Hansı ölkələrdən qırıcılar ala bilərik? .....                     Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... .....                     Azərbaycanda daha bir məktəb distant təhsilə keçib .....                     “Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” .....                     Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub .....                     Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən .....                     Rusiya iş adamlarının Azərbaycana səfərləri... .....                     Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib .....                     Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib .....                     Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, .....                     "Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" .....                     “3+3” formatı niyə "tormozlanır"? .....                     Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? .....                     Bakıda idmançı zalda ölü tapıldı .....                     Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib .....                     Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı .....                     Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT .....                     25 oktyabrda dollar neçəyə olacaq? .....                     Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? .....                     Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI .....                     Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək? .....                     “Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” .....                     50-yə yaxın sürücü və sərnişin cərimə edilib .....                     "Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" .....                     "Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" .....                     İran Azərbaycanı Livana çevirmək istəyir .....                     Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? .....                     Havanın temperaturu 4-7 dərəcə enəcək, .....                     Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU .....                     Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü .....                     "Cabbar Musayevin icazəsi olmasa etmərəm" .....                     "Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" .....                     Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? .....                     Putinin son bəyanatı: .....                     ”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” .....                     Kənd təsərrüfatından generala qədər qalxan jurnalist .....                     Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib .....                     Fizuli bərpa olunacaq... .....                     Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı .....                     Təbii qaz faktoru... .....                 

Orta Şərqin ənənəvi rəqibləri: Səudiyyə Ərəbistanı və İran - Hər şey BELƏ BAŞLADI...
Tarix: 14-10-2021, 08:27 | Çap et
Orta Şərqin ənənəvi rəqibləri: Səudiyyə Ərəbistanı və İran
Orta Şərq regionunun siyasi xəritəsinə, münasibətlər sisteminə nəzər saldıqda bu bölgədə cərəyan edən prosesləri, hadisələri yalnız neorealistlərin baxış bucağı ilə izah etməyin mümükünlüyünə inanırsan. Regionda siyasi düzənin formalaşmasında beynəlxalq hüquq normaları, sərhədlərin toxunulmazlığı, kollektiv təhlükəsizlik, ali universal dəyərlər kimi paradiqmalar o qədər də əhəmiyyət daşımır.

Neorealistlərin təbirincə desək, bölgədə tam anarxik bir vəziyyət hökm sürür və ayrı — ayrı dövlətlər öz maraqlarını, təhlükəsizliklərini əsasən başqalarının hesabına təmin etməyə üstünlük verirlər. Nəticədə, Orta Şərq dünyanın ən mürəkkəb, kövrək təhlükəsizlik mühitinə malik regionlarından birinə çevrilib. Ümumiyyətlə, Orta Şərqdə qeyd etdiyimiz mürəkkəb, kövrək geosiyasi, təhlükəsizlik mühitinin yaranmasında xarici amillərlə yanaşı regiondaxili faktorlar da mühüm rol oynayır. Məhz həmin regiondaxili faktorlardan biri kimi Səudiyyə Ərəbistanı-İran münasibətlərini, daha dəqiq desək, rəqabətini xüsusi qeyd etməyə ciddi ehtiyac var.

Səudiyyə Ərəbistanı-İran rəqabətini mahiyyətinə və nəticələrinə görə Orta Şərqin geosiyasi konfiqurasiyasının formalaşmasında əsas amillərdən biri kimi qəbul etmək olar. Malik olduqları zəngin təbii (enerji) resurslar, geniş ərazi hüdudları, demoqrafik potensial, hərbi güc, dini-ideoloji mərkəz roluna iddia etmələri, tarixi irs hər iki ölkəni Orta Şərqdə regional gücə çevirir. Həm Ər-Riyad, həm də Tehran regionda geosiyasi, təhlükəsizlik maraqlarını təmin etmək üçün fəal xarici siyasət həyata keçirirlər. Xüsusilə dini-məzhəb ideoloji aspekti bu ölkələrin xarici siyasət prioritetlərinin müəyyənləşməsində vacib rol oynayır. Onu da əlavə etmək istərdim ki, hər iki regional güc arasında dini-məzhəb fərqliliyindən yaranan antoqanizm onların bölgədə rəqabətini kəskinləşdirən amil kimi qəbul edilir. İki ölkə arasında rəqabəti artıran digər səbəb və narrativləri də burada qeyd etmək olar. Bütövlükdə, regionda fəal və təsirli aktorlar olan Səudiyyə Ərəbistanı-İran rəqabətinin elmi-nəzəri təhlili mövzuya bir çox aspektdən yanaşmanı tələb edir.

