Əsas Səhifə > Güney Press > “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq”

“Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq”


15-06-2019, 11:45
 “Gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin qeydiyyatdan keçmiş siyasi partiyaların rəhbərləri ilə görüşləri davam edir. AXP liderinin belə görüşlər keçirməkdə əsas məqsədi partiyaların birlikdə ölkədəki ictimai-siyasi vəziyyəti, eləcə də siyasi islahatlarla bağlı yaranan problemləri müzakirə etməsinə nail olmaqdır.

Son olaraq, P.Hüseyn AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə öz facebook səhifəsində paylaşdığı statusda iki saat ərzində ölkədə ictimai-siyasi proseslərin aktual məsələlərini müzakirə etdiklərini deyən sabiq baş nazir çox faydalı və maraqlı söhbətin getdiyini bildirib.

Bundan əlavə, P.Hüseyn BAB sədri Elşad Musayev və AMİP sədri Arzuxan Əlizadə ilə birlikdə ADP rəhbəri Sərdar Cəlaloğlu, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinlə görüşdüyü barədə facebook səhifəsində məlumat paylaşıb.

P.Hüseyn “Yeni Müsavat”a açıqlamasında görüşlərin davam etdiyini söylədi: “Bu görüşlər tək mənim deyil. Doğrudur, bəzi partiya liderləri ilə ayrılıqda görüşmüşəm. Daha çox Böyük Azərbaycan Partiyasının və AMİP-in sədrləri ilə birlikdə görüşlər keçiririk. Bilirsiniz ki, qeydiyyatdan keçmiş partiyaların ölkədəki ictimai-siyasi vəziyyət, özəlliklə siyasi islahatlar problemləri mövzusunda konfrans, yaxud dəyirmi masa keçirmək planı var. Bu istiqamətdə məsləhətləşmələr aparırıq. Tədbirin olacağı tam məlum deyil. Dəvətlər göndərilmir. Sadəcə, tədbirin məzmunu, mahiyyəti barədə məsləhətləşmələr gedir, rəy öyrənilir. Mənə elə gəlir ki, gələn həftə işlər yekunlaşacaq və konkret qərar qəbul etmək mümkün olacaq. Partiya rəhbərlərinin reaksiyaları çox ziddiyyətlidir”.

P.Hüseyn indiyə qədər neçə siyasi partiyanın təşəbbüsü dəstəklədiyi barədə sualımıza cavab verməyə hazır olmadığını bəyan etdi.

Geri qayıt