Əsas Səhifə > Güney Press > Azərbaycan qazı gələn ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq

Azərbaycan qazı gələn ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq


9-12-2019, 14:58
Azərbaycan qazı gələn ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil olunan təbii qaz 2020-ci ilin oktyabr ayınadək Avropaya çatdırılmağa hazır olacaq.

“APA-Economics”in “Anadolu Ajansı”na istinadən verdiyi xəbərə görə, bunu Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumunun Xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

TAP-ın bu layihə üçün 4,5 mlrd. avro həcmində investisiya yatırdığını deyən Vüqar Veysəlov layihənin 90,5%-nin tamamlandığını deyb: “Layihənin əsas ölkələri Yunanıstan, Albaniya və İtaliyayadır. Trans-Anadolu qaz kəmərindən (TANAP) alınan 10 mlrd. kubmetr təbii qazı TAP Avropaya nəql edəcək. Lakin bu miqdar tələbatdan və nəqliyyatçıların qərarından asılı olacaq”.

Qeyd edək ki, noyabrın 30-da Edirnenin İpsala rayonunda TANAP kəməri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə TAP-a bağlandı. Mərasimdəki çıxışında Rəcəb Tayyib Ərdoğan Avropaya təbii qaz nəqli üçün TAP-ın ən qısa zamanda tamamlama işlərini başa çatdırmasını vurğulayıb.

Xatırladaq ki, uzunluğu 1 850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

TANAP və TAP “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri ilə birlikdə 40 mlrd. dollar sərmayə ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin dəyər şəbəkəsinə daxildir. Cənub Qaz Dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya ortaqlığı ilə həyata keçirilərkən, gələcəkdə layihəyə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da qatılması gözlənilir.
Geri qayıt