Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Bu cür iddiada olanlar siyasi məhbus anlayışının nədən ibarət olduğunu bilmirlər”

“Bu cür iddiada olanlar siyasi məhbus anlayışının nədən ibarət olduğunu bilmirlər”


8-12-2018, 11:25
“Bu cür iddiada olanlar siyasi məhbus anlayışının nədən ibarət olduğunu bilmirlər”
Azərbaycanda son aylarda müxalif fəallardan bir neçəsi müxtəlif ittihamlarla həbs edilib. Doğrudur, onların əksəriyyəti inzibati cəzalar alıblar. Amma bununla belə bəziləri iddia edir ki, bu həbslərin yenidən ölkədə siyasi məhbusları meydana çıxara biləcəyi barədə narahatlıq var.

Qarşıdakı zamanda bu cür həbslərin davam edəcəyi təqdirdə bundan ölkə daxilində siyasi məhbus siyahıları hazırlayanların, eləcə də, beynəlxalq təşkilatların istifadə edə biləcəyi barədə fikirlər meydana çıxıb. Hətta inzibati cəza alan şəxslərin də siyasi məhbus elan olunmalarına cəhdlərin edildiyi barədə xəbərlər dolaşır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son həbs edilənlərin siyasi məhbus olmadığını düşünür: “Onların siyasi məhbus adlandırmalarının əleyhinəyəm. Bunun üçün də bir sıra səbəblərim var. Öncəliklə deyim ki, həbs edilənlərin tam əksəriyyəti inzibati cəzalar alıblar. Siyasi məhbus o şəxslər adlandırıla bilər ki, barələrində məhkəmə hökmü var, məhkəmə prosesinin monitorinqi aparılıb. İnzibati cəza ilə həbs başqa-başqa şeylərdir. Monitorinq aparılarkən həbsdə siyasi çalarlar meydana çıxarsa, ondan sonra həmin şəxsin siyasi məhbus olduğunu söyləmək olar. Hüquq müdafiəçiləri də deyə bilər ki, həmin şəxs siyasi məhbusdur. Qeyd edilənlərdə isə "potensial siyasi məhbus" sözünü burada işlətmək düzgün gəlmir. Bir şəxs saxlanılıb inzibati cəza alarsa, ona necə siyasi məhbus demək olar? Təəssüf edirəm ki, bizdə qayda düşüb, kimsə həbs edilən kimi dərhal onu siyasi məhbus elan edirlər. İndiyə qədər mənim özüm də demək ola əksər mitinqlərdə iştirak etmişəm, döyülmüşəm, məhkəmə vasitəsilə barəmdə cinayət işi açmağa çalışıblar. Xuliqanlıq maddəsi ilə də cəzalandırılmışam. Xanımlarımız var ki, qısamüddətli inzibati cəza ilə cəzalandırılıblar. Əvvəllər sosial şəbəkələr olmadığı üçün çox insanı siyasi məhbus adlandıra bilmirdilər. İstənilən halda Avropa İttifaqı ilə bağlanacaq saziş ərəfəsində bu cür həbs baş verməsi, inzibati olsa da belə cəzaların tətbiqi düzgün deyil. Sanki bir mənzərə yaranır ki, hansısa bir qrup bu cür həbslərin olmasında maraqlıdır və həmin qrup bunu həyata keçirir. Çünki belə həbslərin olmasına gərəyin olmadığı hər kəsə bəllidir. Əgər inzibati cəza alanları siyasi məhbus elan etsələr və beynəlxalq qurumlar da bu cür qəbul etsə, bu sadəcə kriteriyaları bilməməkdən irəli gələr. Yəni o insanlar siyasi məhbus terminin nədən ibarət olduğunu bilmirlər. Həbslər birmənalı şəkildə pislənilməlidir. Amma onların siyasi məhbus elan edilmələri də qınanmalıdır. Hansısa məqsədlər üçün siyasi məhbus olmayanları siyasi məhbus kimi qələmə vermək doğru deyil. Belə olduqda əsl siyasi məhbuslar kölgədə qalır, onların azadlığa çıxmaq imkanları azalır".
“Yeni Müsavat”

Geri qayıt