Regionda Ər-Riyad-Tehran rəqabətinin səbəbləri, tarixi

İki ölkə arasında regional rəqabəti doğuran 2 səbəbi belə qeyd etmək olar: ideoloji və geosiyasi.

Etno-milli və dini-məzhəb zəminində meydana çıxan ideoloji qarşıdurmanın dərin tarixi kökləri var. Regional hökmranlıq uğrunda ərəb-fars qarşıdurması böyük bir tarixi dövrü əhatə edərək günümüzə qədər davam etməkdədir. Təxminən 2600 ilə əvvəl İran topaqlarında Əhəmənilər imperiyasının yaranması ilə farslar Orta Şərqin siyasi, etno-kultural həyatında güclü bir aktor olaraq fəal iştirak etməyə başladılar. Bu hadisədən 1100 il sonra Ərəb yarımadasında İslam dininə əsaslanan Ərəb xilafətinin yaranması və bu xilafətin Sasanilər üzərində böyük qələbəsi regionun geosiyasi xəritəsinin dəyişməsi ilə nəticələndi. Sasanilər imperiyasının süqutu ilə farslar region üzərində dominantlığını itirdilər. Ərəblər isə ciddi dini ideologiyaya əsaslanan xilafətləri ilə bölgədə hakim mövqeyə yüksəldilər. Beləliklə, eramızın yeddinci əsrində baş verən və ciddi geosiyasi, tarixi, sosial, mədəni nəticələri olan bu hadisə ərəb-fars qarşıdurmasının əsasını qoydu. Onu da qeyd etmək istərdim ki, ərəb-fars qarşıdurması yalnız hərbi-siyasi deyil, mədəniyyət də daxil olmaqla bir çox sahələri əhatə etmişdir. Regionda və öz torpaqlarında ərəb hökmranlığını «həzm» etməyən farslar etirazlarını müxtəlif formalarda ifadə etmişlər. Məsələn, böyük İran-fars şairi Firdovsinin «Şahnamə» əsərində ərəbləri alçaldan fikirlərini bu kontekstdə dəyərləndirmək olar. Əlavə edim ki, İran-fars ədəbiyyatında belə nümunələr kifayət qədərdir. Bir vacib məqamı da vurğulamaq istərdim ki, ərəb-fars qarşıdurması tarixi kökləri daha dərin olan fars millətçiliyinin formalaşmasında böyük rol oynamışdır.

İki etnos arasında dini-məzhəb zəminində rəqabət vəhabiliyin Səudiyyə Ərəbistanında dominant dini ideoloji təlimə çevrilməsi ilə aktuallaşmışdır. Sünni məzhəbinin radikal cərəyanı kimi qəbul edilən vəhabilik (baxmayaraq ki, bəzi teoloji yanaşmalarda belə qəbul edilmir) şiəliyə qarşı özünün sərt mövqeyi ilə seçilir. Qeyd edək ki, tamamilə fərqli dini təfsirlərə, doktrinaya əsaslanan vəhabilik və şiəliyin hər iki ölkədə hakim mövqeyi onlar arasında ideoloji ziddiyyətlərin dərinləşməsində ciddi rol oynayır. Xüsusilə də 1979-cu ildə İranda islam inqilabının baş verməsi Səudiyyə Ərəbistanı-İran arasında rəqabət meyillərini xeyli gücləndirmişdir. 1979-cu ilə kimi iki ölkə arasında rəqabət daha çox geosiyasi amillərdən, regional dominantlıq uğrunda mübarizədən qaynaqlanırdısa, İrandakı islam inqilabından sonra ikitərəfli münasibətlərə ideoloji ziddiyyətlərin təsiri artdı. İslam inqilabından sonra İran xarici siyasəti Ayətullah Xomeyninin dini-ideoloji tezisləri əsasında formalaşdı ki, bu amil də Tehranın bölgədə sərt, aqressiv siyasət həyata keçirməsi ilə nəticələndi. İran islam inqilabının nəticələri regional düzəni və Orta Şərqdə qüvvələr nisbətini köklü surətdə dəyişdi. İslam inqilabının ixracını da nəzərdə tutan Tehranın yeni xarici siyasət strategiyası İranın qonşularla, köhnə müttəfiqlərlə münasibətlərini pisləşdirdi. Ayətullah Xomeyninin Vilayəti-Fəqih sistemində nəzərdə tutulan inqilabi hədəflər xarici siyasət prioritetlərinin müəyyənləşməsində də əsas götürüldü. Bununla da Xomeyninin dini-ideoloji tezisləri İranın «şiə əhalisi ilə ətrafdakı sünni çoxluq arasındakı boşluğu genişləndirməklə yanaşı, bütün islam dünyasında məzhəb hisslərini daha da şiddətləndirdi».

