Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Milli Şuranın mitinq oyununun pərdəarxası

Milli Şuranın mitinq oyununun pərdəarxası


17-09-2019, 09:06
Milli Şuranın mitinq oyununun pərdəarxası
Milli Şura 28 sentyabra mitinq təyin edib. İqtidar-müxalifət arasında sentyabrın 11-də keçirilən dəyirmi masadan dərhal sonra AXCP-nin “forpostu” olan qurumun verdiyi qərar müzakirələrə səbəb olub.

Belə fikirlər var ki, həmin tədbirin əhəmiyyəti və nəticələri radikal mövqeli Əli Kərimlinin ürəyincə olmadığı üçün belə bir addım atıb. Xüsusilə müxalifətin mitinq meydanı kimi tanınan “Məhsul stadionu”nun təmirə bağlandığı bir vaxtda mitinq qərarının verilməsi və aksiyanı keçirmək üçün üç metro stansiyanın qarşısının göstərilməsi ciddi suallar doğurub. 28 sentyabr bu qüvvələrin “mitinq oyunu” hesab edilir.

Belə bir versiya da var ki, anti-Azərbaycan qüvvələrin bilavasitə tapşırığı əsasında payızda ölkədə xaotik proseslər yaratmaq cəhdləri haqda hələ yay aylarında danışılırdı. Bu səbəbdən Milli Şuranın seçdiyi tarix isə təsadüfi sayılmır. Belə ki, Avropada “söyüş müxalifəti” və digər dairələr Azərbaycanda noyabr ayında “inqilab” baş verəcəyi barədə qızğın təbliğat aparırlar. Ehtimal edilir ki, MŞ bu küyə qoşulmağa qərar verib.

11 sentyabrdakı iqtidar-müxalifət dialoqunun təşkilatçısı olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı belə bir ərəfədə mitinq qərarının düşündürücü olduğunu söylədi: “Bu məlumatı eşidəndən sonra düşünməli oldum. Əli Kərimlinin Qənimət Zahidə vermiş olduğu müsahibəni də dinlədim. Orada əslində bizim parlamentdə səsləndirdiyimiz, hökumətin bu istiqamətdə verdiyi vədlərin, tibbi sığorta, uşaq pulu ilə bağlı məsələlərin mitinqdə əsas çağırışlardan olacağını önə çəkdi. Özünəməxsus formada bunları əsaslandırmağa çalışdı. Hər zaman dediyi fikirləri bir daha təkrar etdi. Götür-qoy edib belə fikirləşdim ki, bu təsadüfi deyil. Çünki sentyabrın 11-də keçirilən dəyirmi masa uğurla başa çatdı. Orada iştirak edənlər sonda ciddi xarakter daşıyan bəyanatı imzaladılar. Beləliklə, iqtidarın ciddi təmsilçisi olan Əli Əhmədovun, bir çox tanınmış siyasi partiyaların, vətəndaş institutunun təmsilçilərinin, media rəhbərlərinin, müstəqil ekspertlərin də iştirakı ilə keçirilən bu dəyirmi masa iqtidar-müxalifət arasında mövcud soyuqluğun aradan qaldırılmasına və onların bundan sonra dialoq xarakterli görüşlərin keçirilməsinə bir cığır açdı. Demək olar ki, biz buzu sındırdıq. Ən azından ciddi bir sənədə imza atdıq. Orada Əli Əhmədovdan başlamış ekspertlərə qədər hər kəsin imzası var. Rəsmi sənəd kimi iradəmiz nümayiş etdirildi. Barışığın, iqtidar-müxalifət arasında normal münasibətlərin yaranmasına və inkişafına xidmət edən bu dəyirmi masadan sonra Əli Kərimli və onun arxasında dayanan qüvvələr ciddi şəkildə narahat oldular. Çalışırlar ki, dövlətin təhlükəsizliyi, cəmiyyətin, xalqın maraqları üçün əhəmiyyətli bir başlanğıcın sonrakı gedişinə mane olsunlar, buna imkan verməsinlər. Çünki Əli Kərimli Azərbaycanda xaosun, anarxiyanın yaradılmasının təşkilatçılarından və təbliğatçılarından biri və ya birincisidir. O, öz ətrafı, Amerika və Avropadakı imkanları ilə özünün pozuculuq fəaliyyətini aparmaqda israrlıdır. Bu baxımdan onun mitinq təyin etməsi təsadüfi deyil. Niyyət başlamış olan işə mane olmaq, cəmiyyətdə gərginliyi saxlamaq, siyasi partiyaların bir yerdə olmasına imkan verməmək, gələcəkdə bu və ya bunabənzər görüşlərin, dialoqların keçirilməsi üçün atacağımız addımlara mane olmaqdır. Bunun başqa niyyəti yoxdur. Nəzərə alaq ki, Əli Kərimli də yaxşı bilir ki, ”Məhsul stadionu"nda təmir işləri gedir. Bunu bilə-bilə üç yer deyib. Bu yerlər də metrostansiyaların önüdür. Öz kiçik ətrafı ilə orada metroda olan insanları da ora cəlb etmək və bununla böyük görüntü yaratmaq istəyir. Sonra da öz ağalarına göstərmək istəyir ki, görün nə qədər geniş imkanlarım, sosial bazam var. Başqa bir tərəfdən, yaxınlarda eşitdim ki, haradasa sosial sorğu keçirilib. “Azərbaycanda radikal müstəvidə kim liderdir” adlı sorğuda İlqar Məmmədov önə çıxıb. Bu da Əli Kərimlini narahat edir. Bunun üçün də İlqar Məmmədovu qabaqlamaq, onu sıxışdırmaq üçün bu cür yollara əl ata bilər. Təbii ki, cəmiyyətdə narazı adamlar da var. Amma bu narazı adamlar Əli Kərimlinin sosial dayaqları, onun partiyasının üzvləri deyil. Belə olmasına baxmayaraq, o, bu insanlardan da istifadə etmək istəyir. Kim tibbi sığortadan, uşaq pulundan narazıdırsa, bu cür məsələləri qabartmaqla onları mitinqə cəlb etməyə çalışır. Bu baxımdan Kərimli anarxist mövqelərə sadiq qalaraq Azərbaycanda bu funksiyanı yerinə yetirməkdədir. Təyin olunmuş mitinq təsadüfi sayıla bilməz".

