Əsas Səhifə > Güney Press > "Bunu edən bəzi məmurlardır, hansı ki, işləri-gücləri var, amma torpaqları da zəbt ediblər"

"Bunu edən bəzi məmurlardır, hansı ki, işləri-gücləri var, amma torpaqları da zəbt ediblər"


8-11-2019, 18:10
"Bunu edən bəzi məmurlardır, hansı ki, işləri-gücləri var, amma torpaqları da zəbt ediblər"
Uzun illərdir məmurlar tərəfindən zəbt olunan əkinə yararlı torpaqların kəndlilərə geri qaytarılması yenidən gündəmdədir. Ölkə başçısı İlham Əliyev respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadəsinin təmin olunması sahəsindəki problemlərin həllilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə göstərişlər verib. Komitənin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra, hələ sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun dövründən müzakirə edilən məsələnin həllinə dair ümidlər artıb.


Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev danışıb.

E.Quliyev qeyd edib ki, illərdir məmurlar tərəfindən zəbt olunan əkinə yararlı torpaqların kəndlilərə qaytarılması gündəmdədir.

Deputatın sözlərinə görə, ölkə başçısının göstərişlərinə uyğun olaraq, əkinə yararlı torpaqlar məmurlardan birdəfəlik alınacaq:

“Bildiyiniz kimi, cənab Prezident kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinin təmin olunması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə göstərişlər verib. Ölkə başçısının qərarı ilə Komitə İqtisadiyyat Nazirliyinə birləşdirilib və rəhbərlik nazir Mikayıl Cabbarova tapşırılıb. Mən əminəm ki, əkinə yararlı torpaqların zəbt olunması problemi vergi sahəsində böyük dəyişikliklərə, islahatlara nail olan, kiçik sahibkarlığın qarşılaşdığı problemlərin həllinə çalışan İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyilə həll olunacaq. Proseslərin gedişindən bu problemin qısa müddətdə həlli gözlənilir. Hətta kəndlilərə əlavə torpaqların verilməsi məsələsi də var. O cümlədən, əkinə yararlı və hasarlanmış torpaqların yenidən istifadəyə verilməsi nəzərdə tutulub”.

Parlamentari qeyd edib ki, əkinə yararlı torpaqları hasarlayanlar adi vətəndaşlar deyil:

“Bunu edən bəzi məmurlardır, hansı ki, işləri-gücləri var, amma torpaqları da zəbt ediblər. Biz məmurlara qarşı deyilik, amma torpaqlar əkilməlidir. Heyifdir o torpaqlara. Torpaq istifadə edilmədikcə şoranlaşmağa başlayır və yararsız hala düşür.

Hasarlanmış kənd təsərrüfatı təyinatlı torpaqların kəndlilərə qaytarılması, yenidən əkilməsi gündəmdədir. Biz kənd təsərrüfatının inkişafını qarşıya məqsəd qoymuşuqsa, ora mütləq torpaq lazımdır. Dövlət büdcəsindən çox böyük subsidiyalar ayrılıb. 2020-ci ildə 1 milyard manata yaxın subsidiya verilməsi nəzərdə tutulub. Bu çox böyük rəqəmdir və dəyərləndirilməlidir”.

Geri qayıt