
Yanvarın 27-də səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyinin məlumatında qeyd edilir. Hücum edən şəxs saxlanılıb. Teleqram kanallarında yayılan məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı Orxan Əsgərov hücumun dəf edilməsi zamanı həlak olub, iki nəfər isə yaralanıb.
Hücum edən şəxsin saxlanıldığı bildirilir. Baş vermiş terror aktı son zamanlar İrandan Azərbaycana qarşı yönəlmiş təhdidlərin qanlı mərhələyə keçməsindən xəbər verir. Cinayət əməlinin arxasında İran rejiminin dayandığı istisna edilmir. Ona görə də qeyd edilən facisəli hadisə İranla Azərbaycan arasında diplomatik münasibətlərə də zərbə vura bilər. Qeyd edək ki, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi 1961-ci il aprelin 18-də qəbul olunmuş Vyana Konvensiyası əsasında həyata keçirilir. Azərbaycan Vyana Konvensiyasına 1992-ci il iyulun 21-də qoşulub. Sənədə görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik və konsulluq binalarını edilə biləcək hücumlardan qorumaq, diplomatik orqanın sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.
DİA.AZ-ın məlumatına görə, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında bildirib ki, İran beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib:
“Bütün səfirliklərin ərazisi və diplomatların həyatının təhlükəsizliyi fəaliyyət göstərdiyi dövlət tərəfindən tam təmin edilməlidir. Yəni bütün ölkələr beynəlxalq hüququn prinsiplərinə və Vyana konvensiyasına görə öhdəlik götürüb. Bunu yerinə yetirə bilməyən ölkə etibarsız dövlət hesab edilir. Ona görə də İran hakimiyyəti Azərbaycan səfirliyi də daxil olmaqla bütün ölkələrin səfirliklərinin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycanın istənilən rəsmi şəxsinin İrana səfəri zamanı onun təhlükəsizliyi necə təmin edilirsə, səfirliyin və konsulluğun həm binaları, həm də əməkdaşları elə qorunmalıdır. Səfirlik bir dövlətin ərazisinin başqa dövlətin ərazisində kiçildilmiş formasıdır. Yəni səfirliyə hücum etmək Azərbaycan dövlətinə hücumdur. Hadisə Azərbaycan səfirliyinin binası daxilində baş verib. Bu, İranın Azərbaycan ərazisinə hücumu kimi qiymətləndirilməlidir.
Çünki Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı terror aktı həyata keçirilib. Oxşar hadisə ötən il Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı həyata keçirilmişdi. İranda isə xarici ölkələrin diplomatik missiyalarına hücum etmək bir ənənəyə çevrilib. 1979-cu il İslam inqilabında “Xətti İmam” adlanan, yəni İmam Xomeyninin tərəfdarlarındamn ibarət dəstə ABŞ-ın İrandakı səfirliyinə hücum etmiş və diplomatları 444 gün girov saxlamışdı. Sonra bu dəstə İnqilab Keşikçiləri Qvardiyasına çevrildi. Bundan başqa, Səudiyyə Ərəbistanının Məşhəddə yerləşən konsulluğuna silahlı hücum edilmişdi. Bu terror aktının Azərbaycanı sevməyən hansısa qüvvələr tərəfindən törədilməsindən asılı olmayaraq, məsuliyyəti İran hakimiyyəti daşıyır. İran hakimiyyəti bu məsələyə görə cavabdehdir. Məsələn, SEPAH Ukraynanın “Boeing” təyyarəsini vurub partlatdı, sonra da onu hərbi təyyarə ilə səhv saldıqlarını bəyan etdi. İranda hər cür hadisə baş verə və Tehran hakimiyyəti bu cür cinayətləri müxtəlif bəhanələrlə ört-basdır edə bilər”.
O bildirib ki, baş vermiş hadisəyə görə məsuliyyət İran hakimiyyətinin üzərinə düşür:
“Əgər İran dövləti bunun qarşısını almağı bacarmırsa, deməli, İranda təhlükəsizliyin təminatında problem var. İran hakimiyyəti öz vətəndaşlarının da təhlükəsizliyini təmin edə bilmir. Bu terror aktını kimin və necə törətməsindən asılı olmayaraq, İran hakimiyyəti Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir”.
Ekspert hesab edir ki, bu terror aktı sıradan bir hadisə deyil və İranın Azərbaycana xəbərdarlıq mesajıdır:
“Bir neçə ay öncə İran tərəfindən Azərbaycan səfirliyinə, Naxçıvana gedən avtomobillərə qarşı terror edəcəklərinə dair video yayılmışdı. Bu təhdidi İranda yaşayan bir şəxs Azərbaycan türkcəsində etmişdi. Amma İran hakimiyyəti bu təhdidi ciddi qarşılamadı. Ola bilsin ki, bu, İran hakimiyyətinin Azərbaycana qarşı xəbərdarlığı idi. Əlbəttə, məsələyə görə Azərbaycan tərəfi İrandan həmin videomaterialla bağlı tədbir görməyi və ya aydınlıq gətirməyi tələb etmədi. Amma səfirliyimizə qarşı silahlı terror aktının həyata keçirilməsi İran-Azərbaycan münasibətlərində ən qanlı faciədir”.