Əsas Səhifə > Güney Press > “Gələn il sosial sahədə mühüm artımlar olacaq”

“Gələn il sosial sahədə mühüm artımlar olacaq”


8-11-2019, 16:59
“Gələn il sosial sahədə mühüm artımlar olacaq”
Gələcəkdə minimum pensiya artacağı halda, minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq.

AYNA xəbər verir ki, bu fikirlər iqtisadçı-ekspert Vüqar Bayramova məxsusdur. Onun sözlərinə görə, bu, o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman, 25 il iş stajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər.

“Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq”, - Bayramov bildirib.

Ekspert problemdən çıxış yolu da təklif edib: “Təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini öz üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiyaya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.

Mövzu ilə əlaqədar AYNA-ya açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev pensiyaların, müavinətlərin, maaşların qalxmasını müsbət addım kimi dəyərləndirir: “Təbii ki, mən bunu dəstəkləyirəm. Bütün bunlar insanların rifahının artması üçündür. Bunların hər biri də iqtisadiyyatın durumundan, inkişafından, maliyyə məsələlərindən asılıdır”.

Komitə üzvünün sözlərinə görə, gələn ilki dövlət büdcəsi daha çox sosial yönümlüdür: “2020-ci ilin büdcəsi, həqiqətən mühüm artımlarla yadda qalacaq. Daha çox artım isə insanların sosial vəziyyəti ilə bağlı olacaq”.

Ekspertin təkliflərinə gəlincə, millət vəkili bildirib ki, dövlət qurumları da bu məsələ üzərində müzakirələr aparır: “Milli Məclisdə də bu istiqamətdə fikirlər səsləndirilib. Hər bir halda, müzakirələri davam etdirmək olar”.

Geri qayıt