Əsas Səhifə > Güney Press > Rusiya təyyarəsini kim və niyə vurdu?

Rusiya təyyarəsini kim və niyə vurdu?


19-09-2018, 15:35
Rusiya təyyarəsini kim və niyə vurdu?
Rusiya təyyarəsinin İdlib anlaşmasının əldə edildiyi bir zamanda vurulması təsadüfi deyil.

Bu sözləri Axar.az-a Rusiyanın İl-20 təyyarəsinin vurulması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın İl-20 təyyarəsinin vurulmasında İsrailin günahkar olmasına dair səsləndirilən fikirlərlə razılaşmayıb:

“Rusiya təyyarəsinin İdlib anlaşmasının əldə edildiyi bir zamanda vurulması təsadüfi deyil. Məqsəd Rusiyanı qəzəbləndirib, İdlibdə hərbi əməliyyatları başlatmaq idi. O üzdən İsrail təyyarəsinin İl 20-nin arxasında gizlənərək Suriya hava hücumundan müdafiə sistemlərinin diqqətini Rusiyanın üzərinə çəkdiyinə inanmıram. Təl-Əviv Moskva ilə münasibətlər üzərində əsir və çalışır ki, Rusiya ilə qarşı-qarşıya gəlməsin. Düzdür, hazırda təhdid obyekti kimi İsrail götürülür və bunun da guya ABŞ-ın göstərişi ilə edildiyi irəli sürülür. Ancaq bu belə deyil, çünki Soçi razılaşması Vaşinqtonun da maraqlarına cavab verir. Əks halda ABŞ prosesə müdaxilə edər və nəticədə müharibə qaçılmaz olardı”.

Politoloq bildirib ki, Ərdoğanla Putinin Soçidə İdlibə dair razılığa gəlməsi müəyyən dairələri narahat edib:

“Düzdür, təyyarə Suriya hərbi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Ancaq İl-20 hadisəsində Suriya rejimi, Hizbullah və İranın Haşdi-Şabi partizan qruplaşmasının əlinin olduğunu düşünürəm. İran ümumiyyətlə Rusiya ilə Türkiyə arasında İdlib anlaşmasının imzalanmasını istəmirdi. Soçi razılaşması hətta Əsədin də ürəyincə deyildi. Əsədi isə hazırda bölgədə himayə edən yeganə qüvvə İrandır”.

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub.

Geri qayıt