Əsas Səhifə > Güney Press > Prokuror "Ağdam bandası"nın qətl sifarişlərində təqsirləndirilən başçısına cəza istəyib

Prokuror "Ağdam bandası"nın qətl sifarişlərində təqsirləndirilən başçısına cəza istəyib


11-07-2019, 15:27
Prokuror "Ağdam bandası"nın qətl sifarişlərində təqsirləndirilən başçısına cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, M.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses növbəti həftə başa çatacaq.

Qeyd edək ki, M. Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

“İnterpol”un saytında da axtarışda olan M.Məmmədov Ağdam rayonun Salahlı kəndində anadan olub.

Rusiya mətbuatında yazılanlara görə, M. Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlini sifariş verib. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Məlumata görə, “Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Geri qayıt