Deputat noyabrda Azərbaycanda inqilabın olacağı barədə xaricdən başladılan təbliğat kampaniyasının içərisində AXCP liderinin olduğunu da qeyd etdi: “Baxmayaraq ki, özünü radikal deyil, prinsipal siyasətçi kimi təqdim etməyə çalışır, amma onun hərəkət və davranışlarında tamamilə radikallıq var. Söykənmiş olduğu təbliğat ruporları da eyni şəkildə radikallığı nümayiş etdirir. Ən müxtəlif çağırışlar fərqli adamlar vasitəsilə önə çəkilir. ”2019-cu ilin noyabrında Azərbaycanda inqilab olacaq, inqilab olmalıdır" çağırışları edənlərlə Əli Kərimlinin arasında bərabərlik işarəsi qoymaq lazımdır. Onların biri digərini tamamlayır. Əli Kərimli elə yerlərə mitinq salıb ki, həmin yerlərə kənardan adamları gələ bilər. Təbii ki, icazə vermək səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bununla bağlı nəsə demək səlahiyyətim yoxdur. Hər bir halda orada qarşıdurma yaratmaq niyyəti var və buna start verilib. Noyabr ayına qədər Əli Kərimlinin arxasında duran qüvvələr bu imkanlardan istifadə edib Azərbaycana qarşı təzyiqlərini daha da gücləndirirlər. Filankəsi polis vurdu, filankəs əzildi yaxud başı yarıldı, başqa birisi inzibatı məsuliyyətə cəlb olundu kimi şayiə, böhtan xarakterli məlumatlar yaymaqla təzyiqlər göstərməyə çalışacaqlar. Eyni zamanda “söyüş müxalifəti”, ermənilərin içərisində yer alanlar da bu prosesdə iştirakçı olacaqlar. Əslində Əli Kərimli bu hərəkətləri ilə ermənilərin maraqlarına xidmət edir. Sentyabrın 28-dən başlayan ssenari noyabrın ortalarında və ya axırlarında onların düşündüyü nəticəni verməlidir. Əsas niyyət budur. Amma tamamilə əminəm ki, Azərbaycan dövləti güclüdür. Qanunlara söykənərək, hər bir vətəndaşın hüquq və azadlıqları nəzərə alınmaqla sabitlik üçün bütün funksiyalar həyata keçiriləcək. Buna əminəm. Eyni zamanda ona da əminəm ki, xalqımız Əli Kərimli və onun havadarlarına Azərbaycanı Suriyaya çevirmə cəhdlərinə imkan verməyəcək. Ölkəmizdəki bütün siyasi partiyalar da bu xaosa sürüklənən ssenariyə qarşı öz qəti mövqelərini nümayiş etdirəcəklər. Çünki bu, dövlətçiliyimizin taleyidir. Təhlükəsizliyimiz üçün də bu çox vacibdir".

