
Cümə günü səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum Azərbaycan hökuməti və ictimayyəti tərəfindən kəskin tənqidlə qarşılanıb.
Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi hadisəni birmənalı olaraq “terror aktı” adlandırıb. Daha sonra isə XİN Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırdığını və əməkdaşlarının evakuasiyasını həyata keçirəcəyini açıqlayıb. Rəsmi Tehran isə hadisənin “şəxsi motivlərlə” baş verdiyini bildirib.
Rəsmi Bakı hesab edir ki, son vaxtlar İranda Azərbaycan "əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması" diplomatik missiyaya qarşı "bu kimi hücumlara rəvac verib".
Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, bu hadisə onsuz da “mürəkkəb olan münasibətləri daha da gərginləşdirir”.
BBC News Azərbaycancaya danışan millət vəkili və siyasi təhlilcilər silahlı hücumu Azərbaycan-İran münasibətləri kontekstində təhlil etməyə meyllidilər.
Deputat Cəbi Quliyev hücumu “terror akt”ı sayır və onun fikrincə, İran bunu qəbul edərək üzr istəməlidir.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir və bunun üçün iranlı hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə birgə işləməlidir.
“İran üzr istəməsə...”
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Cəbi Quliyev BBC-yə baş verənləri birbaşa “terror aktı” hesab etdiyini deyir:
“Çünki kadrlarda da İran polisinin fəaliyyətinin ən aşağı səviyyədə olduğu görünür. Hadisəni analiz edəndə, aydın olur ki, bu, hər hansı bir məişət zəminində baş verən cinayət yox, sırf terror aktıdır. Son dönəmlərdə onsuz da İranın Azərbaycana qarşı aqressiyası var idi. 30 illik işğal dönəmində bir dəfə də olsun sərhəddə təlim keçirməyən İran Vətən müharibəsindən sonra mütəmadi şəkildə müəyyən təlimlər keçirdi. Xatırlayırsınızsa, Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər də məhz İran dini-siyasi yönümlü şəxslər idi”.
Millət vəkili İranın yaxın günlərdə “geri addım atacağına ümidli olduğunu bildirib”.
“Əgər İran bütün cinayətkarların cəzalandırılması prosesini şəffaf aparmasa, terror aktını qəbul etməsə, Azərbaycan xalqından rəsmi şəxslərin üzrü olmasa, Azərbaycan İranla münasibətlərini yenidən gözdən keçirməyə məcbur olacaq. Ümid edirəm ki, yaxın gələcəkdə İran Azərbaycana qarşı aqressiv münasibətindən əl çəkər, bu hadisə ilə bağlı bütün cinayətkarların cəzalandırılması prosesini şəffaf aparar”, Cəbi Quliyev əlavə edib.
Millət vəkili bildirib ki, fevralın 1-də parlament işə başlayarkən bu hadisə ilə bağlı İrana qarşı sərt reaksiyasını bildirəcək.
“Baş Prokurorluq da cinayət işi qaldırmalıdır”
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov BBC-yə bildirib ki, Azərbaycan səfirliyində yaşananlara İranın hüquq-mühafizə orqanları məsuliyyət daşıyır, çünki təhlükəsizliyi onlar təmin etməli idi:
"Vyana Konvensiyasına görə, bütün diplomatik nümayəndəlikləri qəbul edən hökumət onun təhlükəsizliyini təmin etməlidir. Doğrudur, videolardan görünür ki, səfirliyin qarşısında İranın polis postu var idi. Amma o, heç bir hərəkət etməyib".
Elmar Məmmədyarov deyib ki, İran tərəfi detallı istintaq aparmalı və nəticəni ilk olaraq Azərbaycanla bölüşməlidir:
"Bilirsiniz ki, Azərbaycan hökuməti İrandan çox ciddi istintaq aparılmasını və işin araşdırılmasını tələb edib. Vyana Konvensiyasına əsasən, İrandakı səfirlik Azərbaycan ərazisi sayılır və orada baş verən terror aktına görə - Azərbaycan vətəndaşının öldürülməsinə görə çox güman ki, Azərbaycan hüquq mühafizə orqanları, o cümlədən, Baş Prokurorluq da cinayət işi qaldırmalıdır. Yəqin ki, iranlı həmkarları ilə birlikdə bu işi aparmalıdırlar və əlbəttə ki, İran istintaqın nəticələrini ilk növbədə Azərbaycanla bölüşməlidir. Hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir".