1979-cu il islam inqilabından sonra Tehranın Ər-Riyadı özünün əsas xarici siyasət hədəflərindən biri seçməsi həm də bu ölkənin İran üçün həyati əhəmiyyət daşıyan Fars (Ərəb) Körfəzindəki güclü mövqeyi, coğrafi yaxınlığı, müsəlmanların müqəddəs yerlərinin (Məkkə və Mədinə) Səudiyyə Ərəbistanı torpaqlarında yerləşməsi ilə bağlı idi. Qeyd edək ki, İran Səudiyyə Ərəbistanının ərazisində yerləşən müqəddəs yerlərin qəyyumluğu iddiasının qanuniliyini qəbul etmir. Tehran belə hesab edir ki, Əl-Səud qanuni islam sülaləsi deyil və ümumiyyətlə, İran ətrafındakı sünni ərəb ölkələri (Səudiyyə Ərəbistanı da daxil olmaqla) müstəmləkəçi güclər tərəfindən yaradılan süni dövlətlərdir. İran isə, onların fikrincə, bu dövlətlərdən fərqli olaraq, min illər ərzində özünün təbii sərhədləri daxilində formalaşmış və zəngin dövlətçilik ənənələri olan ölkədir. İranın Səudiyyə Monarxiyasının müqəddəs yerlərin qəyyumluğunu şübhə altına almasını Ər-Riyadın islam dünyasında liderlik iddialarına Tehranın ideoloji həmlələlərindən biri kimi qəbul etmək olar.

Ər-Riyad və Tehran arasında ideoloji zəmində baş verən ziddiyyətlərdən biri də Səudiyyə Ərəbistanında yaşayan şiə əhalisi ilə bağlıdır. Ölkənin neftlə zəngin şərq əyalətlərində yaşayan şiələr zaman-zaman Səudiyyə hakimiyyətini narahat edən addımlardan çəkinməyiblər. Xüsusilə, 1979-cu il İran İslam İnqilabından sonra Tehranın Səudiyyə Ərəbistanı ərazisində yaşayan şiələr üzərində təsirinin artması Ər-Riyad hakimiyyətinin diqqətindən yayınmayıb. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində ölkə daxilində şiələrin üsyanları, siyasi hərəkətlənmələri Krallıq tərəfindən məhz İranın təsirinin nəticəsi kimi qəbul edilib və həmin üsyanların qarşısı zorakılıqla alınıb. Onu da qeyd edək ki, İran İslam İnqilabından sonra digər sünni ərəb dövlətlərində yaşayan şiə icmalar da həmin ölkələrin hakim elitaları tərəfindən İranın mümkün təsir vasitələrindən biri kimi qəbul olunmağa başladı. İordaniya kralı Abdullanın «Şiə Ayparası» adlandırdığı bəzi Orta Şərq və Şimali Afrika ölkələrində yaşayan şiə əhalisini İranın öz ətrafında birləşdirmək cəhdlərini həmin ölkələrin hökumətləri özlərinə qarşı təhdid kimi qəbul etdi və hal-hazırda da qəbul etməkdədir.

Səudiyyə Ərəbistanı-İran arasında ideoloji, geopolitik səbəblərdən yaranan rəqabət müstəvilərindən biri də İslam Konfransı Təşkilatıdır (İKT). 1969-cu ildə yaradılan, mənzil qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən və müsəlman ölkələri arasında çevik dialoqu, əməkdaşlığı, qlobal, regional kontekstdə dini maraqları təmin etməyi hədəfləyən İKT BMT-dən sonra üzv sayına görə dünyada ikinci böyük təşkilat hesab olunur. Bununla belə, təşkilat daxilində ayrı-ayrı dövlətlərin, güc mərkəzlərinin maraqlarından yaranan sərt rəqabət təşkilatın fəaliyyətinin effektivliyini azaldır. Əslində İKT-nin yaranmasında da geosiyasi rəqabət amili böyük rol oynamışdır. Belə ki, 1960-cı illərdə Misirin ərəb millətçiliyinə əsaslanan gücünə qarşı Səudiyyə Ərəbistanın özünün legitimliyini nümayiş etdirmək üçün din amilindən istifadə etməsi belə bir təşkilatın yaranmasına səbəb olmuşdur. Hal-hazırda da İKT Səudiyyə Ərəbistanı-İran arasında ideoloji, geosiyasi rəqabətin əsas ünvanlarından birinə çevrilib. Əvvəllər İran İKT-na soyuq yanaşsa da sonralar mövqeyini dəyişərək təşkilat daxilində Ər-Riyadın təsirini azaltmaq, özünün dini legitimliyini nümayiş etdirmək üçün fəal siyasət həyata keçirmişdir.

