Əsas Səhifə > Güney Press > Yaşı 65-dən yuxarı olan deputatlar iclasa qatılacaqmı?

Yaşı 65-dən yuxarı olan deputatlar iclasa qatılacaqmı?


26-03-2020, 11:57
Yaşı 65-dən yuxarı olan deputatlar iclasa qatılacaqmı?
Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək. Bu barədə Musavat.com-a parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Xidmət rəhbəri bildirib ki, iclas həmişə olduğu kimi, saat 12.00-da deyil, saat 11.00-da öz işinə başlayacaq, ilk hissə saat 13.00-da başa çatacaq. Saat 13.00-dan 15.00-dək nahar fasiləsi olacaq, saat 15.00-dan başlayan ikinci hissə isə saat 17.00-dək davam edəcək.

Qeyd edək ki, illər uzunu Milli Məclisin iclasları saat 18.00-dək davam edib. Nahar fasiləsi isə saat 14.00-16.00 arasında olub. A.Təvəkküloğlu qeyd etdi ki, iclasın saatlarını müəyyənləşdirmək Milli Məclisin daxili işidir, burada qeyri-adi nə isə yoxdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günləri aprelin 4-dək uzadılıb. Elə isə Milli Məclisin 30 mart iclası hansı zərurətdən irəli gəlib? Gündəlikdə hansı məsələlər əksini tapəb? MM-in mətbuat xidmətinin rəhbəri bu barədə konkret cavabın yaxın saatlarda açıqlanacağını söylədi.

Yaşı 65-dən yuxarı olan vətəndaşlara koronavirus təhlükəsi səbəbindən evdən bayıra çıxmaq yasağının qoyulmasına gəldikdə, A.Təvəkküloğlu bildirdi ki, bu yaşda olan deputatların plenar iclasda iştirak edib-etməyəcəyi barədə də gün ərzində ictimaiyyətə açıqlama veriləcək.

Geri qayıt