
Bu ilin aprelindən etibarən Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti bitir. 2016-cı ildə qəbul edilən qanunun qüvvədə olma müddəti bir neçə dəfə artırılıb. Hökumətin qərarına əsasən daha bu müddət artırılmayacaq. Əvəzində ötən ilin dekabrında Mərkəzi Bankın təşəbbüsü ilə “Əmanətlərin sığortalanması haqqında” qanuna bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən Azərbaycanda sığorta olunan əmanətlərin məbləği 30 min manatdan 100 min manata qaldırılıb.
Bundan əlavə, dəyişikliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanacaq. Mərkəzi Bankda hesab edirlər ki, bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.
Eyni zamanda, daha bir dəyişikliyə əsasən notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitləri tam məbləğdə sığortalanacaq: “Bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək”.
Mərkəzi Bankın açıqlamasına görə, 2021-ci ildə əmanətlərin sığortalanması mexanizmi çərçivəsində yeni strategiyanın reallaşdırılması bank sektoruna etimadı qoruyacaq: “Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdilməsilə yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir”.
Məlumat üçün bildirək ki, Azərbaycanda bütün əmanətlərin 3,4 milyard manatı və ya 44 faizi 100 000 manatdan yuxarı əmanət hesablarındadır. Bu hesablar bütün əmanət hesablarının təxminən 1 faizidir. Əmanətlərin qalan 56 faizi (4,4 milyard manat) və ya bütün əmanət hesablarının 99 faizi isə 100 000 manatdan aşağı məbləğlərdir. 2020-ci il 01 dekabr vəziyyətinə Azərbaycanda əhalinin banklardakı əmanətləri 7 milyard 908,2 milyon manat olmaqla 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalıb.
Onu da qeyd edək ki, son illərdə bağlanan banklarda hüquqi şəxs olan şirkətlərin cari hesablarında yüz milyonlarla manat vəsait faktiki olaraq batır. Kompensasiya dairəsinə düşməyən bu vəsaitlərin qaytarılması demək ola ki, mümkünsüz görünür. Bu isə biznesin bank xidmətlərinə etimadının azalmasına gətirib çıxarır. Təsadüfi deyil ki, biznes subyektləri nağd əməliyyatlara üstünlük verməyə, eyni zamanda bank hesablarındakı vəsaitləri maksimum qısa müddətdə nağdlaşdırmağa, yaxud xərcləməyə çalışırlar.
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Azərbaycanda əmanətlərin sığortalanmasına dair qanunvericiliyin təkmilləşdirilməsi zəruridir: “Əmanətlərin tam sığortalanması dövründə bağlanan banklarla bağlı təcrübə göstərdi ki, tam sığortalanma fiziki şəxslərin xeyrinə olsa da, hüquqi şəxslərin, biznesin hüquqlarının təmin olunmaması ilə nəticələnir. Bağlanan bankların bütün aktivləri fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılmasına yönəldilir, biznesin hesablarındakı vəsaitlər isə batır. Buna görə də edilən dəyişikliyi müsbət hal hesab edirəm. Biz də sığortalanan əmanətlərin məbləğinin 100 min manata qədər qaldırılmasını təklif etmişdik. Bu addım əmanətlərin diversifikasiyası ilə nəticələnəcək. Yəni əvvəl beləydi ki, bir adam əlində olan 1 milyon manatın hamısını bir banka yerləşdirirdi. İndi isə o, məcbur olacaq ki, 10 banka yerləşdirsin. Fərdi sahibkarların 20 min manata qədər vəsaitlərinin qorunması da müsbət addımdır. Hesab edirəm ki, kompensasiyanın əhatə dairəsi nə qədər geniş olarsa, bir o qədər vətəndaşların və biznesin xeyrinə olar”.
Ekspert hesab edir ki, hüquqi şəxslərin depozitlərinə də kompensasiya mexanizmi tətbiq edilməlidir: “Bu gün ölkədə depozitlərin həcmi 22 milyard manatdan çoxdur. Bunun təxminən 35 faizini əmanətlər təşkil edir. Yerdə qalan 65 faiz bankların və hüquqi şəxslərin depozitləridir. Bunun cüzi bir hissəsi fərdi sahibkarlara məxsusdur. Bilirsiniz, fərdi sahibkar, əmanətçi fiziki şəxs dedikdə bir nəfərdən söhbət gedir. Amma hüquqi şəxslərin depozitləri batırsa, onun neçə nəfər əməkdaşının da taleyi sual altına düşür. Buna görə də hüquqi şəxslərin depozitləri üçün də kompensasiya müəyyənləşdirilməlidir. Xüsusilə də xidmət sektorunda çalışan şirkətlərin vəsaitlərinin qorunmasına ehtiyac var”.