Səudiyyə Ərəbistanı-İran arasında rəqabəti doğuran iki əsas səbəbdən biri, qeyd etdiyimiz kimi, geosiyasi maraqlar, regional ambisiyalardır. Hər iki ölkə Orta Şərqdə, Fars (Ərəb) körfəzində üstünlüyünü, təhlükəsizliyini təmin etmək üçün özünəməxsus strategiya həyata keçirir. Körfəz regionu həm Ər-Riyadın, həm də Tehranın regional geosiyasətində həyati əhəmiyyət daşıyır. Coğrafi bağlılıq, bölgənin geostrateji əhəmiyyəti, hər iki ölkənin əsas gəlir mənbəyi olan neft resurslarının əhəmiyyətli hissəsinin Körfəz vasitəsi ilə ixracı İranın və Səudiyyə Ərəbistanının regiona kifayət qədər həssas yanaşmasını təşviq edir. Körfəzin təhlükəsizlik arxitekturasına da hər iki ölkə tamamilə fərqli baxış bucağından yanaşır. Səudiyyə Ərəbistanı özünü əksəriyyəti daha güclü və böyük olan düşmənlərlə əhatə olunmuş kimi hiss edir. Bu səbəbdən də Ər-Riyad regiondan kənarda təhlükəsizlik qarantiyası axtarır və ABŞ ilə Körfəzdə yaxından əməkdaşlıq edir. Ər-Riyadda hesab edirlər ki, ABŞ-nin timsalında kənar gücün Körfəzdə hərbi mövcudluğu mümkün assimmetrik təhdidləri önləyə bilər. İran isə əksinə, hər hansı kənar gücün, xüsusilə də kəskin münasibətlərdə olduğu Birləşmiş Ştatların bölgədə hərbi iştirakını özünə qarşı potensial təhlükə kimi qəbul edir.

Bir vacib məqamı da qeyd etmək istərdim ki, son 40 il ərzində Körfəzdə baş verən müharibələr də iki ölkənin regional siyasətinin müəyyənləşməsinə təsir göstərmişdir. 1980 — 1988-ci illəri əhatə edən İran-İraq müharibəsi, 1990 — 1991-ci illərdə İraqın Küveytə müdaxiləsi ilə baş verən müharibə, nəhayət 2003-cü ildə ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın İraqa hücumu ilə gerçəkləşən münaqişə və bu müharibələrin nəticələri Körfəzin təhlükəsizlik konfiqurasiyasının formalaşmasında ciddi rol oynamışdır. Məsələn, Birinci Körfəz müharibəsi kimi dəyərləndirilən İran-İraq münaqişəsi zamanı Səddam Hüseynin hərbi hədəflərinə nail ola bilməməsi, İranın hərbi-dəniz, hərbi hava qüvvələrinin ciddi müqaviməti Səudiyyə Ərəbistanının hərbi gücünü artırmağa vadar etmişdir. 2003-cü ildə Səddam Hüseyn rejiminin

devrilməsi ilə nəticələnən ABŞ-ın İraqa hərbi müdaxiləsi Körfəz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına səbəb olmuşdur. Tarixən, daha dəqiq desək, 2003-cü ilə kimi Körfəzdə hərbi-siyasi baxımdan iki güclü dövlətdən biri olan İraqın zəifləməsi, fəal aktor kimi sıradan çıxması regionda müəyyən geosiyasi boşluğun yaranmasına səbəb oldu. Körfəzdə Səudiyyə Ərəbistanı-İran rəqabətini artıran məqamlardan biri də məhz bu boşluğun doldurulması cəhdləri olmuşdur.

Səudiyyə Ərəbistanının İranla geosiyasi maraqları Orta Şərqin bir sıra ölkələrində toqquşur və bu maraq toqquşmaları həmin ölkələrdə cərəyan edən hərbi-siyasi, sosial hadisələrə, proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. İraq, Suriya, Livan, Bəhreyin, Yəmən, Fələstin kimi region dövlətləri son onilliklərdə Ər-Riyad-Tehran rəqabətinin vacib komponentlərinə çevriliblər. Qeyd edək ki, bu ölkələrin daxili vəziyyəti, siyasi sistemləri də Tehran və Ər-Riyadın onlara fəal müdaxilə etməyinə imkan verir. İranın sünni coğrafiyasında dəstək verdiyi əsas güclər qeyri-dövlət aktorlarıdır və onların vasitəsi ilə Tehran geosiyasi hədəflərini reallaşdırmağa çalışır. O cümlədən də İran ciddi əlaqələri olduğu bu aktorlarla sünni dövlətlərində hakim elitalara qarşı təzyiq göstərmək siyasəti həyata keçirir.

