Əsas Səhifə > Güney Press > Bacısının başını kəsən Babəkin işi: anası və digər bacısı isə intihar etmişdi

Bacısının başını kəsən Babəkin işi: anası və digər bacısı isə intihar etmişdi


25-03-2020, 14:21
Bacısının başını kəsən Babəkin işi: anası və digər bacısı isə intihar etmişdi
Bakıda bir ailə başa gələ biləcək bütün bədbəxtçiliyi yaşayıb. 5 nəfərlik ailənin 3 üzvü dünyasını dəyişib. Ailənin başçısı 5 il həbsdə qalıb, ailənin tək oğlu isə bundan sonrakı ömrünün ən azı 10 ildən çoxunu həbsdə yaşayacaq.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayəltər Məhkəməsində bacısını qətlə yetirməkdə suçlanan 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Babəkin qətlə yetirdiyi şəxs 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevadır.

İlkin məlumatda qətlin namus üstündə baş verdiyi deyilir. Amma mərhumun qohumları arasında hadisənin mülk üstündə baş verdiyini iddia edənlər də var.

Babək Fərzalıyev törətdiyi əmələ görə qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

Babək bacısı Aytəni qəbiristanlıqda qətlə yetirib. Aytənlə Babəkin anası və bacısı 2014-cü ildə dünyasını dəyişib. Babək yaxınlarının məzarını ziyarət etmək adı ilə uzun müddətdir danışmadığı Aytəni görüşə çağırıb. Orada da Ayətnin boğazını kəsib.

Bir uşaq anası olan Aytən Fərzalıyevanın qayınanası Gülbəniz Kərimova deyib ki, Aytən 2019-cu il ərzində qətlə yetirilənə qədər qardaşı ilə 3 dəfə görüşüb:

“Aytən nə qədər çətin, çıxılmaz vəziyyətdə olub, amma qardaşı ona kömək etməyib. Neçə dəfə zəng edib ki, kirayə pulunu verə bilmirik, oğlumu güclə saxlayıram, kömək əlini uzat. Gah deyib, Qazaxıstanda yarışdayam, gah da deyirdi, başım qarışıqdı. Qardaşı idman müəllimidir. Heç vaxt nə qardaşı, nə də atası Aytəni yadlarına salmayıblar. Gəlinim neçə dəfə dedi ki, qardaşım mülayimləşib, gedim, görüşüm. Mənə köməklik göstərəcək. Dedim qızım, o sənə qarşı heç vaxt yaxşı olmayıb, inanma ona. Eşitmədi məni. İlk dəfə bu ilin əvvəli görüşdülər. Qızım da yanlarında idi. İkinci dəfə də bir müddət əvvəl görüşmüşdü. Dünən səhər qardaşı ilə instagramda yazışıblar. Aytən mənə dedi ki, bəs qardaşım düzəlib, onunla görüşəcəm əvvəlcə gedib ana və bacımızın qəbrini ziyarət edəcəyik. Sonra isə mənim sənədlərimi düzəltdirəcək. Yenə dedim, qızım, inanma, tək getmə. Məni eşitmədi və çıxıb getdi. Sonra da eşitdik ki, Babək qəbiristanlıqda Aytənin başını kəsib”.

Gülbəniz Kərimova mərhum Aytənlə oğlu Ümid Kərimlinin necə tanış olmalarından, ailə münasibətlərindən də danışıb. O, bildirib ki, oğlu ailəyə baxa bilmədiyi üçün tez-tez söz-söhbətlər olurdu:

“Bir dəfə oğlum Ümid dedi ki, ana bəs bir qızla tanış olmuşam, bəyənirəm. Yetim qızdır. Dedim nə olar gətir evimizə, tanış olaq. Toy da etməmişdik. Oğlum dönərxanada işləyirdi. Bir-iki dəfə də türmədə olub. Son vaxtlar işləmirdi, ailəyə baxmırdı. Avaralıq edirdi deyə mən də artıq onu silmişəm. Nəvəm olanda Aytən işləmək istədiyini dedi və bundan sonra Ümidlə münasibətləri pozuldu. Gördüm ki, vəziyyət düzələn deyil, Aytəni və nəvəmi götürüb özüm saxladım. Bunu qonşular da bilir. Aytən də evə maddi cəhətdən kömək etmək üçün İçərişəhərdə ailəvi restoranda, dönərxanalarda, çayxanalarda işləyirdi. Özüm təkbaşına 5 uşaq böyütmüşəm. 2 qızım və 3 oğlum var idi. Birini daha oğlum saymıram. Ən balaca oğlum 5-ci sinifdə oxuyur”.

Gülbəniz Kərimova qətlin namus üstündə törədilməsi ilə razılşamır:

“Gəlinim namuslu, əxlaqlı biri idi. Aytəngilin Yasamalda evləri var. 2014-cü ildə onun anası və bacısı intihar etdilər. Bir müddət sonra isə ona qarşı olan zorakılıqlara görə, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Aytəni sığınacağa götürdü. Oğlumla yaşayandan sonra əvvəlcə 6-cı mikrorayonda kirayədə qalıblar. Sonra imkanları olmadığı üçün oğlum dedi: “Ana, kirayəni ödəyə bilmirik, gəlib sizdə qalaq”. Mən də etiraz etmədim. Gəldilər, Binəqədidə mənim şəxsi evimdə yaşadılar. Nə Aytənin, nə də nəvəmin sənədləri yoxdur. Aytənin nə səbəblə öldürüldüyünü bilmirəm. Heç nə ağlıma gəlmir ki, hansı səbəblə qardaşı onu öldürsün. Lakin ikinci dəfə görüşdə Aytən Yasamaldakı evlərindən də ona pay düşdüyünü demişdi. Belə ehtimal edirəm ki, ola bilsin, elə ev bölgüsünə görə, qardaşı Babək onu öldürüb”.

Bildirək ki, mərhum Aytənin ailəsində əvvəllər də zorakılıq hadisələri baş verib.

Aytənin anası və bacısının intiharı haqda...

Mərhum Aytənin anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Hadisə Bakı şəhəri, Yeni Yasamal 2, bina 10 ünvanında baş verib.

Kifayət Abbasova evdar qadın olub, yoldaşı Laçın rayonundan qaçqın düşən Asəf Fərzəliyev isə mal-qara alveri ilə məşğul olub.

Bu dəhşətli hadisənin ilkin səbəbi kimi qətlə yetirilən Aytənin evdən qaçması göstərilirdi. Dəhşətli intihar hadisəsinə görə, ailənin başçısı- Aytənin atası 5 il həbsdə olub. O, yoldaşı və qızını ölüm həddinə çatdırmaqda suçlanıb.

Geri qayıt