Əsas Səhifə > Güney Press > "Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır"

"Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır"


23-09-2019, 17:58
"Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır"
Son zamanlar sosial şəbəkələrdə “feminizm, yoxsa patriarxalizm?” başlıqlı yazılara olduqca geniş yer verilir.

Təbii olaraq, rəylərdə kişilər qadınları, qadınlar da öz növbəsində kişiləri haqsız çıxarmağa çalışırlar. Hətta kişilər qadınların feminizm adı altında onlara nifrət bəslədiklərini iddia edirlər.

Maraqlıdır, feminizmin, ya patriarxalizm yaxşıdır? Bəlkə normal münasibət üçün bunlardan heç biri əhəmiyyətli deyil? Feminizmin mənfi və müsbət cəhətləri hansılardır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, insanların xarakteri dəyişmir, o, məsələyə münasibət bildirsə belə, heç nə həll olmayacaq:

“Həyatda yaxşı kişi var, pis kişi var. Eyni zamanda yaxşı qadın var, pis qadın var. Hər şalvar geyinənə mən kişi demirəm, hər uşaq doğana da qadın demirəm. Bunun cavabı budur. Azərbaycanın bu saat Dağlıq Qarabağ problemi var. Onu həll eləmək lazımdır. Qarabağdan, onu necə almaqdan danışmaq lazımdır. Kişi arvadını, qızını döyüb, özü bilər, döyüb döyüb də, arvadıdır, qızıdır. Bu problemləri ortaya çıxarmaq lazımsızdır. Mən Marks, Engels, Lenin deyiləm ki, mənim dediyim onlar üçün qanun olsun. İnsanların xarakterini dəyişmək olmaz”.

Müğənni Əli Mirəliyev isə məsələyə münasibətində qadın və kişi bərabərliyinə yaxşı baxmadığını və bunun mümkünsüz olduğunu vurğulayıb:

“Vallah, anama “ana”, atama “ata” demişəm. Atanın öz yeri , adı-sanı, tutduğu mövqe, qadının da öz yeri var. Qadınla kişinin bərabər olması o deməkdir ki, onda onlar Lütfəli ilə Nəsibə olurlar. Qadınla kişi arasında eşq də olur axı. Yəni bu feministlik mənim xoşuma gəlmir. Çünki hər birinin öz öhdəlikləri var. Bərabər olmaz. Kişilərin heç də hamısı qəddar deyil, yumşaqürəkli kişilər də var. Mən bərabərlik məsələsinə pis baxıram”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda feminizm olmayıb və heç vaxt ola bilməz:

“Əslində hər bir anlayışın kökünə enmək lazımdır. Feminizm azad hüquqları qoruyan bir hərəkatdır, qadın hüquqlarını qoruyur. Bu, Avropadan başlayır. Hər bir hərəkatın başlama səbəbi var, təkanverici faktorlar olmalıdır. Azərbaycanda heç bir zaman feminizm olmayıb və ola da bilməz. Çünki Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri bu məsələdə bir qədər fərqlidir. Avropadan fərqli olaraq Azərbaycanda heç bir zaman qadına aşağı dərəcədə baxılmayıb. Kişi və qadın həmişə tərəfdaş, silahdaş olub. Bunu biz dastanlarımızda, nağıllarımızda da görmüşük və bu gün də davam edir. Azərbaycanda qadın hüquqlarının təsis olunmasında, müdafiəsinin əsaslarının qoyulmasında qadınla kişi bərabər iştirak edib. Hətta 1918-ci ildə İstiqlal Bəyannaməsi qəbul olunan zaman onun 4-cü maddəsi hüquqların bərabərliyi barədə idi. Bir qadının hüququnu tanımaq, bir qadına şəxsiyyət , peşəkar mütəxəssis kimi hörmət etmək, onun ailədə ana kimi, həyat yoldaşı kimi rolunu qəbul etmək başqa bir məsələdir. Bu məsələ artıq feminizmi aşır. Bu, bir insanın digər insana bəslədiyi hörmətin göstəricisidir. Bu gün qadınların tələb etdiyi məsələ başqa bir yanaşmadır. Təəssüflər olsun ki, bütün sadaladıqlarımla yanaşı hələ də yanlış təsəvvürlərimiz, yanlış yanaşmalarımız var. Bu düşüncələrə görə, qadın ikinci dərəcəlidir, qadının arzu və istəkləri vacib deyil. Hər hansı bir qadın və ya kişi ailə qurduqdan sonra onun üçün həyat bitmir. Əgər qadın ailə qurursa, bu, onun işləmək, şəxsiyyət kimi inkişaf etmək hüququnu əlindən almır. Bu, bizim Konstitusiyamızda da, mədəniyyətimizdə də var. Bizdə bəzi qondarma təsəvvürlər yaradıblar ki, qadın işləyə bilməz, qadın idarə edə bilməz, qadın siyasətdə ola bilməz , qadın səsini çıxarmamalıdır. Bunlar yanlışdır. Belə deyil və olmamalıdır. Buna qarşı çıxmaq feminizm deyil, feminist düşüncəsi deyil, sadəcə insan hüquqlarının müdafiəsidir. Bunu hər bir şəxs başa düşməlidir. Biz zorakılıq törədən kişidən danışırıqsa, onda bir sual yaranır: “Bu kişiləri kim tərbiyə edir?” Bu kişiləri analar dünyaya gətirib, analar böyüdüb. Deməli, ana oğlunu yetişdirərkən heç bir zaman deməməlidir ki, mənim sözümü eşit, həyat yoldaşının sözünü eşitmə, qadın sözü ilə oturub-durma. Əgər bir ana oğlunun tam bir şəxsiyyət kimi formalaşmasını istəyirsə, bütün gözəl keyfiyyətləri təlqin etməlidir. Qadına hörmət etmək lazımdır. Qadın anadır, bacıdır, məktəb yoldaşıdır, həyat yoldaşıdır. Qadın bütün bu rollara sahibdirsə, kişi qadına hər zaman hörmətlə yanaşmalıdır. Hörmət həmçinin qarşılıqlı olmalıdır. Qarşılıqlı anlaşma olmayan yerdə münaqişə yaranır. Feminizmin humanist feminizm, radikal feminizm kimi müxtəlif qolları var. Heç bir halda bir cins digər cinsə nifrət bəsləməməlidir. Bizdə bu radikalizm heç vaxt olmayıb, olması da yaxşı hal deyil. Ola bilər ki, hər hansı bir qadın öz şəxsi həyatında əks tərəfdən amansızlığa, şiddətə məruz qalıb. Amma bu, onun bütün kişilərə nifrət hissi ilə yanaşmasına əsas vermir. Cəmiyyətin təkcə kişi və ya qadından ibarət olması mümkün deyil. Sadəcə, cəmiyyətin normal təməllər üzərində formalaşması üçün hər iki tərəf bir-birini anlamalı və hörmət etməlidir”.

Geri qayıt