Əsas Səhifə > Güney Press > Ləğv olunan dairələrə görə ən çox onlar sevindi

Ləğv olunan dairələrə görə ən çox onlar sevindi


14-02-2020, 11:19
Ləğv olunan dairələrə görə ən çox onlar sevindi
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.

Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun öndə olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin birinci olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin ilk sırada olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

Bu arada qeyd edək ki, Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşdə parlament seçkilərinə toxunaraq pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirmişdi:

“Bu kimi mənfi hallara qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun".

Prezidentin çıxışından bir gün sonra MSK toplanaraq seçki tarixinə düşən qərarlar qəbul edərək 4 dairənin nəticələrini ləğv etdi, 10-dan çox dairə ilə bağlı daxil olan müraciətlər isə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.

Nəticələr ləğv olunan dairələrin digər namizədləri sözügedən qərarları sevinclə qarşılayıblar.

Xətai rayonu 33 saylı dairənin namizədi Fuad Abbasov canlı yayım açaraq bildirib ki, MSK-nın bu dəfə qəbul etdiyi qərar Azərbaycanın parlament tarixində görünməmiş bir hadisədir:

“Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub. Bu o deməkdir ki, sözügedən dairədə yenidən seçki prosesi keçiriləcək. Biz bu gündən yenidən fəaliyyətə başlayacağıq və düşünürəm ki, bu dəfə düzgün nəticələr olacaq. MSK-nın bu dəfə qəbul etdiyi qərar Azərbaycanın parlament tarixində görünməmiş bir hadisədir. Bu qərardan çox razıyam, analoqu olmayan sözü bu gün öz yerinə düşür. Hər kəsə təşəkkür edirəm”.

Təşviqat zamanından proseslərin gərgin getdiyi 35 saylı Xətai III Seçki Dairəsində jurnalist Rauf Arifoğlu qalib gəlsə də, Ümid Partiyasının sədri İqbal Ağazadə bir çox pozuntulara yol verildiyini qeyd etmişdi. Odur ki, nəticələrin ləğv olunmasına da reaksiyasız qalmayıb:

“Mən sizin səsinizlə qalib gəlmişdim və əlimizdə protokollar, video-görüntülər var idi. 30 məntəqə üzrə hər birinin nəticəsi ləğv olundu. Azərbaycanın hər bir bölgəsində yaşayan sosial şəbəkə istifadəçiləri bizə güclü dəstək verdilər. Hər birinizə, komandama təşəkkür edirəm. Hüquqşünaslarımıza, ekspertlərə təşəkkür edirəm ki, məsələyə ciddi yanaşıldı. Ən başlıcası isə əvvəlki illərdə olduğu kimi bu dəfə də yanımda olan seçicilərimə minnətdaram”.

74 saylı Lənkəran kənd seçki dairəsinin namizədi Rəvan Bəşirov da nəticələr ləğv olunduqdan sonra Prezidentə təşəkkür edib:

“Hörmətli Cənab Prezident İlham Əliyev və hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyeva, etdiyim müraciəti nəzarətə götürərək 74 saylı Lənkəran Kənd seçki dairəsində seçkilər zamanı baş verən qanun pozuntularının aşkar edilib, dairənin nəticələrinin ləğv edilməsində göstərdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm”.

80 saylı dairənin namizədlərindən olan yazıçı Kəramət Böyükçöl də nəticələr ləğv olunduğu üçün hər kəsə minnətdarlığını bildirib:

“Bayaqdan mənə yüzlərlə zəng gəlir. 80 saylı dairənin nəticələrinin ləğvi olmasına görə hamı məni təbrik edir. Var olun, hər birinizə minnətdaram. Mən də İmişli və Beyləqan camaatını təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm. İstəyimiz azad, demokratik seçkidir. Əmin olun ki, biz buna nail olacağıq. Seçicilərimizin səsini qoruyacağıq. Ən böyük xalqdır. Sadəcə möhkəm olmaq lazımdır”.

Geri qayıt