Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Gəlir gətirməyən bazar: Əhali istiqrazlara da inanmır

Gəlir gətirməyən bazar: Əhali istiqrazlara da inanmır


19-02-2020, 15:34
Gəlir gətirməyən bazar: Əhali istiqrazlara da inanmır
Dövlət birinin qiyməti 100 manat olan 100 min istiqraz satışa çıxarır.

İstiqraz üzrə təklif edilən faiz gəliri 8,5 faizdir. Fevralın 18-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Emissiyanın həcmi 10 milyon manatdır. Emissiya hər birinin nominal dəyəri 100 manat təşkil edən 100 min istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 1820 gündür (5 illik).

Faiz ödənişləri 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il, 27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il, 26 iyul 2022-ci il, 24 yanvar 2023-ci il, 25 iyul 2023-cü il, 23 yanvar 2024-cü il, 23 iyul 2024-cü il və 21 yanvar 2025-ci il tarixlərində həyata keçiriləcəkdir. İstiqrazın əsas vəsaitinin geri ödəmə tarixi 21.01.2025-ci ildir.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət qiymətli kağızları iki cürdür. Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları və Mərkəzi Bank tərəfindən buraxılan qısamüddətli notlar. Dövlət istiqrazları qısa müddətli (1 ilədək), orta müddətli (2-3 il arası), uzun müddətli (5 ildən çox) olaraq buraxılan və əsasən də, büdcə kəsirinin maliyyələşdirilməsi məqsədini daşıyan likvid investisiya alətidir. Mərkəzi Bank tərəfindən buraxılan notlar isə pul kütləsinin tənzimlənməsi aləti sayılır. İpoteka istiqrazları da var ki, əsasən Azərbaycanda fəaliyyət göstərən banklar və İpoteka Fondu tərəfindən buraxılır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya Azərbaycanın istiqraz bazarını şərh edib. O bildirib ki, Azərbaycanda istiqraz bazarı yox dərəcəsindədir:

“Dövriyyədə olan yalnız dövlət istiqrazlarıdır. İstiqraz borcdur. Kimsə kağız buraxır, borc yığır və müəyyən faiz tətbiq edir. Faktiki olaraq bütün dünyada istiqrazları dövlət yox, özəl şirkətlər buraxır və investisiya cəlb edirlər. Azərbaycanda demək olar ki, heç bir özəl şirkət istiqraz buraxmır. Çünki Azərbaycan iqtisadiyyatı kifayət qədər qeyri-səfadır və etimad yoxdur. Bu gün kimin buraxdığı istiqrazı almaq olar? Faktiki bura pul qoyulur. İstiqraz alan niyə kiminsə hərraca çıxardığı 10 faizdən istiqrazı almalıdır? Bunun əvəzinə elə banka 10 faizdən əmanət yatırar və bilər ki, istənilən anda da əmanətini geri çəkər. İstiqrazda isə proses əksinədir, yəni istənilən anda pulunuzu götürə bilmirsiz, müddətin sonuna qədər gözləməyə məcbursuz. Buna görə adətən dünyada istiqrazın faizi bank əmanətlərinin faizindən daha yüksək olur. Azərbaycanda əmanətlərin tam sığortalanmasına görə banklara bir az etibar var. Amma kiminsə buraxdığı istiqrazlara heç kimin etibarı yoxdur. Buna görə ancaq dövlətin istiqrazlarına etibar var. Çünki hamı bilir ki, dövlət təminatçıdır. Bəzən dövlət istiqrazlarına etimad yoxdur. Bir neçə il bundan əvvəl Dövlət Neft Şirkəti istiqraz buraxdı, amma proses çox çətinliklə getdi. O zaman söhbət var idi ki, Neft Şirkəti yenə də istiqraz buraxacaq, amma olmadı, çünki uğursuz oldu. Demək olar ki, SOCAR-ın istiqrazlarını alan çox az oldu. Buna görə Azərbaycanda yeganə istiqraz buraxan elə dövlətdir”.

Azərbaycanda istiqrazlara daha çox kimlərin maraq göstərməsinə gəlincə, ekspert qeyd edib ki, əgər dövlət istiqrazı buraxırsa, deməli ona pul lazımdır:

“Dövlətin marağı pulu cəlb etməkdir, investorun marağı isə gəlir götürməkdir. Təbii ki, dövlət istiqrazlarında həm dövlətin, həm də investorların marağı var. Özəl şirkətlər istəyər ki, 15 faizdən bankdan kredit götürməsin, 8 faizlə əhalidən yığsın. Özəl şirkət istəyər ki, istiqraz buraxsın, amma əhalidə, investorda buna maraq yoxdur. Buna da səbəb etimadın olmamasıdır”.

Əkrəm Həsənov istiqraz gəlirləri üzrə 8.5 faizi məqbul hesab edir:

“Bu gün yan bankların qəbul etdiyi əmanətlər təxminən bu həddədir. Sadəcə banka əmanət qoyanda bilirsən ki, orada əmanətlərin tam sığortalanması var. İstiqrazları əsasən fiziki şəxslər almır. Çünki onlar bura yatırılan vəsaiti sığortalı əmanət kimi banka qoya bilərlər. Buna görə də istiqrazları əsasən hüquqi şəxslər, şirkətlər alacaq. Çünki şirkətlər pullarını banklara yerləşdirəndə bilir ki, onun sığortası olmur. Amma burada pulunu dövlət istiqrazına qoyur və bilir ki, tam təminatı var. Hesab edirəm ki, istiqraz gəlirləri üzrə 8.5 faiz pis deyil. Nəzərə almaq lazımdır ki, bu, Mərkəzi Bankın uçot dərəcəsindən çoxdur”.

Geri qayıt