Əsas Səhifə > Güney Press > Sosial məsafə qiymətləri bahalaşdıracaq?

Sosial məsafə qiymətləri bahalaşdıracaq?


22-05-2020, 17:01
Sosial məsafə qiymətləri bahalaşdıracaq?
Azərbaycandan Türkiyəyə və geriyə yaxın zamanda avtobus səfərləri bərpa oluna bilər.

Bu barədə iki ölkə arasında səfərlər təşkil edən avtobus şirkətlərindən məlumat verilib. Bildirilib ki, iyunun 15-dən iki ölkə arasında səfərlərin bərpası nəzərdə tutulduğundan, onlar artıq hazırlıq prosesinə başlayıblar. Hazırlıq prosesində xüsusilə avtobuslarda sərnişinlərin bir-birindən 1,5 metr məsafədə əyləşməsi təmin ediləcək. Avtobuslar daha az sərnişin qəbul edəcəyinə görə biletlərin bahalaşması gözlənilir. İlkin olaraq Türkiyənin Ankara şəhərindən Bakıya qədər olan səfər üçün 500 lirə bilet pulu müəyyən ediləcəyi bildirilir. Lakin bu rəqəm dəyişə bilər. Sərhədlər bağlanmadan əvvəl bu rəqəm 300 TL və ya 80-100 manat idi.

Qeyd edək ki, koronavirus səbəbindən Azərbaycanın beynəlxalq resylərlə səfərləri dayandırılıb və sərhədlər hələlik bağlıdır. Yalnız Türkiyə tərəfi mayın 20-dən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən müalicə məqsədilə səfərlərə icazə verib.

Son zamanlar isə ən çox eşitdiyimiz söz "sosial məsafə”dir. Mütəxəssislər deyir ki, hələ uzun zaman sosial məsafdə yaşayacağıq. Yəni həyat tərzimizi buna görə qurmağı vərdişə çevirməliyik. Hətta bu günlərdə TƏBİB rəhbəri Ramin Bayramov Operativ Qərargahın brifinqində tibbi maska və sosial məsafə ilə ilin sonuna qədər yaşamalı olacağımızı da vurğulayıb. Bu baxımdan, sərnişinlərin avtobuslarda, metroda, qatarlarda, təyyarədə sosial məsafə ilə hərəkəti müəyyən qaydalarla tənzimlənəcək. Təbii ki, şəhərlərarası, ümumilikdə ictimai nəqliyyatda, sosial məsafəni qorumaq üçün oturacaqların sayı azaldılacaq. Sərnişin sayının az olması isə daha az qazanc deməkdir. Artıq Azərbaycanla digər ölkələr arasında səfərlər təşkil edən şirkətlər bahalaşma anonsu veriblər.

Maraqlıdır, daxili nəqliyyatda necə, qiymət artımı gözlənilirmi?

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Cebhe.info-ya açıqlamasında hazırda qiymət dəyişikliyi ilə bağlı məsələnin müzakirə olunmadığını deyib:

“Bilirsiniz ki, bir müddətdir ki, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu üçün həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərə gediş-gəlişdə məhdudiyyətlər var. Hazırda qiymətlərlə bağlı müqavilədə heç bir dəyişiklik yoxdur. Yəni bu haqda müzakirə getmir. Hazırda qiymətlər pandemiyadan əvvəlki şəkildə qalıb. Reyslər açılandan sonra təbii ki, müzakirələrin olması da istisna deyil. Əgər hər hansı bir dəyişiklik baş verəcəksə, bu haqda məlumat veriləcək. Hazırda isə belə bir müzakirə yoxdur”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin sözlərinə görə, qurumda qiymət artımı ilə bağlı məsələ müzakirə olunmur:

“Bilirsiz ki, tarif məsələsi BNA səlahiyyətlərinə aid deyil. Amma gündəlikdə bununla bağlı məsələ də yoxdur”.

İctimai nəqliyyatda sosial məsafənin qorunmasına gəlincə, qurum rəsmisi bildirib ki, bununla bağlı həm avtobuslarda, həm dayanacaqlarda, həm də Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində daha geniş formada elanlar yerləşdirilir:

“Eyni zamanda, dayanacaqlarda və ümumilikdə insanların COVID-19 infeksiyasının proflaktikasına dair maarifləndirilməsi üçün geniş işlər görülür. Nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda, eləcə də digər ictimai yerlərdə sosial məsafənin saxlanılması və maska taxılması birbaşa vətəndaşların sosial məsuliyyəti ilə bağlıdır”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb:

“Qiymətlərin tənzimlənməsinə birbaşa səlahiyyət Tarif (qiymət) Şurasındadır. Belə bir məsələ ümumiyyətlə, gündəmdə deyil. Bununla bağlı ilkin şayiələr çox absurd və yersiz şəkildə yayılmışdı. Pandemiya səbəbindən dünyada elə bir sahə yoxdur ki, maliyyə və iqtisadi baxımdan ona təsir etməsin. Yalnız Azərbaycan mətbuatında metroda qiymətlərin bahalaşacağı ilə bağlı xəbər yayılmışdı. Bunu yayan mənbə tamamilə dedi-qodu və şaiyələrə söykənmişdi. Hazırki vəziyyətdə də hər hansı qiymət dəyişikliyi ilə bağlı məsələ müzakirə olunmur”.

Geri qayıt