Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Azad Rəhimovla yaxınam, Elmar Məmmədyarovla uşaqlıqdan tanışıq”

“Azad Rəhimovla yaxınam, Elmar Məmmədyarovla uşaqlıqdan tanışıq”


10-10-2019, 08:52
 “Azad Rəhimovla yaxınam, Elmar Məmmədyarovla uşaqlıqdan tanışıq”
“Yeni Müsavat”ın “Nazir qapısı” rubrikasının ilk həmsöhbəti olmuş mədəniyyət naziri Əbülfəs Qarayevlə müsahibəmizin sonuncu-dördüncü bölümünü təqdim edirik.

ƏVVƏLİ BURADA

- Əbülfəs müəllim, hakim komandada kimləri özünüzə daha yaxın bilirsiniz?

- Bizim hamımız üçün şərəfdir ki, biz İlham Əliyevin rəhbərliyi altında işləyirik. Məmurların arasında elə adamlar var ki, mən onları çoxdan tanıyıram, o insanlarla məsləhətləşmələrə daha çox vaxt ayırıram.

- Yəqin gənclər və idman naziri Azad Rəhimovla daha çox yaxınsınız, eləmi?

- Azad müəllimlə mənim yaxın təmasım var, Elmar Məmmədyarovla uşaqlıqdan tanışıq, burada gizlətməli bir şey yoxdur.

- Bəs, siz gənclər və idman naziri olsaydınız, “Formula-1”-in davamlı şəkildə keçirilməsinə razılaşardınızmı?

- “Formula-1” Azərbaycanın dünya miqyasında tanınması baxımından fövqəladə əhəmiyyət daşıyan bir tədbirdir. Bu gün biz hara gediriksə, bəzi ölkələrin sakinləri, gəncləri haradan olduğumuzu soruşanda və Azərbaycan adını eşidən kimi, “Bakı, Formula” deyib dərhal ölkəmizi tanıyırlar. Düzdür, mən özüm də pəncərənin qarşısında (nazirin pəncərəsi Azadlıq meydanına açılır -E.P.) hərdən o səsi duyuram. Amma bu, reallıqdır. Hər bir hadisənin müsbət və mənfi tərəflərini təhlil edərək onun daha çox müsbətə doğru getdiyini gördükdə, həmin müsbət hadisəni dəstəkləməliyik. Hesab edirəm ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi bizim tanınmağımız, maraqlarımızın nəzərə alınması, apardığımız mübarizədə bizim mövqeyə daha hörmətlə yanaşılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

- Cənab nazir, Azərbaycan ərazisində unikal mədəniyyət nümunələri, tarixi abidlər var ki, ciddi təmirə və təqdimata ehtiyacı var, alban kilsələri və s. Bu məsələlərin həlli turizmin inkişafında da öz sözünü deyə bilər? Sizcə, bu sahədəki problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Azərbaycanda 7 min tarixi əhəmiyyətli abidənin siyahısı var. Onların bir anda düzəlməsi biz nə etsək də, mümkün deyil. Artıq İçəri şəhərimiz, Qobustanımız, bu ildən Şəkimiz dünya mədəni irs siyahısındadır. Bu, olduqca böyük və vacib bir qələbədir. Hər il Azərbaycanda bir neçə tarixi abidə bərpa olunaraq, konservasiya olunaraq saxlanılır və mühafizə olunur. Burda da mən tək bizdən istənilməsini arzulamazdım. Bütün sualları dövlət orqanlarına ünvanlamaq düzgün deyil. Hər bir vətəndaş öz tarixi binalarına, mirasına hörmətlə yanaşmağı bacarmalıdır. Hesab edirəm ki, əgər biz bunlara hörmətsizlik göstəririk, təmir işləri apararkən sökürük, ya üstündə yazırıq, ya üstünə reklam yapışdırırıqsa, sanki öz əcdadlarımıza hörmətsiz yanaşırıq. Bunlar bizim əcdadlarımızdır, nə olsun canlı deyil, binadır, abidədir. Bunu əcdadlarımız yaradıb. Hal-hazırda bir neçə böyük işlər aparılır.

