Əsas Səhifə > Güney Press > Özbəkistan Bakı-Tiflis-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır

Özbəkistan Bakı-Tiflis-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır


15-06-2018, 16:53
Özbəkistan Bakı-Tiflis-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır
Özbəkistan Nəvoi-Türkmənbaşı-Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizinin istifadəsində maraqlıdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, bu marşrut Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyənin nəqliyyat şəbəkəsi ilə əlaqələndirəcək və Özbəkistana Mersin limanı vasitəsilə Aralıq dənizinə çıxış imkanı verəcək.

Səfir həmçinin bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyayev ölkənin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yüklərin daşınması marşrutlarının şaxələndirilməsi üzrə kompleks proqramı təsdiq edib:

“Proqramın təsdiq olunmasından sonra Özbəkistan 2018-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə pilot tranzit layihələr planlaşdırmağa başladı. Bu proqram Azərbaycan-Gürcüstan-Türkiyə-Aİ vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında Özbəkistanın iştirakını nəzərdə tutur. Özbəkistan həmçinin bu dəhlizi Poti, Batumi və Çernomorsk limanlarına və daha sonra Yaxın Şərq və Şimali Afrika ölkələrinə çıxış imkanı kimi nəzərdən keçirir”.

Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu “Yeni İpək yolu” mərkəzi dəhlizinin vacib tərkib hissəsi kimi “Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına böyük töhfə verəcək və yerüstü, dəniz və hava nəqliyyatının inkişaf proqramlarının təşviqinə xidmət edəcək.

Geri qayıt