Əsas Səhifə > Güney Press > “İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”

“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”


21-09-2019, 11:24
“İsa Qəmbər mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər...”
Müsavat Partiyasının başqanlığına, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd olmaq istəyən şəxslərin müvafiq ərizə ilə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müraciət etməsinə başlanıb. Bu haqda Təşkilat Komitəsinin sədri Gülağa Aslanlı məlumat verib. Məlumatda deyilir ki, ərizələr QHTK-nin sədrinin adına yazılmalı və bazar günü istisna olmaqla, hər gün saat 12:00-dan saat 17:00-a kimi QHTK-nin sədri Gülağa Aslanlıya və ya onun müəyyənləşdirdiyi Təşkilat Komitəsinin üzvünə təqdim edilməlidir.

Bu arada Müsavat başqanı vəzifəsinə namizədlərin sayının 3-ə çatdığı barədə məlumatlar yayılıb. Bəzi media orqanlarının yazdığına görə, namizədliyini irəli sürən üçüncü şəxs partiyanın Divan üzvü Başxanım Abbaslıdır. Digər iki namizəd isə Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Başxanım Abbaslı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, başqanlığa namizədliyini irəli sürdüyü barədə xəbərlər yanlışdır: “Mən Müsavat başqanlığına namizədliyimi irəli sürməmişəm. Namizədliyimlə bağlı nə rəsmi ərizə ilə müraciət etməmişəm, nə də partiyanın Divan iclasında bu barədə rəsmi mövqeyimi bəyan etmişəm. Sadəcə olaraq hələ qurultayın günü təyin olunmamışdan xeyli əvvəlki dövrlərdə partiyada məni qane etməyən idarəçilikdən narazılığımı Divan iclaslarında dilə gətirəndə ya zarafatla, ya da hirsli şəkildə bəyan etmişəm ki, xoşagəlməzlikləri aradan qaldırmaq üçün başqan özüm olacağam. Görünür, mənim bu sözlərimi əsas tutaraq başqanlığa namizədlərdən birinin də mən olduğumu düşünüblər və mediaya da açıqlama veriblər. Lakin bir daha deyirəm ki, mən başqanlığa namizədliyimi nə yazılı, nə də şifahi şəkildə rəsmi olaraq irəli sürməmişəm. Hələ ki, prosesin gedişini izləyirəm. Gedişatdan asılı olaraq addım atacağam. Hələ fikirləşirəm. Belə görürəm ki, başqanlığa namizədlərin sayının çox olmasını istəyirlər. Yəqin hazırkı başqanın lehinə olmayan səslərin bölünməsi üçün bunu istəyirlər. Amma bu da bir seçki taktikasıdır və qeyri-adi nə isə yoxdur. İkincisi, Müsavat başqanlığına və digər seçkili orqanlara istənilən Müsavat üzvü namizədliyini irəli sürmək hüququna malikdir. Heç kimə qadağa yoxdur”.

B.Abbaslı onu da dedi ki, Müsavatda seçkilərin demokratik keçiriləcəyinə şübhə etmir: “Mən keçən qurultayda da demişəm ki, Müsavatda başqanlığa və digər seçkili orqanlara seçkilər demokratik, şəffaf keçirilib və keçirilir. Müsavatda seçkilər gizli səsvermə ilə keçir. Mən heç vaxt bu cür seçkilərə şübhə ilə yanaşa bilmərəm. Müsavatda seçkilər şəffaf olur. Müsavat partiyasının fərqi və böyük nailiyyəti odur ki, seçkiləri şəffaf keçirir. Sadəcə, seçkiyə qədər ki, dövrdə təbliğat aparmaq, insanlarla görüşlər keçirmək, onların səsini qazanmaq məsələsi başqa məsələdir.

Yəqin ki, bu dəfə də Arif Hacılı seçkidə qalib gələcək. Çünki işlər o istiqamətə gedir. İsa Qəmbərin isə yenə də Arif Hacılını dəstəkləyəcəyi ehtimalı yüksəkdir. Mən keçən seçkilərdən sonra İsa Qəmbərə dedim ki, niyə elə mütləq Arif bəy olmalı idi? Mənə bildirdi ki, başqa daha yararlı və dəyərli namizədini göstər".

Onu da qeyd edək ki, B.Abbaslı Müsavat başqanlığına sabiq namizəd, AĞ Partiyanın sədri Tural Abbaslının anasıdır. Partiya başqanı seçkiləri oktyabrın 12-də Müsavatın IX qurultayında keçiriləcək.

Müsavatın hazırkı başqanı Arif Hacılının isə namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyi deyilir.

O, nizamnaməyə əsasən, ikinci müddət üçün Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.

Geri qayıt