Əsas Səhifə > Güney Press > ABŞ-ÇİN: Fəlakət təxirə salınır

ABŞ-ÇİN: Fəlakət təxirə salınır


14-08-2019, 17:16
ABŞ-ÇİN: Fəlakət təxirə salınır
ABŞ Ticarət Nazirliyi bəzi Çin məhsullarına sentyabrın 1-dən əlavə vergi tətbiq etmək barədə qərarın dekabrın 15-dək təxirə salındığını açıqlayıb. Bu barədə məlumat ABŞ ticarət rəsmilərinin Çinin Ticarət Nazirliyinin vitse-prezidenti Liu He ilə telefon danışığından bir qədər sonra açıqlanıb. Qeyd edilib ki, ABŞ-ın bu addımı səhiyyə, milli təhlükəsizlik və digər amillər səbəbindən qərara alınıb. Məhsullar arasında mobil telefonlar, noutbuklar, oyun proqramları, bəzi oyuncaqlar, kompüter monitorları, ayaqqabı və geyimlər yer alıb.

Bu arada ABŞ prezidenti Donald Tramp sosial media hesabında Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını satın alacağını ifadə edərək bildirib ki, Pekinin indiyə qədər etdikləri ilə söylədikləri üst-üstə düşməyib. D. Tramp əlavə edib ki, bəlkə bu dəfə fərqli olacaq.

ABŞ-ın bəzi Çin məhsullarına tətbiq etmək niyyətində olduqları əlavə vergi qərarını təxirə salması dünya bazarında neftin qiymətinin atmasına səbəb olub. Brent markalı neftin bir barelinin qiyməti 4.5 faiz qalxaraq, 61.38 dollar təşkil edib. ABŞ birjalarında da qiymət artımı müşahidə edilir. Dow Jones birjasında qiymət 1.7 faiz yüksəlib. Qiymətlər NASDAQ-da 2 faiz, S&P 500 hərracında isə 1.66 faiz artıb.

Ehtimal etmək olar ki, Trampın Pekinlə münasibətləri bir qədər mülayimləşdirmək qərarı aralıq müddət üçün nəzərdə tutulub. Belə ki, Vaşinqton-Pekin münasibətlərində ciddi problemlər hələ də aradan qalxmayıb.

Çin ABŞ-ın kənd təsərrüfatı sektorunu hədəf alır. ABŞ-da kənd təsərrüfatının zəifləməsi amerikalı fermerlərin maraqlarına zərbə vurur. Fermerlər isə Donald Trampın əsas elektoratı hesab edilir. Odur ki, Tramp fermerlərə əlavə kreditlər ayırmaqda israrlıdır. Bu isə Trampın siyasi rəqiblərinin prezident əleyhinə təbliğat aparmasına imkan yaradır. Araşdırmaçılar əmindirlər ki, bu müharibə daha çox siyasi xarakter daşıyır, yəni "rəqəm müharibəsi"ndən çox "əsəb müharibəsi"dir. Amma onun amerikalıların həyat tərzinə ciddi mənfi təsiri gözlənilmir. Sadəcə, ABŞ yerli şirkətləri Çin mallarından qorumaq istəyir və onların mövqeyinin dünya bazarında olduğu kimi, yerli bazarda da zəifləməsini istəmir.

ABŞ-ın vergi tətbiq etmək istədiyi məhsullara nəzər yetirsək, görərik ki, bura elektrik malları (soyuducu, tozsoran, paltaryuyan və s.) ilə yanaşı, geyim malları, o cümlədən ayaqqabılar daxildir. Həmin ayaqqabılar isə Çində istehsal olunsa da, Amerika brendləridir. Əgər, əlavə gömrük vergiləri bütün ABŞ-Çin məhsullarını əhatə edərsə, bazarlar cavab olaraq ani və kəskin düşərsə, qlobal iqtisadiyyat 2021-ci ildə 600 milyard dollar azala bilər. 2021-in ortalarında gömrük tariflərinin qarşılıqlı olaraq 25%-ə yüksələcəyi təqdirdə Çinin istehsalının 0.8%, ABŞ-ın 0.5% düşəcəyi nəzərdə tutulur.

Beləliklə, hazırda maliyyə bazarları ticarət müharibəsi ilə dalğalanır.

Sərmayəçilər son “təxirə salmaq qərarı”na ümid edirlər. Lakin əgər bu qərar qısamüddətli olarsa, "Apple" kimi dəyəri yüksək olan şirkətlər əlavə gömrük vergilərindən zərər görərsə, maliyyə bazarlarının çökə biləcəyi də ehtimal olunur. Bu vəziyyətdə 2021-in ortalarında Çin iqtisadiyyatına 0.9%, ABŞ iqtisadiyyatına 0.7%, qlobal iqtisadiyyata isə 0.6 % təsir göstərə bilər. Birjaların düşməsi ilə sərmayə və istehlak xərcləri də azala bilər. ABŞ-ın Çinə iqtisadi basqısı təkcə rüsumlarla müşahidə olunmur. ABŞ-ın texnologiya firmaları daha sərt tənzimləmə nəzarətinə düçar ola bilər, çünki Vaşinqton çinlilərin iki təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır, milli təhlükəsizliyə təhlükə mövzusunda ABŞ-Çin tədarükləri zəncirini diqqətlə yoxlayır. "İki təyinatlı" mal və xidmətlərə mümkün ixracat nəzarəti yüksək istehsallı mikrosxemlərdən başlayaraq, süni intellekt sahəsindəki araşdırmalara qədər bir çox korporasiyalar üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Birləşmiş Ştatlar artıq Çin yatırımları və strateji sektorlarda araşdırmalar üçün maneələr yaradır. Vaşinqton eyni zamanda Yaponiya, Kanada, Avropa dövlətləri, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Tayvanda fəal lobbiçilik işi apararaq onların Çinin "Huawei" və ZTE kimi aparıcı texnoloji şirkətləri ilə bağlarının zəifləməsinə çalışır.