Tural Abbaslı: “Bununla insanların gözləri qorxudulur”
İqtidar-müxalifət görüşündə iştirakçılardan olan Tural Abbaslı da maraqlı mövqe sərgilədi: “Ümumiyyətlə, mitinq keçirmək hər bir siyasi partiyanın, vətəndaşın və vətəndaş cəmiyyətinin hüququdur. Bu hüquq məhdudlaşdırıla bilməz. Biz AĞ Partiya olaraq, demokratiya, dövlətçilik, konstitusiya naminə keçirilən istənilən mitinqi dəstəkləyirik. Amma bilirsiniz ki, müxalifətdaxili bəzi nüanslar yaranıb. Bu nüanslar nəticəsində biz iqtidardan daha çox, müxalifətdaxili məsələləri müzakirə edirik. Yaxınlarda dəyirmi masa keçirildi. Orada bəzi partiyalar iştirak etdi, bəziləri bundan imtina etdi. Dəvət olunanlar və olunmayalar da oldu. Biz AĞ Partiya olaraq orada iştirak etdik və tədbirdə iştirak etməyənləri qınamadıq, fəaliyyətlərini təftiş etmədik. Bu düşüncədə də heç zaman olmamışıq. Hər bir partiyanın strukturları öz qərarlarını verir və buna cavabdeh olurlar. Təəssüflə qeyd edim ki, bəzi partiyalar orada iştirak edən müxalifət partiyaları haqqında məntiqsiz, mənasız və qərəzli fikirlər yaymağa çalışırlar. Dəyirmi masada müxalifət partiyalarının olmadığını bildirirlər. Onlar köhnə adət-ənənələrinə sadiq qalaraq, hansısa müxalif quruma lisenziya vermək kimi haqqı özlərində görürlər. Halbuki bu səlahiyyəti onlara heç kim verməyib. Onların bir çoxunun cəmiyyət daxilində nüfuzları da yoxdur. Adama deyərlər ki, sən iştirak etməmisənsə, bu, öz işindir, başqaları ilə nə işin var? Get öz partiyanın fəaliyyətini, qərarlarını təftiş et. Bu tədbir bəzi partiyaların iş görmədiyini, imitasiya etdiyini göstərdi. Eyni zamanda real iş görmək yox, müxalifətdə liderlik uğrunda mübarizə apardığını sübut etdilər. Onsuz da uzun illərdir bəzi partiyalar müxalifət daxilində liderlik uğrunda yarışırlar. Bununla özləri özlərinə ad verirlər. Necə ki, zamanında ”Toylar kralı" verilişi var idi. Bunlar da bu cür yollarla özlərini kral elan edirlər.

Bu partiyalar əgər doğru-dürüst mübarizə aparmaq istəyirlərsə, o zaman nə üçün mitinq adı altında guya iş görürmüşlər kimi görüntü yaradırlar?

Heç kəsə sirr deyil ki, həmin tədbirdə iştirak etməyən partiyalardan biri mitinqə müraciət edib. Məlum olduğu kimi, mitinq üçün göstərilən yerlərdə 20 ilə yaxındır mitinqlərə icazə verilmir. Ümumiyyətlə, hakimiyyət elə məsələlərdə çox radikal davranır, həbslər edir, inzibati cəzalar verir. Məhz indi həmin yerlərə müraciət olunub. Düzdür, bu gün hakimiyyət “Məhsul stadionu”nu təmirə bağlayıb. Əgər sən real mitinq keçirmək istəyirsənsə, məqsədin imitasiya deyilsə, müxalifətdaxili intriqaları yaratmaq deyilsə, cəmiyyəti mübarizəyə yönləndirməkdisə, real, icazə verilməsi mümkün olan yerlərə müraciət edib, icazə almaq olar. Necə ki, zamanında bu cür yollardan dəfələrlə istifadə olunub. İndi o yerlərə müraciət edilib ki, icazə verilməyəcəyi hər kəsə məlumdur. Burada ola bilər ki, insanlar razılaşdırılmamış aksiyalara çıxsınlar, həbs olunsunlar, gündəm dəyişsin, bunlar onlara qarşı repressiyaların olduğu görüntüsünün yaratsınlar. Bununla insanların gözləri qorxudulur. Bu, mübarizəyə töhfəmi verir? Necə ki, onlar bizim addımlara qiymət verirlər, biz də onların addımlarına qiymət verməliyik. Sizlərin mitinq keçirmək üçün deyil, imtina almaq üçün mitinqə müraciət edəcəyiniz açıq görünür. İnsanların aldadılmasının tərəfdarı olmamışam, olmaram da. İnsanları real mübarizəyə cəlb etmək lazımdır".
“Yeni Müsavat”

Geri qayıt