Əsas Səhifə > Güney Press > O, masanın ətrafındakı şəxslərin "birliyi" mümkün deyil

O, masanın ətrafındakı şəxslərin "birliyi" mümkün deyil


8-11-2019, 18:04
O, masanın ətrafındakı şəxslərin "birliyi" mümkün deyil
“Müxalifətin yeni birlik formatının yaradılması təşəbbüsü reallaşdırılması mümkün olmayan çürük ideyadır”. Bunu Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, müxalifətin birlik görüntüsü yaratmaq cəhdləri hər dəfə növbəti qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib:

“Dağıdıcı müxalif partiya rəhbərlərinin ambisiyaları, mənəm-mənəmlik iddiaları, qarşılıqlı güzəştlərin istisna edilməsi davamlı birliyin yaradılması ideyasını elə beşiyindəcə boğan səbəblərdir. “Dəyirmi masa”nın ətrafında yanaşı əyləşən şəxslərə baxanda istehza etməmək mümkün deyil. Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, AXCP sədri Əli Kərimli və digərlərin iştirak etdikləri “tədbir”də keçmiş səhiyyə naziri Əli İnsanovun lap başda oturmasını sözün əsl mənasında taleyin ironiyası adlandırmaq olar. Əli İnsanov vaxtilə İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından “faşist”, “nasist”, “genetik xəstə” və s. ittihamları yağdıran birisidir.

Səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağdan-sola, soldan-sağa qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bir daha bu formatın uğursuzluğunu nümayiş etdirən faktordur. Korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, “demokratiya” müzakirələri aparmaları yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər. Öz əqidədaşlarına belə yuxarıdan aşağı baxan radikal müxalifət “başbilənlərinin” onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla yanaşı oturmaları onların prinsipsizliyini göstərir”.

Geri qayıt