Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək

Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək


18-05-2019, 11:20
Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək
Dağlıq Qarabağda eskalasiya İraq və Suriyadan bu gün qaçan islamçı döyüşçüləri bizim regiona gətirə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Siz İran ətrafında hansı gərgin situasiyanın yarandığını görürsünüz. Bu gərginlik artmağa davam edir. Suriyada böyük sayda islamçı radikal qruplaşma var. Onlar anlayırlar ki, artıq İraq və Suriyada onlara yer yoxdur. Bizim məlumatımıza görə, onlar bu gün özləri üçün yeni yer axtarırlar. Əgər bizim regionda hansısa yeni eskalasiya olsa, onlar üçün bu, məsələn, Azərbaycanda peyda olmaq üçün yaxşı bəhanə olacaq. Onlar üçün bu, çox rahat nöqtədir. Buradan onlar öz fəaliyyətlərini İran, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəldə bilərlər”, - deyə o bildirib.

Paşinyan Qarabağda yeni müharibənin artıq lokal olmayacağını söyləyib. O bunu Azərbaycan, Rusiya və İranın anladığına ümid etdiyini deyib.

Qeyd edək ki, Ermənistan tərəfi artıq din kartından Azərbaycana qarşı ilk dəfə deyil istifadə edir. Belə ki, Qarabağ müharibəsi başladığı andan etibarən İrəvan dəfələrlə xristian dininə mənsub olduğu üçün müsəlman Azərbaycanın təzyiqinə məruz qaldığını təbliğ etməyə çalışır. Digər tərəfdən önəmli olan başqa məqam Qarabağın həllinə İran böhranı kontekstində yanaşma anlayışının son bir ay ərzində Rusiyada aktiv təbliğatının başlamasıdır. Belə ki, məhz erməniyönlü dairələr, KİV-lər və ekspertlər müxtəlif vasitələrlə bu böhranın Qarabağda müharibəyə təsir edəcəyini, Rusiyanın bundan kənarda qalmayacağını və öz maraqlarını qorumaq üçün bölgəyə qoşun yeritməyə hazır olacağını təbliğ etməyə çalışırlar.

Başqa bir önəmli məqam isə İraq və Suriyadan qaçan radikal qruplarla əlaqədardır. Belə ki, son araşdırmalar göstərir ki, bu dəstələrin tərkibində daha çox, Mərkəzi Asiya, Cənubi Asiya və Afrikanın nümayəndələri təmsil olunur. Onlar isə Suriya və İraqı tərk edərək vətənlərinə yox, daha çox Əfqanıstan və Liviya ərazisinə gedirlər.

Geri qayıt