Əsas Səhifə > Güney Press > Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb

Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb


18-10-2018, 16:39
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin  qazlaşdırılması başa çatıb
DİA.AZ: - Oktyabrın 18-də Tərtər rayonunun Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.

Kəndlərə təbii qazın verilməsi münasibətilə Kovdadıq kəndində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

DİA.AZ xəbər verir ki, açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıb. Dövlətimizin başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını bildirib. Qeyd edib ki, dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, artıq Tərtər rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və regional qaz istismar idarəsinin rəisi Azər Musayev çıxış edərək, sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, 132 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Açılışda çıxış edən kənd sakinləri Mayıl Aslanov, Lalə Səfərova, İsrail İsmayılov, Vüqar Quliyev regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, kəndlərinin təbii qazla təmin olunmasına görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb, sonra kənd sakinləri Vüqar Quliyevin və Mehman Səfərovun fərdi yaşayış evlərində təbii qazın yandırılmasında iştirak edib.

Tərtər rayonunun bütün yaşayış məntəqələrinin  qazlaşdırılması başa çatıb

Geri qayıt