Əsas Səhifə > Güney Press > “Nöqsanlara yol verən direktor cəzalandırılmalıdır ki, başqaları da nəticə çıxarsın”

“Nöqsanlara yol verən direktor cəzalandırılmalıdır ki, başqaları da nəticə çıxarsın”


9-10-2019, 18:12
“Nöqsanlara yol verən direktor cəzalandırılmalıdır ki, başqaları da nəticə çıxarsın”
Bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramov məktəb direktorlarından birini qanunsuz şəkildə müəllimlərdən pul yığdığı üçün işdən çıxarıb. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Təhsil sahəsində bu cür qeyri-qanuni halların qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin depuatı Dilarə Cəbrayılova bildirib ki, atılan bu cür sərt addım rüşvətxorluğun, özbaşınalığın qarşısını alacaq:

“Təhsil Nazirliyi öz istiqamətini çox gözəl götürüb. Hər xəbərdarlıq bu cür özbaşınalıq edən şəxslər üçün bir dərsdir. Tək təhsil sahəsində yox, digər sahələrdə də belə işdənçıxarmalar, şiddətli töhmət rüşvətxorluğun, qeyri-qanuni hərəkətlərin qarşısını alır”.

Deputat Pərvin Kərimzadə deyib ki, məktəb direktorları baş verən neqativ hallara görə məsuliyyət daşımalıdırlar:

“Son illər təhsildə aparılan islahatlar, dəyişikliklər sayəsində bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaranıb. Belə bir vaxtda bu cür neqativ halların baş verməsi acınacaqlı haldır. Ölkəmizdə orta ümumtəhsil məktəblərinin səviyyəsinin yüksək standartlara qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Neqativ halların qarşısının alınması istqiamətində təhsil naziri Ceyhun Bayramovun rəhbərliyi ilə daim köklü işlər görülür. Bu il ərzində işlərində yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, 8 məktəb direktoru, 6 direktor müavininin əmək müqaviləsinə xitam verilib.

Unutmaq olmaz ki, məktəb müqəddəs ocaqdır. Burada bəzi xoşagəlməz halların mövcudluğu təhsil sahəsində aparılan islahatlara kölgə salır. Bu ada ləkə gətirənlər layiqli cəzasını almalıdır ki, başqaları da bundan nəticə çıxarsın”.

Geri qayıt