Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür?

Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür?


22-01-2020, 15:50
Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür?
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər çərçivəsində deputatlığa namizədlərin təşviqatı davam edir. Təşviqat prosesinin bir hissəsi namizədlərin öz çap materiallarını yayması ilə bağlıdır. Namizədlərin çap materialları həm birbaşa seçicilərin özlərinə təqdim olunur, həm də plakatları müxtəlif yerlərə yapışdırılır. Plakatlar isə həm dairə seçki komissiyasının təklifi ilə yerli icra qurumları tərəfindən müəyyənləşdirdiyi lövhələrdə, həm də qanunvericiliklə qadağan edilməyən digər yerlərdə yapışdırıla bilər (Seçki Məcəlləsinin 87.7-ci maddəsinə əsasən seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Mülki Məcəllənin tələblərinə zidd yerləşdirilməsi qadağandır). Məsələn, əgər hər hansı iaşə müəssisəsinin sahibi namizədə öz obyektinin şüşələri üzərində plakat yapşdırmağa icazə verərsə, namizəd plakatlarını yapşdırmaqla heç bir qanun pozuntusuna yiol verməmiş olar. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi yerlərdə namizədlərin analoji qaydada (qanunla qadağan olunmayan qaydada) yapışdırdığı plakatlar yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən sökülüb.

“Report” bununla bağlı Bakının bir neçə rayon icra hakimiyyətinə müraciət edib.

Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Gülşən Hüseynova "Report"a deyib ki, rayon ərazisində plakatlar dairələr tərəfindən ayrılmış yerlərdə yapışdırılır:

“Onlara nəzarət isə rayon icra hakimiyyətləri tərəfindən həyata keçilir. Bu günə qədər də Yasamal rayonu ərazisində hər hansı plakatın cırılması və ya sökülməsi faktı qeydə alınmayıb. Əgər belə hal olsa, dərhal qarşısı alınacaq”.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Report”a açıqlamasında xatırladıb ki, Seçki Məcəlləsinə əsasən, hər bir namizəd üçün bərabər hüquqlu şərait yaradılmalıdır.

İH rəsmisinin sözlərinə görə, hər bir məntəqənin qarşısında təbliğat-təşviqat lövhələri var: “Ora hər bir deputatlığa namizəd öz şəklini yapışdıra bilər. Şəhərin görkəminə xələl gətirilməməsi üçün namizədlərə məlumat verilə bilər ki, şəkilləri ancaq həmin lövhələrdə yapışdırsınlar. Onlar üçün ayrılan yerlərdən istifadə edə bilərlər. Hər dairədə həm qapalı, həm də açıq təşviqat üçün yerlər ayrılıb. Hər hansı mülkiyyətçi öz ərazisindən ödənişli şəkildə müqavilə bağlanılmaqla namizədə təbliğat-təşviqat üçün yer ayıra bilər. Bu da Seçki Məcəlləsində var. Xətai rayonu ərazisində hansısa namizədin plakatının cırılması və ya sökülməsi faktı qeydə alınmayıb. Bu barədə bizə heç bir məlumat daxil olmayıb”.

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov da “Report”a açıqlamasında vurğulayıb ki, rayon ərazisində hər hansı namizədin plokatının cırılması və ya sökülməsi faktı qeydə alınmayıb.

Geri qayıt