İranın regional siyasətinin başlıca məqsədlərindən biri də ABŞ-ın Orta Şərqdə təsirini azaltmaqdan ibarətdir. Bütövlükdə, İranın regionda əsas xarici siyasət tezisləri kimi Fələstin məsələsini, şiə icmaların maraqlarının qorunmasını, əksər sünni ərəb dövlətlərini ABŞ və İsraillə əməkdaşlıqda ittiham etməsini qeyd etmək olar. İran və Səudiyyə Ərəbistanı arasında bu günə qədər birbaşa hərbi münaqişə olmasa da hər iki dövlət regionun adlarını qeyd etdiyimiz bəzi ölkələrinin vəkalət (proxy) müharibələrində fəal iştirak edir. Məhz bu müharibələrdə iştirak etməklə hər iki ölkə qarşı tərəfin gücünü balanslaşdırmağa, maraqlarına zərbə endirməyə cəhd edir.

Tehran-Ər-Riyad rəqabəti vəkalət (proxy) müharibələrində

Livan həm İranın, həm də Səudiyyə Ərəbistanının regional strategiyasında xüsusi yer tutur. Səudiyyə Ərəbistanı üçün Livan regionda cərəyan edən proseslərin dinamikasını izləmək üçün geniş imkanlar verir. 1950-1960-cı illərdə ərəb millətçiliyi, daha sonra isə siyasiləşmiş şiəlik cərəyanları Ər-Riyadı bu ölkədə narahat edən əsas məqamlar olmuşdur. Çox millətli və etiqadlı ölkə olan Livanda Səudiyyənin əsas dəstək verdiyi qruplar sünni icmasına aiddir və bu qüvvələrə dəstək verməklə Ər-Riyad İranın, Suriyanın burada təsirini azaltmağa çalışır. İran isə Livana İsrail-ərəb münaqişəsinə və bütövlükdə, ərəb dünyasına açılan qapılardan biri kimi baxır. Livanda İranın dəstəklədiyi əsas qüvvə yarıhərbi, yarısiyasi təşkilat olan və 1980-ci illərin əvvəllərində İsrailin ölkənin işğalı dövründə yaradılan Hizbullahdır (ərəbcə — Allahın ordusu). Hizbullah ABŞ və bir sıra Qərb dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınsa da ölkə torpaqlarının İsrail işğalından azad edilməsindəki roluna görə bu hərbi — siyasi birlik Livanda geniş populyarlıq qazanıb. Bölgədə İranmərkəzli şiəliyin əsas dayaqlarından olan Hizbullah Livan siyasətində aparıcı aktorlardan hesab olunur. Artıq yalnız Livanda deyil, Hizbullah, bütövlükdə regionda ən fəal qeyri-dövlət aktorlarından biri kimi qəbul edilir. Bu baxımdan İranın regionda proksi gücü olan Hizbullahın son illərdə Suriyada, Yəməndə, İraqdakı fəaliyyətinə nəzər salmaq kifayətdir.