“Qırmızı körpü”də bərpa işləri tamamlanır. Çıraqqala dağılmaq üzrə idi, cənab prezident vəsait ayırıb, biz indi onu bərpa edirik, mütəxəssisləri çağırdıq, onu möhkəmləndiririk. Bunlar hamısı vəsait və mütəxəssis tələb edir. Hesab edirəm ki, ən vacib nöqtələrdə işimizi görürük. Sözsüz ki, mən də istərdim ildə 30-40 abidə bərpa olunsun, saxlanılsın. Amma bu gün təkcə bərpadan getmir. Daha çox söhbət cəmiyyətin bu abidələrə münasibətindən gedir. Əgər onları sındırmasalar, pozmasalar, onların xarici görünüşünə zərər gətirməsələr, bu bina öz-özünə duracaq və bu, onun ictimaiyyət tərəfindən qorunması kimi qəbul olunacaq. O abidələr ki, yerlərdə dağılır, çökür, sözsüz ki, dövlət vəsait ayırır, biz onu təmir edirik. Növbə ilə... Növbə ilə bizim alban kilsələri, həm də bizim tarixi qalalarımızın, digər abidələrimizin bir neçəsinin bərpası ilə bağlı layihələr mövcuddur. Biz bu işə çox ciddi yanaşırıq və nazirliyin prioritet istiqamətləri kimi qəbul edirik.

- Əbülfəs müəllim, suallarımız çox olsa da, bizə ayırdığınız zamanın başa çatdığını nəzərə almaq məcburiyyətindəyik. Yekunda sizin “Yeni Müsavat” və Musavat.com vasitəsilə ictimaiyyətə ünvanlı sözləriniz varsa, buyurun.

- Mən hesab edirəm ki, bu gün mədəniyyət tək hansısa ifaçılıq və yaradıcılıq anlayışı kimi qəbul olunmamalıdır. Mədəniyyət Azərbaycan xalqının tarixən yaşatdığı, formalaşdırdığı, əzizlədiyi və yaratdığı bir məfhum kimi qəbul olunmalıdır. Bizim qarşılıqlı olaraq bir-birimizə, ailələrdə yaşlılara, xanımlara, adət-ənənələrimizə, qida ənənələrimizə, bizim yaşayış tərzinin ənənələrinə hörmətlə yanaşmağımız mədəniyyət deməkdir. Azərbaycan xalqı o xalqdır ki, heç vaxt başqasının mədəniyyətinə əl uzatmayıb, çünki bizim ona ehtiyacımız yoxdur. Azərbaycan xalqının yaratdığı əsərlər, mədəniyyət o qədər zəngindir ki, bizim bədnam qonşularımız daim ondan bir parça kəsib özününküləşdirmək istəyir. Bizim gücümüz mədəniyyətimizdədir, tarixi mədəniyyətimizdədir, bu günün gerçəkliklərindədir, bu gün çiçəklənən, inkişaf edən şəhərimizdədir. Baxın şəhərlərə, şəhərlərin bugünkü mənzərəsini siz görürsünüz. 15-20 il əvvəlki şəhərlərlə müqayisə oluna bilərmi? Yox. Bunlar da mədəniyyətin, mədəni davranışın, mədəni yaşayış tərzinin tətbiqinin nəticəsidir. Hesab edirəm ki, hamımız daxildəki o mədəniyyəti ölkəmizin çiçəklənməsi, xalqımızın rifahı üçün gərək həmişə özümüzdə saxlayaq və onu gücləndirək.

“Azərbaycan xalqı heç vaxt başqasının mədəniyyətinə əl uzatmayıb, çünki ona ehtiyacımız yoxdur”
****

Bu fikirlərin ardınca, Mədəniyyət naziri Əbülfəs Qarayev marağımızı nəzərə alıb kabinetindəki milli ornamentlər haqda məlumat verir. Geniş, işıqlı kabinetin tavanının ətrafını Şirvanşahlar sarayının, divar və masanın bəzi hissələrini isə Möminə xatun və Bərdədəki “Allah-Allah” türbəsinin ornamentləri bəzəyir. Böyük rəssam Səttar Bəhlulzadənin yaratdığı əsərlər də divardan asılıb. Həmçinin kabineti Yunan musiqi ilahəsi bəzəyir. Nazir izahat verir: “Bura Avropanın müasir dizayn və milli ornamentlərin birləşdiyi məkandır. Azərbaycan da mədəniyyətlərarası məsələlərdə bir nömrəli ölkədir dünyada. Bu gün də BMT rəsmi olaraq bəyan etdi ki, Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın ən əsas platformalarından biridir. Düşünürəm ki, əgər mənim bütün tariximi silsələr, bir dənə orda iştirakım mənə yetər”.

Beləcə, rubrikamızın ilk müsahibinə bir daha səmimiyyətinə görə təşəkkür edib ayrılırıq. Nazir növbəti tədbirlərə, bizsə işə tələsirik...

Geri qayıt