin başlayacağı halda, Ermənistanı yaxşı sonluğun gözləmədiyi barədə xəbərdarlıq ediblər...

*****

“Ermənistanın Naxçıvanla bağlı düşüncəsi ciddi ölçüdə dəyişib. Belə ki, Naxçıvanın Azərbaycanla quru sərhədinin olmaması düşmənin gözündə Azərbaycanın zəifliyi olaraq görülürdü. Lakin bu gün Ali Baş Komandanın səyləri nəticəsində Naxçıvandakı ordumuz Ermənistan üçün daha böyük təhlükə olaraq qiymətləndirilir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyədən alınan müasir “TRG-300", ”Pələng" reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsi haqqında Türkiyə mediasında yayılan və Ermənistanda narahatlıqla qarşılanan informasiyanı şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Naxçıvanda yerləşən ordu birləşmələrinin güclənməsi, modernləşməsi və ən yeni silahlar ilə təkmilləşməsinə xüsusi diqqət yetirir: “Naxçıvan Muxtar Respublikasının bu gün Azərbaycanla quru sərhədi yoxdur. Lakin Naxçıvan Əlahiddə Birləşmələri də Azərbaycan Silahlı Qüvvələrinin bir parçasıdır. Ali Baş Komandan İlham Əliyevin son illərdə Naxçıvandakı ordu hissələrimizə xüsusi diqqət yetirməsi, təbii ki, ilk növbədə Ermənistanı narahat edir. Bunun başlıca səbəbi isə Naxçıvanın artıq mümkün bir müharibədə rahat hədəf deyil, Ermənistanın birbaşa özü üçün ciddi təhlükə olaraq görülməsidir. Faktiki olaraq Naxçıvan Əlahiddə Ümumqoşun hissələri Ermənistan üçün ciddi təhlükədir”.

Hərbi ekspert qeyd edib ki, Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan “Pələng” reaktiv yaylım atəşi sistemləri öz sinfinin ən müasir növüdür: “Bu gün bir çox mütəxəssis etiraf edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı belə hədəfə ala bilər. Yəni bu, heç kəsə sirr deyil. Məhz bu səbəbdən Naxçıvandakı ordumuz xüsusi uzaqmənzilli reaktiv yaylım atəşi sistemləri ilə gücləndirilib. ”Pələng" - Türkiyə istehsalı olan 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin ən son versiyasıdır. Bu qurğuların maksimal uçuş məsafəsi 120 kilometrdir, 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vura bilir. Ermənistan ordusu dəfələrlə rəsmi və qeyri-rəsmi olaraq bildirib ki, müharibə başlanan zaman ilk hədəf Bakı ərazisində yerləşən neft buruqlarıdır. Lakin GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi faktiki olaraq Ermənistanın bu planını alt-üst edir. Çünki bu raket sistemləri hazırda Naxçıvanda ordumuzun, Ermənistanın paytaxtı da daxil olmaqla, istənilən nöqtəsini vurmaq imkanına malikdir. Raketin hədəfdən yayınma ehtimalı çox azdır".

Onun sözlərinə görə, Naxçıvan Ermənistanın Qarabağda hərbi əməliyyatlar aparmaq imkanları üçün də böyük səddir: “Naxçıvandakı ordumuzun Günnüt istiqamətində hərbi əməliyyatlar aparması və müvəffəqiyyət əldə etməsi bu gün Ermənistan üçün başqa bir problem də yaradıb. Faktiki olaraq Naxçıvandan Laçın dəhlizi və Qarabağın strateji nöqtələrinə nəzarət edilir. Bu isə Ermənistanın mümkün müharibədə əl-qolunu bağlayan faktdır”.

*****

“Azərbaycan ordusu bu gün, istər silahlanma, istərsə də döyüş ruhu baxımından, ermənidən üstündür. Və bu, rusofobiya fonunda müttəfiqlərini itirən İrəvanı ciddi narahat edir”. Bu sözləri isə tanınmış rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

Bir sözlə, Azərbaycan Qarabağda antiterror əməliyyatları başlayanda Ermənistan iki dəfə düşünməli olacaq - daha bir dəfə Naxçıvanla bağlı. Ancaq müharibə olmaya da bilər. Yetər ki, Ermənistan rəhbərliyi, bütövlükdə erməni toplumu “ikinci erməni dövləti” xülyasından əl çəksin. Mümkün olan sülh barədə düşünsünlər və müharibəyə rəvac verməyə deyil, Qarabağa dair danışıqları irəli aparan konstruktivliyə köklənsinlər.

Əfsus ki, erməni tərəfi, hələ ki, kosntruktivlikdən xeyli uzaqdır. Bunu iki gün öncə işğal altında olan qədim Azərbaycan şəhəri Şuşada Qarabağ quldurlarının yeni başçısı üçün düzənlənən “andiçmə” mərasimi bir daha təsdiqlədi. Demək, müharibə konfliktin həlli üçün yeganə yol olaraq qalır. Azərbaycanın müharibə haqqını isə heç kim onun əlindən almayıb. Biz özümüz bu hüququ könüllü şəkildə verməsək, heç bir təşkilat və ya dövlət onu ləğv edə bilməz.

“Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”.

Musavat.com xəbər verir ki, bu barədə “Eurasian Regional Center of İCYF” - İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Milli Məclisin üzvü Tural Gəncəliyev bildirib.

O, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulaqardına vurulduğunu xatırladıb. “Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir” deyən icma rəhbəri Ermənistan tərəfinin bu münaqişənin həllində maraqlı olmadığını dilə gətirib.

“Bir qarabağlı kimi, mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub”, - deyə T.Gəncəliyev əlavə edib.

Əslində əvvəlki kimi, yəni Azərbaycan tərkibində yaşamaq istəyən Qarabağ ermənilərinin sayı Tural Gəncəliyevə məktub yazanlardan qat-qat çoxdur. Çünki işğal altındakı Dağlıq Qarabağda yaradılmış kriminal rejimin oradakı erməni əhalini total nəzarətdə və girovluqda saxladığı bəllidir. Erməni vətəndaşları bu girovluqdan qurtarmaq Azərbaycan dövlətinin borcudur...

Geri qayıt