Əsas Səhifə > Güney Press, Üst manşet > İsfəndiyar Axundov qanunun aliliyi qarşısında:

İsfəndiyar Axundov qanunun aliliyi qarşısında:


23-01-2020, 08:59
İsfəndiyar Axundov qanunun aliliyi qarşısında:
Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs sudan quru çıxmağı bacarıb. Amma cumhuriyyet.az olaraq indi təqdim edəcəyimiz olayın sonu ya İ.Axundovun həbsi ilə bitməli, ya da bu oliqarx Azərbaycanda qanundan və prezidentdən üstün olduğunu göstərməlidir.
“Mur-Ay” MMC aldatdı, “Şərur” MTK öhdəsinə götürdü
2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir. Bu göstərişə uyğun olaraq başqa Bakı şəhər icra hakimiyyəti olmaqla 17 dövlət qurumu və təşkilatı müqavilə imzalamışlar. Şərur” MTK-da həmin müqaviləyə cəlb edilərək üzərinə aşağıdaki öhdəlik qoyulmuş və ona Kənar dairəvi küçəsi 4 ünvanda (hazırda Məhəmməd Xiyabani 11) “Mur-Ay” zərərçəkənləri üçün yaşayış binaları inşa etmək məqsədi ilə 4 hektar torpaq sahəsi və Maliyyə Nazirliyindən 10 milyon manat pul vəsaiti ayrılmışdır. Üzərinə götürdüyü öhdəliyə görə “Şərur” MTK zərərçəkənləri 2 il müddətinə mənzillə təmin etməli idi… Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmələr qərar çıxarır, İsfəndiyar Axundov saymır…
Əslində bu kimi halda dövlət özü İsfəndiyar Axundovdan üzərinə götürdüyü öhdəliyi icra etməsini tələb etməliydi. Çünki ortada dövlət başçısının göstərişi, 17 dövlət qurumunun bir şirkətə güzəştləri və nəhayət hüquqları pozulmuş onlarla vətəndaşın haqqı var idi. Amma “odda yanmaz, suda batmaz” odioza çevrilən İ.Axundov bütün qanunlara məhəl qoymayaraq “toxunulmazlıq” statusunu qoruya bilir. 2018-ci ilin mart-dekabr ayları müddətində zərərçəkmişlər öz haqlarını məhkəmə yolu ilə bərpa etməyə çalışır və beləliklə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Bu qərarlarda “Şərur” MTK-nın zərərçəkənləri mənzillə təmin etməyə borclu qoduğu konkret və adbad göstərilmişdir.
“Şərur” MTK-nın boynunda qalan mənzil sahələri: AUDİT FAKTI
Məhkəmə qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən “Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır.Həmin Aktda gəlinən nəticəni cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Mülki işin materiallarında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş cədvəldə və “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilmiş müqavilələr arasında qeyd olunan iddiaçılara yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi aşkar edilmədi. Beləliklə müəyyən edilir ki, iddiaçılara ümumilikdə 1233,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri-yaşayış sahəsi “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilməmişdir“. Buna baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu “məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir.
Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikir…
Öz təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani 11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı verdi – “mən onları ərəblərə satmışam”. İllər uzunu minbir əziyyətlə, dişi-dırnağıyla topladığı vəsaiti ödəyib, ailələri üçün mənzil almaq arzusunda olmuş Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz məhrumiyyətlərə məhkum etmiş və hazırda qapısından əliboş qaytaran İsfəndiyar Axundov, onlara çatası əmlakları ərəblərə satdığını elə rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi üçün təyin etmişdir.
Ədliyyə Nazirliyində zərərçəkənlərin haqqı tanınır
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qərarda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”.

Sabah artıq Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra və Probasiya şöbəsi birbaşa nazirin və nazir müavininin nəzarəti altında icraya başlayacaq. Ancaq qanunları saymamağa vərdiş edən İsfəndiyar Axundov hələ də özü haqda “məğlubedilməzlik” düşüncəsindən əl çəkmir və qanunlara tabe olmaqdan yayınır. Deyəsən bu tikinti maqnatı unudub ki, Azərbaycanda prezidentin iradəsinin və qanunun aliliyinin qarşısında hamı acizdir. İsfəndiyar Axundov da daha iri oliqarxlar bu gücün təsirini zaman-zaman görüblər. İndi növbə İsfəndiyar Axundova çatıb.

Geri qayıt