Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Şirkətlərin iflas, insanların işsizlik təhlükəsi

Şirkətlərin iflas, insanların işsizlik təhlükəsi


26-03-2020, 12:10
Şirkətlərin iflas, insanların işsizlik təhlükəsi
Maliyyə bazarları üzrə ekspert, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) ekspertlər qrupunun sədri Elman Sadıqov koronavirus və onun Azərbaycan biznesinə təsiri, eləcə də problemlərin həlli yolları ilə bağlı fikirlərini bölüşüb.

FED.az xəbər verir ki, E.Sadıqov yazır:

Koronavirusun iqtisadiyyata mənfi təsirləri nəticəsində zərər çəkən əhali və biznes sahələrinə təşviq mexanizmləri ilə bağlı ilk öncə onu qeyd edim ki, əhali və biznesin ayrı-ayrı sahə və kateqoriyalarına təşviq və yardım mexanizmlərinin tətbiqi ilə bağlı fikirlər bir yazı və ya televiziya verilişində əhatə olunacaq qədər bəsit və kiçik bir məsələ deyil. Burada nəzərə alınacaq çoxlu məsələlər var. Qısaca, təşviq və yardım paketlərinin verilməsi zamaı nəzərə alınmalı məsələlər çoxdur.
- təşviq və yardım paketlərinin həcmləri;
- təşviq və yardım paketlərinin əsas mahiyyət, məqsəd və hədəfləri;
- məhz dəyən zərərlərin azalmasına və risklərin yumşalmasına xidmət etməsi;
- biznes subyektləri və sahibkarlara dəyən zərərlərin düzgün müəyyənləşdirilməsi;
- zərər çəkən kiçik, orta və iri biznes kateqoriyalarında kompensasiya olunacaq zərərlərin nisbəti;
- əsas hədəflərdən birinin məşğulluq məsələsinə xidmət etməsi. Yəni, işçi saylarını azaldılmaması, ixtisarların edilməməsi necə nəzərə alınacaq. Əslində bunun üsulları mürəkkəb deyil;
- bu paketə daxil olmayan kateqoriyaların düzgün müəyyən edilməsi (maaşlarını alanlar, iş yerlərini itirməyənlər, işləyənlər və sair);
- ən ciddi zərərə məruz qalan vətəndaş kateqoriyalarının düzgün müəyyən edilməsi. Bunlar əsasən günəmuzd işçilərdir. Ölkədə kölgə iqtisadiyyatının azaldılması, maaşların ağardılması, əmək müqavilələrinin bağlanması məsələlərində ciddi addımlar atılıb nəticələr əldə olunsa da, hələ də qeyri-rəsmi məşğulluq mövcuddur. Bu insanların arasında ailə saxlayanlar da var, gündəlik qazancla yaşayanlar da;
- şəffaf biznes sahələrinin zərərlərinin ölçülməsi daha asandır. İlkin tarix (düşünürəm ki, 10 mart ola bilər) və karantinin bitmə tarixinə qədər müddət keçən ilin müvafiq dövrü ilə müqayisə olunaraq müəyyən rəqəmlər əldə olunacaq;
- əsas çətinlik kölgə iqtisadiyyatının mövcud olduğu biznes sahələridir ki, bu sahələrin zərərlərinin kompensasiyası üçün real rəqəmlər olmayacaq (heç kim deməz ki, indiyə qədər bu qədər qazanırdım, amma bu qədər bəyan edib vergi vermişəm. Hətta desə də, sübut etməsi çətin olar və obyektiv olmaz). Burada əsas amil həmin biznesin iflas etməməsi, işçilərin sayı, işçilərin işsiz qalmaması olacaq. İcarə pulu, vergi və kommunal ödənişlərində müəyyən moratorium və ya təxirə salmalar ola bilər;
- əsas məsələ düzgün metodologiyaların və modellərin seçilməsidir;
- əsas məsələ düzgün datalardır (məlumatlar bazası);
- əsas məsələ ciddi zərbə alan biznes subyektlərinin fəaliyyətlərinin davam etdirə bilmələrini təmin edə bilməkdir;
- əsas məsələ back-testlərin də həyata keçirilməsidir;
- nəhayət, digər hesablama metodologiyaları və modelləşdirmə də daxil olmaqla digər texniki və spesifik məsələlər.
Fikrimin məğzi odur ki, bu çox əhatəli və iş yükü çox olan bir işdir. Xüsusilə, yuxarıda qeyd etdiyim səbəblərdən (kölgə iqtisadiyyatı və sair) statistik məlumatlar bazası ilə bağlı çətinliklərin yaşana biləcəyi ölkələrdə.
Sonda əhali üçün bir xatırlatma da edim. Nağd pul vasitəsilə virusun yayılması xəbəri doğrudur. Amma, plastik kart vasitəsilə alış-veriş edərkən POS-terminal düymələrinin dezinfeksiyası və bankomatlardan xüsusilə maaş və təqaüdlər verilişi zamanı 1 saat ərzində ard-arda onlarla adamın istifadə etməsi məsələsinə diqqət yetirilməlidir. Hər bir şəxs POS-terminal və ya ATM düymələrindən istifadədən sonra əllərini spirtlə dezinfeksiya etməli, əllərini üzünə, gözünə sürtməməlidir. Və ya bankomatın yanında bir nəfərin bu dezinfeksiya işini həyata keçirməsi isə təqdirəlayiq olardı. Hər bir halda, bu amili lütfən yaddan çıxartmayın.

Geri qayıt