S.Əliyev bildirir ki, bağlanan banklar üzrə əmanətlərin qaytarılmasına başlanması müddəti qanunvericilikdə dəqiq göstərilməlidir: “Bu yoxdur ki, bağlanan banklar üzrə əmanətlərin qaytarılmasına 20 gün-1 aydan sonra başlanır”.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə, banklarda 100 mindən yuxarı olan əmanətlər çoxdur: “Buna görə də hökumət aprelə qədər vaxt verdi ki, əmanəti çox olanlar ya onu bir neçə bank arasında bölsünlər, ya da öz yaxınlarının adına keçirsinlər. Bu, əmanətlərin banklar arasında bölünməsinə və bütün bankların daha çox əmanət cəlb etməsinə şərait yaradacaq. Buna görə də 100 min manatı yetərincə yüksək məbləğ hesab edirəm və düşünürəm ki, əhali ilə yanaşı banklar da bundan xeyir görəcəklər”.
Hüquqi şəxslərin əmanətlərinin kompensasiya mexanizmindən kənarda qalmasına gəlincə, mütəxəssis bunu ciddi çatışmazlıq kimi qiymətləndirir: “Bunu mən sovet təfəkkürünün nəticəsi hesab edirəm. Azərbaycan qanunvericiliyində həmişə hüquqi şəxsin məsuliyyəti fərdi sahibkardan daha yüksək götürülür. Məsələn, İnzibati Xətalar Məcəlləsinə baxsaq, hər xətaya görə 3 subyekt müəyyən olunub: fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxs. Hüquqi şəxslər üçün adi cərimə də digər 2 subyektdən kəskin çoxdur. Bunu mən Sovet dövründən qalma təfəkkürün nəticəsi hesab edirəm. Sovet dövründə bütün təsərrüfat subyektləri mütləq hüquqi şəxs olmalıydı və onun məsuliyyəti daha ağır sayılırdı. Bu düşüncə indi də davam edir. Lisenziya verilən bütün fəaliyyət sahələrində müraciət edənlərin hüquqi şəxs olması tələbi var. Niyəə Axı fərdi sahibkarın məsuliyyəti daha böyükdür - öz əmlakı ilə məsuliyyət daşıyır. Hüquqi şəxslər isə yalnız kapitalı ilə məsuliyyət daşıyır. Buna görə də bir problem yarananda hüquqi şəxsin təsisçiləri heç bir məsuliyyətə şərik olmurlar, nə qədər insanın haqqı tapdanır. Hüquqi şəxslərin vəsaitlərinin kompensasiya olunmaması, sözün həqiqi mənasında, ədalətsizlikdir. Hüquqi şəxs hesabındakı vəsaitlə işçilərin əmək haqqını ödəyir, istehsalını artırmağa sərmayə qoyur və sair. Fiziki şəxs isə 100 min manatı əmanət qoyub, onun faizindən pul qazanır, vəssalam”.
Ə.Həsənov qeyd edir ki, Azərbaycanda hökumət neçə illərdir, nağdsız əməliyyatların həcmini artırmağa çalışır: “Bunun üçün müxtəlif stimullaşdırıcı tədbirlər də həyata keçirilir. Sahibkarlara da deyilir ki, get bütün köçürmələrini bank vasitəsilə həyata keçir, amma bank bağlansa, mən sənin vəsaitini kompensasiya etməyəcəm. Bu, nəylə nəticələnəcək - sahibkar yalnız zərurət yaranan zaman bank xidmətlərindən yararlanacaq. Çalışacaq ki, mümkün qədər dövriyyəsini bankdankənar həyata keçirsin. Buna görə də hüquqi şəxslərin də fiziki şəxslər qədər vəsaitləri - 100 min manat kompensasiya olunmalıdır. Buna dövlətin gücü çatmırsa, heç olmasa 50 min manata qədər olan vəsaitlər sığortalansın. Bu, biznesin banklarla əməkdaşlığa həvəsini artıracaq, qeyri-nağd dövriyyə artacaq, iqtisadiyyatda leqallaşma gedəcək”.
Mütəxəssisin dediyinə görə, indiyədək bağlanan banklarda biznesin külli miqdarda vəsaiti batıb: “Bağlanan banklarla bağlı ən böyük problem məhz hüquqi şəxslərin vəsaitləri üzrədir. Yüz milyonlarla manatı batan hüquqi şəxslər var. Onların öz vəsaitlərini geri alması ehtimalı çox aşağıdır. Çünki bankların aktivləri hesabına ən son qaytarılmalı olan məhz hüquqi şəxslərin vəsaitləridir. Bu halda bankların ləğvi prosesinin indiki vəziyyəti ilə onlara pul çatacağı real görünmür. Çünki ləğvetmə prosesi çox qeyri-şəffaf həyata keçirilir. Bu prosesin şəffaflaşdırılmasına, kreditorların səlahiyyətlərinin artırılmasına ehtiyac var. Proses tamamən kreditorların nəzarəti altına verilməlidir. Kreditor bilməlidir ki, bağlanan bankın nə qədər krediti var, onun nə qədəri geri qaytarılır, əldə olunan vəsaitlər necə bölüşdürülür. Bağlanan banklardan götürülən kreditlərlə bağlı vaxtında məhkəmələrə müraciət olunmur, əksər hallarda bankın hüquqları düzgün müdafiə olunmadığına görə krediti götürənin xeyrinə qərarlar çıxarılır. Bütün bunların nəticəsi olaraq bank üzrə toplanan vəsaitlər az olur, biznesin pulunu qaytarmağa çatmır”.
“Yeni Müsavat”