Sıradakı iki il məlumatların ötürülmə sürətini və internetə bağlanma mənzərəsini kökündən dəyişə bilər. Artıq bu sahələrdə ABŞ və Çin arasında kəskin rəqabət gedir. "Huawei" və ZTE texnoloji infrastruktura və 5G-yə söykənməklə standartlar hazırlayan azsaylı yüksək texnologiyalı şirkətlər sırasında olduğundan Tramp hökuməti mümkün hər şeyi edir ki, əsas strateji rəqibini sıradan çıxarda bilsin.

ABŞ özünün bütün iqtisadi səylərini Çinə cəmləşdirsə də, avtomobillərə Amerika rüsumlarının tətbiqi, habelə ABŞ və Ümumdünya Ticarət Təşkilatının ( ÜTT) başqa aparıcı ölkələri arasında qarşıdurmanın beynəlxalq iqtisadiyyat üçün ciddi nəticələri olacaq. ABŞ administrasiyası güclü zərbələrin təcavüzkar taktikasına əl atmaqdan çəkinmir. Ağ Ev milli təhlükəsizlik maraqları ilə idxal avtomobillərinə (bu, ABŞ-ın xarici ticarət kəsirinin artmasının əsas səbəbidir) rüsum hədəsi gəlsə də, ABŞ ixracatçılarının daha rəqabət qabiliyyətli olduqları kənd təsərrüfatı kimi sektorlarda mühüm güzəştlər olmasa, ticarət sövdələşməsinə getməyəcək. Birləşmiş Ştatlar habelə tərəfdaşlarının Çinlə azad ticarət haqda saziş bağlamaq istəyini dəf etməkdən ötrü ikitərəfli ticarət sazişlərindən istifadə edə bilər. Almaniya “avtomobil amili”nə görə ABŞ-la ticarət savaşında hamıdan çox uduzur. Lakin Berlin Avropa Birliyi və xüsusən də Fransanı Ağ Evi razı sala biləcək güzəştlərə getməyə vadar edə bilmir.

Çin və ABŞ arasında ticarət savaşı bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Bu gərginlik böyük dövlətlər arasında artıq formalaşmış əlaqələri zəiflədə bilər. Özü də bu, yalnız iqtisadi sahəni əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur. Belə çıxır ki, qlobal "ticarət müharibəsi", ümumiyyətlə, dünyanın mövcud nizamını poza bilər. Bunun nəticəsi olaraq isə beynəlxalq sistemdə yeni problemlərin meydana çıxacağı ehtimalı yaranır. Bu dərəcədə geniş təsirə malik prosesin hansı məqsədlə körükləndiyi də tam aydın deyil. Əgər bu, bütövlükdə antiqloballaşma hərəkatdırsa, onda daha səmərəli alternativ irəli sürülə bilərdi. ABŞ-Çin qarşıdurması dünya ticarətini xaosa apara biləcək xətt üzrə inkişaf edir.

ABŞ-Çin ticarət savaşı bütün dünyaya təsir göstərir. Şübhəsiz ki, Azərbaycana da bu savaş öz təsirini göstərə bilər. Ticarət savaşı bu iki nəhəng dövlətin iqtisadi inkişaf templərinə mənfi təsir edir, bu isə ümumilikdə dünya iqtisadiyyatının geriləməsi ilə nəticələnir. Qlobal iqtisadi inkişafın zəifləməsi avtomatik olaraq xammala tələbatı azaldır, bu da Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin düşməsi anlamına gəlir.

Deməli, bütün dünya üçün risk faktoru artır. Qlobal "ticarət müharibəsi" bu meyli daha da gücləndirir. Risklərin və intensivliyin artması ilə dünya siyasəti daha çox qeyri-müəyyən vəziyyətə transformasiya olunur. Təbii ki, belə olan halda beynəlxalq münasibətləri tənzimləmə mexanizminin hüquqi aspekti də müəyyən çətinliklərlə üzləşir. Hətta bir sıra məqamlarda o işləmir. Buradan ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa qarşı fəaliyyət göstərməsi ehtimalının da artdığını demək olar. O cümlədən terrorizmin və radikalizmin yüksəlişi gözləniləndir. Yəni getdikcə gərginləşən qlobal geosiyasi vəziyyətdə hər an regional müharibələr alovlana bilər. Ölkələr bunu nəzərə almaq məcburiyyətindədir.

APA Analytics

Geri qayıt