“Dipomatik münasibətlərə “ciddi zərbə”
Politoloq Fuad Şahbazovun fikincə, İrandakı Azərbaycan səfirliyinə hücum “iki ölkə arasında son aylarda baş verən diplomatik qarşıdurmanın məntiqi nəticəsidir”.
O güman edir ki, baş verənlər “planlanmış şəkildə baş verən bir aksiya”dır.
Rəsmi Tehran hadisənin ailə-məişət zəmnində baş verdiyini deyib. Fuad Şahbazov bu iddianı absurd sayır: “İran vətəndaşının ailə münaqişəsi zəminində xarici ölkə səfirliyində belə bir fatal nəticəyə gətirib çıxaran hadisəni törətməsi ağlasığmazdır”.
Baş verənlərin araxasında bir neçə səbəb ola biləcəyini deyən politoloq BBC-yə ilkin ehtimallardan birinin ötən ay Azərbaycanın İsraildə diplomatik səfirlik açması və ora səfir təyin etməsinin olduğunu bildirir:
“Həmin ərəfədə İranın rəsmi mediası Azərbaycana ciddi hədə-qorxu gəlirdi. Hətta Azərbaycandan İsraillə əməkdaşlığı dayandırmağı tələb edirdilər. Məncə, bunlar bir-biri ilə bağlı məsələlərdir”.
Fuad Şahbazov xatırladır ki, İranda xarici diplomatik missiyalara “hücum və yaxud da orada terror aktı keçirməklə bağlı kifayət qədər zəngin təcrübə” var: “İranın Azərbaycanı qorxu və məcburetmə yolu ilə İsraillə yaxın əməkdaşlıqdan çəkindirmək istəməsi aydın məsələdir. Çünki əvvəllər Azərbaycan İsrail münasibətləri daha qapalı idisə, İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlər kifayət qədər açıq və aktiv formada davam edir. Bunun isə rəsmi Tehranda narahatlıq doğurması təbiidir”.
Fərid Şahbazovun fikrincə, hazırda Azərbaycanın İrana daha açıq formada etiraz edə bilməsi də baş verən hadisəyə səbəb yarada biləcək ehtimallardandır:
“ Əvvəlki illərlə müqayisədə İranın Azərbaycanı qorxutma strategiyası cəhdləri effektsizdir. Çünki bundan əvvəl Azərbaycan İranla münasibətdə daha balanslı siyasət yeridirdisə, indi artıq yaranan narazılıqlar istər XİN, istər Prezident Adminstrasiyası, istərsə də digər dövlət rəsmiləri tərəfindən dilə gətirilir”.
Politoloq hesab edir ki, Azərbaycan səfirlik əməkdaşlarının Tehrandan evakuasiya edilməsi diplomatik münasibətlərin hələ bir müddət soyuq olacağına işarədir. Onun fikrincə, bugunki hadisə diplomatik münasibətlərə “çox ciddi zərbə” vurub.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla İran arasında müəyyən gərginlik olduğu müşahidə olunurdu. Bir neçə ay əvvəl İran Azərbaycanla sərhəddə hərbi təlim keçirtdi. Bundan az müddət sonra isə Azərbaycan Türkiyə ordusu ilə birlikdə İranla sərhəd bölgələrində eyni formalı təlimlər keçirdi.
Azərbaycan və İran arasındakı gərginlik hər iki tərəfin rəsmi televiziyalarında da nümayiş olunmağa başlamışdı.
Belə ki, İran dövlət televiziyalarında Azərbaycanı, Azərbaycan isə İranı hədəf alaraq, silsilə reportajlar yayımladı.
Hətta Azərbaycan mediasının yazdığına görə, ötən ilin noyabrında İranın Səhər kanalı mərhum Prezident Heydər Əliyev haqda “Yaxın tarixin izi ilə” adlı “ifşaedici serial yayımlayacağını” elan edərək anons yaymışdı. Lakin bir müddət sonra kanal serialın yayımını dayandıracağını və heç vaxt yayımlamayacağını açıqladı.
Bu isə Azərbaycan ictimayyəti arasında İranın Azərbaycanla müəyyən razılığa gəlməsi kimi yozulmuşdu.
Bir neçə gün öncə hər iki ölkənin xarici işlər nazirləri Özbəkistan paytaxtı Daşkənddə keçirilən beynəlxalq görüş çərçivəsində bölgədəki vəziyyəti və Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı" müzakirə etmişdilər. //BBC News Azərbaycanca//