
Hər zaman uydurma ittihamlarla çıxış edən Ermənistan təmsilçiləri öz yalanları ilə beynəlxalq təşkilatları yenə də aldatmaqla məşğul olur. Belə ağ yalanlardan birini Avropa İnsan Haqları Məhkəməsində (AİHM) “erməni məhbusların” maraqlarının təmsilçisi Siranuş Saakyan səsləndirib.
Saakyan iddia edib ki, guya onlarda bir çox adamların “əsirlikdə olmasına, onların ”bərbad vəziyyətdə saxlanmasına" dair “faktlar” var və “hətta ola bilər ki, onların məcburi şəkildə məhv edilməsi də olub”.
Onun iddiasına görə, guya 80 nəfərin “əsirlikdə olduğu” “təsdiqlənib”, amma 200 nəfərin “taleyi qeyri-müəyyəndir”. Saakyan “200 nəfərin taleyinin qeyri-müəyyən olduğu” barədə yalan fikirlər bildirməklə Azərbaycana qarşı həqiqətə uyğun olmayan ittihamlar irəli sürür. Guya Azərbaycan tərəfindən 200 erməni “oğurlanıb”.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov çox vacib bir məsələyə toxundu: “Ermənistan Azərbaycana bu cür böhtanlar atır və biz buna adət etmişik. Ancaq çox təəssüf ki, bu cür böhtanları Azərbaycana Amerika Birləşmiş Ştatları da atır. 27 dekabrda ABŞ prezidenti Co Baydenin imzaladığı ”Milli Müdafiə haqqında" qanun var və onun bir maddəsi ölkəmizə həsr olunub. Həmin qanunda iddia olunur ki, Azərbaycan erməni əsirləri qeyri-insani şəraitdə saxlayır, hətta qeyd olunurdu ki, bu girovların içərisindəki qadınlara qarşı cinsi istismar tətbiq olunur. İddia edirlər ki, imzalanmış 10 noyabr bəyanatına çox sadiq olan ermənilər öz öhdəliklərini yerinə yetiriblər, əsirləri təhvil veriblər, ancaq Azərbaycan bu addımı atmaq istəmir. Həmin sənəddə Azərbaycan demək olar ki, hər şeydə ittiham olunur. Baydenin imzaladığı bu qanunda Azərbaycanla bağlı olan hissənin əsasını əsirlərə qarşı qeyri-insani davranış, insanlığa qarşı cinayətlər törədilməsi, onların başının kəsilməsi, qətlə yetirilmələri və meyitlərinin təhqir olunması kimi uydurma böhtanlar təşkil edir. Eyni zamanda Bayden Administrasiyasından tələb olunur ki, Minsk Qrupunun həmsədri kimi Amerika həmin əsirlərin azad olunması üçün tədbirlər görsün. Həqiqətən də son dərəcə dəhşətli bir qanundur. Bu ilk cəhd deyil. Bundan əvvəl bilirsiniz ki, Nümayəndələr Palatası martda, ardınca da sentyabrda eyni məsələləri qaldırmışdı. Qərar qəbul olunmuşdu ki, Azərbaycan erməni əsirləri təhvil versin. Ermənistanın ölkəmizə bu cür böhtanlar atmasına zatən öyrənmişik. Aydındır ki, Azərbaycana düşmən olan bir dövlətdir. Bir sözlə, uzun illərdir ki, bu sahədə ixtisaslaşıblar. Amma Amerika prezidenti qanun imzalayır, konqresmenlər bu qanunun bir maddəsini Azərbaycana həsr edirlər və hissə də başdan-ayağa böhtandır. Buna da heç bir reaksiya yoxdur. Mətbuatdan xahiş edirəm ki, bu məsələni ayrıca işıqlandırın".
