Əsas Səhifə > Güney Press > Soçi görüşü niyə təxirə düşdü?

Soçi görüşü niyə təxirə düşdü?


14-08-2019, 13:05
Soçi görüşü niyə təxirə düşdü?
Xəbər verdiyimiz kimi, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

Prezidentlərin Soçi görüşünün gerçəkləşməməsinə səbəb Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar ola bilərmi?

Sayca 3-cü olan Soçi görüşünün əhəmiyyəti nədir? Hər hansı sənədin imzalanması nəzərdə tutulubmu?

Modern.az saytı prezidentlərin Soçi görüşünün təxirə salınmasının səbəblərini ekspertlərlə müzakirə edib.

Politoloq Zərdüşt Əlizadə Soçi görüşünün təxirə salınmasına dair ehtimalların çox olduğunu bildirib:

“Ehtimallardan biri odur ki, Amerika və İsrail İrana qarşı hər hansı hərbi əməliyyatlara başlamaq fikrindədir. Təbii, bu məsələdən Rusiya xəbərdardır. Görünür, məsələni kənarda saxlamaq üçün görüşün təxirə salınmasını məsləhət görüb. Hər halda, bu da bir ehtimaldır. İkincisi, görünən odur ki, daha vacib bir iş olduğu üçün görüş təxirə salınıb. Ümumilikdə, bu görüşün keçirilməsinin əhəmiyyəti böyükdür”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya Amerikanın İrana sanksiyalar tətbiq etməsi məsələsində İrana dəstək versə də, heç də kömək etməyi düşünmür:

“Rusiya və İran arasında sıx əlaqələr mövcuddur. Rusiyalı rəsmilər iranlı həmkarları ilə tez-tez görüşürlər. Məsələn, Amerika İrana sanksiyalar elan edəndən sonra İranın xarici işlər naziri Rusiyaya səfər edərək, Putinlə görüşmüşdü. Rusiya prezidenti Putin də İrana mesaj göndərdi ki, bütün problemlərin həllini məndən gözləməyin. Dolayı yolla izah etdi ki, “yanğınsöndürən maşın deyilik ki, hər yerə qaçaq”. Bu, İranın rəsmilərinə də bəllidir. Azərbaycanla Rusiyanın münasibətləri normaldır. Rusiyanın bildirdiyinə görə, görüşün təxirə salınması sırf texniki məsələlərlə bağlıdır”.

Ekspert Rusiyanın görüşün təxirə salınmasına səbəb kimi texniki məsələni bəhanə gətirdiyini ehtimal edir:

Məndə də müəyyən suallar var. Əgər sırf texniki məsələlərlə bağlıdırsa, bir neçə gün sonra Putin Fransaya səfər edəcək və prezident Makronla görüşəcək. Sual olunur: Əgər Putin çox yorğundursa, o zaman Fransaya niyə gedir?! Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi odur ki, prezidentlərin Soçi görüşü Putinin çox da vaxtını almayacaqdı. Bir neçə saatlıq diskussiya və heç bir çağırış da olmayacaqdı. Bu görüş İranın özü üçün də lazımdır. Çünki İran sanksiyalar əhatəsindədir. Sanksiyalardan qurtulmaq üçün qonşu dövlətlərlə, o cümlədən Rusiya və Azərbaycanla əməkdaşlığın inkişafına can atır. Azərbaycan üçün də ona görə vacibdir ki, Şimal-cənub qaz dəhlizi işə düşməlidir. Soçi görüşündə Qarabağ məsələsi müzakirə olunmayacaq. Çünki Rusiya və İranın bu məsələyə maraq göstərəcəklərinə inanmıram. Görünür, bu görüş Rusiya prezidentinin o qədər də marağında olmayıb. Hazırda Rusiyanın problemləri başından aşır. Düşünürəm ki, ya ilin sonuna qədər, yaxud da yaxın aylarda Soçi görüşü baş tutsun.

Geri qayıt