Hizbullah Livanda İsrailə qarşı döyüşən qüvvə olmaqla bərabər, ölkənin radikal sünni qrupları ilə də sərt rəqabətdədir. 2005-ci ilin fevralında sabiq baş nazir və ölkənin ən nüfuzlu, təsirli siyasətçilərindən olan Rafik Həririnin terror nəticəsində qətlə yetirilməsi Livanda ciddi etirazların baş qaldırmasına səbəb olmuşdur. Məhz bu etirazlar nəticəsində Suriya hərbi və təhlükəsizlik qüvvələri ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edək ki, «Ərəb baharına» qədər Suriya Livanda İranın yaxın müttəfiqi kimi əsas aktorlardan biri kimi çıxış etmişdir. «Ərəb baharı» dövründə Suriyada başlanan vətəndaş müharibəsi Livanda siyasi vəziyyəti daha da mürəkkəbləşdirmişdir. Belə ki, Suriyadan gələn yüz minlərlə qaçqınlar, həmçinin, Ər-Riyadın loyal yanaşdığı İŞİD, «Nusra Cəbhəsi» kimi terrorçu qrupların ölkəyə daxil olması Livanda konfessiyalar arası ziddiyyətləri daha da gərginləşdirmişdir. Ümumiyyətlə, Livanda İran, Suriya və Hizbullahı İsrailə və sünni, xristian icmalarına qarşı koalisyon qüvvə kimi xarakterizə etmək olar. Son illərdə Hizbullahın ölkə parlamentində və hökumətində təmsil olunmasını da İranın Livan siyasətinə təsirinin artdığını sübut edən amillərdən biri olaraq dəyərləndirmək mümkündür. «Ərəb baharı"-nın gətirdiyi etirazların Suriyanı da əhatə etməsi Ər-Riyad tərəfindən Bəşər Əsəd rejiminin devrilməsi imkanı kimi dəyərləndirildi. Məhz bu məqsədlə də Səudiyyə Krallığı Əsədə qarşı silahlı mübarizə yolu seçmiş müxalifət qüvvələrinə hərbi-texniki, maliyyə yardımı etməkdən çəkinməmişdir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə bərabər Qatar kimi bəzi ərəb dövlətləri də Əsəd rejiminə qarşı döyüşən müxalifət qüvvələrinə hərtərəfli yardım göstərmişdir. Bununla belə, Səudiyyə mənbələri Suriyada müxalifət qüvvələrinə ölkələrinin silah yardımı iddialarını inkar edirlər. Baxmayaraq ki, Ər-Riyad hökumətinin xarici işlər naziri Feysəl Əl-Səudun «müxalifəti silahlandırmaq vəzifəmizdir» açıqlaması mediada geniş yayılmışdır. Səudiyyə Ərəbistanından fərqli olaraq, İran Əsəd rejiminin təhlükəsizliyini bölgədə vacib milli maraqlarının qorunması və Orta Şərqdə dayanıqlığının şərti kimi qəbul edir. Suriyada vətəndaş müharibəsi başlayandan İran və regionda Tehrana bağlı Hizbullah kimi hərbi-siyasi qüvvələr də Əsəd rejiminin hakimiyyətdə qalması üçün bütün imkanlarından istifadə etmişdir. Suriyada Əsədin müxaliflərinə qarşı İran ən böyük qoşun növü olan SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı qüvvələrdən də geniş istifadə etmişdir. SEPAH-nin yüksək rütbəli zabitlərindən biri də mənsub olduğu hərbi birləşməyə aid qüvvələrin Suriyada hərbi əməliyyatlarda iştirak etdiyini etiraf edərək qeyd edir ki, ölkəsinin Suriyada iştirak etməsi daha böyük qırğınların qarşısını alıb. İranın Əsəd rejiminə hərbi-siyasi, diplomatik, maliyyə dəstəyi Suriyada vətəndaş müharibəsinin gedişinə əhəmiyyətlidərəcədə təsir göstərmişdir. Hal — hazırda rəsmi Dəməşq vaxtı ilə radikal dini qruplaşmalardan ibarət olan müxalifət qüvvələrinin ələ keçirdiyi ərazilərin böyük hissəni yenidən geri almağa nail olub. Təbii ki, kənar aktorların fəal dəstəyi ilə. Belə demək mümkündürsə, Rusiya ilə bərabər İran da Bəşər Əsədin ən ağır şərtlərə rəğmən hakimiyyətdə qalmasında və itirilən mövqelərini bərpa etməsində kənar aktorlar olaraq fövqəladə rol oynamışdır. Bu baxımdan Suriyada Səudiyyə Ərəbistanı-İran qarşıdurması kontekstində hələlik Tehranı üstün, uduşlu mövqedə hesab etmək olar.

Orta Şərqdə Ər-Riyad-Tehran rəqabətinə meydan olan, maraqlarının toqquşduğu vacib ölkələrdən biri də İraqdır. 2003-cü ilə kimi regional proseslərdə fəal subyekt olan İraq ABŞ işğalından sonra bu proseslərin obyektinə çevrilmişdir. İraq, hər iki dövlətin bölgə ilə bağlı strategiyasında vacib yer tutmaqla bərabər həm də daxili siyasi-sosial, etnik, dini-konfessional strukturuna görə həm Ər-Riyada, həm də Tehrana ölkənin daxili işlərinə fəal müdaxilə etməyə geniş imkan verir. Əhalisinin təxminən 60%-ni şiələr təşkil edən İraq üzərində İranın təsiri Səddam Hüseyin rejimi devrildikdən sonra xeyli artmışdır. Nə qədər paradoksal olsa da, İraqın ABŞ tərəfindən işğalından strateji olaraq ən çox faydalanan ölkə regionda İran olmuşdur. Səddam Hüseyin rejimi devrildikdən sonra ölkədə qurulan şiə hökumətlərinin İranla xüsusi əlaqələrə malik olması Tehrana böyük üstünlüklər vermişdir. İranın İraqdakı şiə qüvvələri üzərində ciddi təsirinin olması, onlarla məxsusi əlaqələrinin səbəbləri sırasında dini-məzhəb baxışlarının eyniliyi ilə yanaşı bəzi şiə qruplarının 1970-1980-ci illərdə İrana qovulması ilə əlaqədar orada yaşaması olmuşdur. Tehran İraqda SEPAH və digər hərbi-siyasi birləşmələrin gücündən də geniş istifadə etmişdir. 2003-cü ildən sonra İraqda geniş vüsət alan konfessional münaqişələr də İrana qonşu ölkədə hərbi fəallığını artırmaq fürsəti vermişdir. Qeyd edək ki, son illərdə İranı İraqda narahat edən əsas məqamlardan biri də ABŞ-nin bu ölkədə hərbi mövcudluğu olmuşdur və ötən il İraq parlamentinin xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına dair qərarı Tehran tərəfindən yüksək qiymətləndirilmişdir.

