Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz”

“Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz”


20-03-2019, 10:13
 “Düşünürəm ki, o, Əli Kərimliyə və  Cəmil Həsənliyə qoşulmaz”
Sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən azad edildikdən sonra ilk müsahibəsi onun müxalifət mövqeyinə keçib hakimiyyətə qarşı mübarizə aparacağı qənaətini yaratdı. Əli İnsanovun siyasi mübarizədə əsasən qərbi azərbaycanlıları ətrafına toparlayacağı proqnozları da verilir.

Əslən Qərbi Azərbaycandan olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd olunanlarla bağlı “Yeni Müsavat”a danışıb. Öncə ölkə prezidentinin böyük əfv fərmanı imzalamasını, həmin fərmanla çoxlu sayda siyasi məhbus adlanan şəxslərin azadlığa qovuşmasını alqışlayan Hafiz Hacıyev qeyd etdi ki, prezidentin atdığı humanist addımdan heç kimin sui-istifadə etməsi yolverilməzdir: “Bəzi özünü ”siyasi lider" adlandıranlar iddia edirlər ki, guya bu siyasi məhbuslar Əli Kərimlinin, Milli Şuranın mübarizəsinə görə buraxıldı. Əli İnsanov isə dedi ki, onu Amerika buraxdırıb. Mən hər iki iddianın düzgün olmadığını vurğulayıram. Bütün məhbuslar məhz İlham Əliyevin humanizminin hesabına azadlığa qovuşdu. Bu cür humanist addıma başqa cür şərh vermək, yumşaq desək, insafsızlıqdır".

H.Hacıyev hesab edir ki, Əli İnsanov siyasətlə məşğul olsa da, Milli Şura kimi qüvvələrlə bir yerdə olmayacaq: “Azərbaycan prezidenti böyüklük göstərdi və Əli İnsanovu azad etdi. Bu alqışa layiqdir. Azərbaycan prezidenti demokratik şərait yaradıb ki, istənilən vətəndaşımız istədiyi halda siyasətlə məşğul olsun. Əli İnsanov da Azərbaycan vətəndaşıdır və siyasi fəaliyyət göstərmək hüququ var. Bundan sonra istər partiya, istər hansısa mərkəz yaratsın, istər fərdi şəkildə siyasətlə məşğul olsun, bu onun şəxsi işidir. Sadəcə olaraq, hər bir fəaliyyət qanunlara əsaslanmalıdır və yəqin ki, Əli İnsanov da fəaliyyətini qanunlar müstəvisində reallaşdıracaq. Kimin kimlə bir yerdə olacağını isə zaman göstərəcək. Bu gün Azərbaycanda bir qrup insan var ki, Əli İnsanovun qapısında növbəyə durublar ki, onunla görüşüb bir yerdə olduqlarını desinlər. Məsələn, Milli Şuranın rəhbərliyinə daxil olan şəxsləri, Əli Kərimlini, Cəmil Həsənlini, Gültəkin Hacıbəylini deyə bilərəm. Onlar istəyirlər ki, Əli İnsanovu öz tərəflərinə çəksinlər, Milli Şuraya gətirsinlər. Lakin mən hesab edirəm ki, bu mümkün olan deyil. Düşünürəm ki, Əli İnsanov ağsaqqal vaxtında gedib Milli Şuraya, Əli Kərimliyə, Cəmil Həsənliyə qoşulmaz. O, bundan sonrakı həyatını vətənin inkişafına xidmət edən ideyaları hakimiyyətə təklif etsə, məncə, bu xalqa ən yaxşı xidmət olar. Əli müəllim dövlətçiliyə sadiq olmalıdır”.

Geri qayıt