Əsas Səhifə > Güney Press > “Bu görüşü iqtidar-müxalifət və xalq dialoqunun başlanğıcı saymaq olar”

“Bu görüşü iqtidar-müxalifət və xalq dialoqunun başlanğıcı saymaq olar”


11-09-2019, 15:13
“Bu görüşü iqtidar-müxalifət və xalq dialoqunun başlanğıcı saymaq olar”
“Uzun müddətdən sonra təşkilatçısı birbaşa hakim partiya olmasa da, iqtidar və müxalifətin dəyirmi masa ətrafında toplaşmasını müsbət qiymətləndirirəm”.

Bu sözləri musavat.com-a AĞ partiya başqanı Tural Abbaslı “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən “dəyirmi masa”da iştirakı ilə bağlı danışarkən bildirib.

Partiya sədri qeyd edib ki, müzakirə mövzusu “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” olsa da, sonda qəbul olunan bəyanatda Qarabağ məsələsi, ölkədə siyasi-iqtisadi islahatların aparılması, dövlətçiliyə qarşı təhlükələrə birgə dayanmaq barədə məqamlar öz əksini tapıb.

T.Abbaslının fikrincə, iqtidar və müxalifətin birgə həll etməli olduğu kifayət qədər məsələlər var: “Artıq müxalifətin də dövlətçiliyin təhlükəsizliyinin tərkib hissəsi olduğunu dərk etmək zamanıdır. Elə müzakirələr zamanı da bu fikirlər səsləndi ki, Azərbaycan siyasətinin bu vəziyyətə qoyulmasının nəticəsində xarici təhdidlər qarşısında aciz qalmışıq. Əgər güclü iqtidar varsa, güclü müxalifət də olmalıdır”.

AĞ partiya liderinin sözlərinə görə, dəyirmi masalar təşkil olunarkən müxalifət partiyaları arasında ayrı-seçkilik qoyulmasının tərəfdarı deyil: “Cəmiyyətdə qəbul olunan bütün müxalif siyasi təşkilatlar dəvət edilməlidir. Biz problemləri qəzet səhifələrində, sosial şəbəkələrdə təhqirlə yox, masa ətrafında apardığımız polemika ilə həll etməliyik. Hakimiyyət hə nə qədər problemlər olmadığını iddia edəcəksə, bir o qədər real problemlər dərinləşəcək, böyüyəcək. Bu baxımdan, iqtidar problemlərin olmasını qəbul etməlidir.

Ümumilikdə hesab edirəm ki, bu dəyirmi masanı iqtidar-müxalifət və xalq arasında dialoqun başlanğıc cəhdi kimi qiymətləndirmək olar. Çünki görüşdə QHT, media da təmsil olunurdu. Biz müxalif partiya olaraq həmişə dialoqun, dəyirmi masaların təşkilinin tərəfdarı olmuşuq. Yetər ki, bu müzakirələr nəyinsə xatirinə təşkil edilməsin, səmimi dialoq mühiti yaransın, konkret problemlər dilə gətirilsin”.
musavat.com

Geri qayıt