İraq üzərində İranın təsirinin artmasından ən çox narahat olan ölkələrdən biri Səudiyyə Ərəbistanı olmuşdur və Ər-Riyad bu ölkədə Tehranın gücünə qarşı sünni qruplara hərtərəfli dəstəyini əsirgəməmişdir. Eyni və yaxud oxşar dini inancları bölüşməsi, etnik, tayfa bağlarının mövcudluğu Səudiyyə ilə İraqın sünni icması arasında əlaqələrin inkişafı üçün münbit şərait yaradır. Son illərə qədər Səudiyyə Krallığı ilə Bağdad arasında münasibətlərin pis olması, Tehrana qarşı radikal dini qruplaşmaların dəstəklənməsi, vəkalət (proxy) müharibələrində iştirak İranın İraqda təsirini artıran məqamlardan biri kimi qəbul edilməsinə səbəb olmuşdur. Məhz bu amili nəzərə alan Ər-Riyad 2015-ci ildən başlayaraq Bağdadla münasibətləri inkişaf etdirmək siyasəti həyata keçirir. 2016-cı ilin dekabrında Bağdadda Krallığın səfirliyin yenidən açılmasını, iqtisadi əlaqələrin dərinləşdirilməsi cəhdlərini, etnik birliyin qabardılmasını Ər-Riyadın yeni İraq siyasətinin əsas elementləri hesab etmək olar. Krallıqda düşünürlər ki, sərt gücdən və diplomatik ritorikadan istifadə etməklə deyil, qeyd etdiyimiz yeni siyasətlə İraqı İrandan tədricən uzaqlaşdırmaq olar. Səudiyyə Ərəbistanın regionda İran təsirinə qarşı siyasəti kontekstində belə bir geniş fikir də yayılıb ki, Suriya və Livanda nələrsə etmək çox gecdir, ancaq Yəmən, İraq, İordaniyada Tehranı kənarda tutmaq üçün əhatə dairəsi var.

İran-Səudiyyə Ərəbistanı regional rəqabətinin və vəkalət müharibəsinin ən qaynar nöqtələrindən biri də Yəməndir. Əsası «Ərəb baharı» dövründə qoyulan və bu gün də davam edən vətəndaş müharibəsi Yəməni parçalanmaq, humanitar fəlakət həddinə çatdırıb. Yəmən Ərəb yarımadasının ən kasıb ölkəsi hesab olunsa da ölkənin vacib geostrateji mövqeyi onu bəzi regional güclərin maraq dairəsinə düşməsinə səbəb olub. Xüsusilə, Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşməsi, Ədən Körfəzinə, Hind okeanına çıxışının olması İranın bu ölkə üzərində geosiyasi maraqlarının formalaşmasında böyük rol oynayır. Yəmənin daxili siyasi-sosial vəziyyəti, konfessional tərkibi də ölkənin regionda geosiyasi qarşıdurma məkanlarından birinə çevrilməsinə ciddi təsir göstərir. Ölkə əhalisinin əhəmiyyətli hissəsinin şiə icmasından təşəkkül tapması İrana Yəməndə baş verən proseslərə fəal müdaxilə etməyə imkan verir. Müxtəlif məlumatlara görə Yəmən əhalisinin təxminən 40% — i şiədir.