Siyasi şərhçi Züriyə Qarayeva bu istiqamətdə hüquqi addımların atılmasını vacib hesab edir: “Ermənistan Azərbaycana qarşı tarix boyu dezinformasiya və sabotaj siyasətindən istifadə edib. Mənfur qonşu yenə də yalan ittihamlara davam edir. İndi də müharibədəki itkiləri gizlətmək üçün saxtakarlığa baş vurur. Azərbaycanda Ermənistanın heç bir hərbi əsiri yoxdur və bütün əsirlər 2020-ci ilin 10 noyabrından sonra beynəlxalq qurumların iştirakı ilə Ermənistana təhvil verilib. Bu cür blef məlumatın ortaya atılmasında səbəb öz itkilərinin sayını gizlətmək, məğlubiyyətlərini həzm edə bilməmək, müharibədə güclərini ortaya qoya bilmədiyi üçün alçaq vasitələrlə ölkəmizə zərbə vurmaqdır. Bu ilk dəfə baş vermir. Bu günə qədər Dağlıq Qarabağ regionunun tarixən ona mənsub olması barədə dünya birliyinə yalan məlumatlar verib, bu ərazidə yaşayan ermənilərin Azərbaycan hökuməti tərəfindən təhlükədə olması barədə dünyanı təkidlə inandırmağa çalışıb. Ermənistan Azərbaycanda etnik azlıqlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi barədə BMT-nin Baş katibinə yalan məlumatlar verməklə, dünya birliyində yanlış fikirlər yaratmağa cəhd edib. Düşünürəm ki, rəsmi qurumlar məlumatı təkzib etməli, faktları ortaya qoymalı və bu cür yalan məlumatı tirajladıqları üçün qarşı tərəfə hüquqi çərçivədə addımlar atmalıdır. ”Milçəyin" daha artıq ürək bulandırmasına imkan vermək olmaz".
Politoloq Tural İsmayılov bu cür fikirlərin heç bir əhəmiyyətinin olmadığını söylədi: “Ermənistan çirkin siyasətini növbəti dəfə beynəlxalq kluarlarda davam etdirməkdədir. Ümumiyyətlə, Azərbaycan indiyə qədər erməni əsirlər və girovlarla bağlı kifayət qədər dürüst, beynəlxalq konvensiyanın tələblərinə uyğun şəkildə davranıb. Bu günə qədər əsir götürülmüş, hansı ki, ağır cinayətlər törətməyiblər, onlar Ermənistan tərəfinə qaytarılıb. Saakyan əvvəlcə I Qarabağ savaşında 4 min itkin düşən azərbaycanlı barədə məlumat vermək haqqında düşünməlidir. Onun bu cür çərənləmələrinə haqq verən Avropa İnsan Haqları Məhkəməsində, eləcə də ona bağlı olan beynəlxalq qurumlarda 4 min itkinimiz barədə məsələnin müzakirə olunmaması da ayrıca təəssüf doğurur. Azərbaycan dəfələrlə hərbi və mülkü əsirlərlə bağlı Ermənistan tərəfə çağırışlar edib. Ermənilər bu məlumatları, sadəcə, gizlətməklə məşğuldur. Onu da qeyd edək ki, Ermənistanda Azərbaycan tərəfindən qaytarılmış əsirlərin həbsi prosesi yaşanır. Bütün bunlar da onu göstərir ki, ölkənin içərisində insanlar ya həbs olunur, ya da gizli şəkildə öldürülür. Saakyanın özü də yaxşı başa düşür ki, Paşinyanın hərbi xuntası, kriminal qruplaşması Ermənistanda insanları gizli yollarla aradan götürməklə məşğuldur. O insanları aradan götürürlər ki, Paşinyanın və ətrafındakı insanların çirkablıqlarını bilən adamlardır. Bütün bunlara da haqq qazandıran Ermənistanın ”hüquq müdafiəçiləri"nin, siyasətçilərinin Avropada belə fikirlər irəli sürmələrinin heç bir əhəmiyyəti yoxdur".
“Yeni Müsavat”