2011 — ci ildə baş verən «Ərəb baharı» dalğasında Yəməndə də xalq etirazlarının genişlənməsi prezident Abdullah Salehin istefası ilə nəticələndi. Sosial-iqtisadi vəziyyətin ağırlığı, avtoritar idarəçiliyin təzyiqləri altında gərginləşən Yəmən cəmiyyəti Salehin istefasından sonra da etirazları dayandırmadı. Ölkənin siyasi-sosial sarsıntılar keçirməsi, mərkəzi hökumətin zəifliyi, anarxik vəziyyət şiə husilərin fəallaşması üçün əlverişli mühit yaratdı. 2014-cü ildə husilərin mərkəzi hökumətə qarşı silahlı üsyana qalxması Yəməndə hələ də davam edən vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Husilər silahlı müqavimətə başladıqdan qısa müddət sonra ölkə ərazisinin böyük hissəsini, paytaxt Səna şəhəri də daxil olmaqla ələ keçirməyə nail oldu. Qonşu ölkədə şiə hərəkatının ciddi uğurlar əldə etməsi Ər-Riyadın sərt reaksiyasına səbəb oldu və Krallığın təşəbbüsü ilə Yəməndə vəziyyəti stabilləşdirmək, qanuni hakimiyyəti müdafiə etmək iddiası ilə region dövlətlərindən ibarət koalisiya formalaşdırıldı. 2015-ci ildə Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə hərbi müdaxiləsi ölkədə vətəndaş müharibəsini daha da şiddətləndirdi və hal-hazırda Yəmən ərazisi bölünərək ayrı-ayrı dini, hərbi-siyasi qüvvələrin nəzarətinə keçib. 2019-cu ilin sentyabrında husilərin Səudiyyə Ərəbistanının neftlə zəngin bölgələrinə hava zərbələri endirməsi bölgədə vəziyyəti daha da gərginləşdirdi. Qeyd edək ki, davamlı olaraq Səudiyyə ərazisi husilərin raket, dron zərbəsinə məruz qalır və bu hücumlara görə Ər-Riyad Tehranı günahlandırır. İran bu ittihamları qəbul etməsə də husilərin İranın Yəməndə proksi gücü olması, onlara Tehran tərəfindən hərbi-siyasi, maddi dəstəyin verilməsi reallığı ortadadır. Beləliklə, Yəməndə vətəndaş müharibəsinin, xaotik proseslərin baş vermə səbəbləri kimi ölkə daxili amillərlə yanaşı, Səudiyyə Ərəbistanı — İran qarşıdurmasını xüsusi qeyd etmək olar.

Bəhreyn Krallığını, İran-Səudiyyə Ərəbistanı arasında həm geosiyasi, həm də ideoloji meyarlarla qarşıdurma məkanlarından biri kimi qəbul etmək olar. Uzun müddət Səfəvilər imperiyasının, daha sonra ərəb tayfalarının nəzarətində olan Bəhreyn 1971-ci ildə Britaniya protektoratlığından çıxdıqdan sonra öz müstəqilliyini elan etmişdir. Məhz bu tarixdən başlayaraq körfəz ölkəsi olan Bəhreyn uğrunda İran-Səudiyyə Ərəbistanı rəqabəti güclənmişdir. 1979-cu il İran islam inqilabından sonra isə bu rəqabətdə ideoloji aspektin rolu artmışdır. Bir vacib məqamı da qeyd etmək istərdim ki, İran elmi-siyasi düşüncəsində tarixi, etnik, konfessional amillər nəzərə alınaraq Bəhreynin onlara məxsus olması fikri geniş yayılıb. Krallığın əhalisinin əksəriyyətini şiələr (təxminən 70 — 75%) təşkil etməsi İrana Bəhreynə dini-məzhəb baxımından ideoloji təsirini artırmaq üçün geniş imkanlar verir. Qeyd edək ki, Bəhreyn Orta Şərqdə İran və İraqla bərabər şiələrin çoxluq təşkil etdiyi 3 ölkədən biridir. Həmçinin, Krallığın coğrafi mövqeyi ölkənin bölgədə geostrateji əhəmiyyətini artırır. Ər-Riyad və Tehranın regional geostrategiyasında kiçik adalardan ibarət olan Bəhreyndə üstünlük əldə etmək Fars (Ərəb) körfəzində təsir dairəsini genişləndirmək imkanı kimi dəyərləndirilir.

Əhalisinin əksəriyyətinin şiələrdən təşkil olunmasına baxmayaraq bu kiçik şərq ölkəsində hakimiyyət sünni Əl-Xəlifə tayfasına məxsusdur. Sünni hakim elitasına hərtərəfli dəstək verməklə Ər-Riyad Bəhreyndə İran təsirinin qarşını almağa çalışır. Əmirliyin şiə əhalisinin İranla eyni dini-məzhəb dəyərlərini bölüşməsi Səudiyyəni narahat edən əsas amil kimi nəzərdən keçirilə bilər. Ər-Riyadın nəzərində şiələrin ölkədə «5 ci kolon» kimi qəbul edilməsinin həm də tarixi səbəbləri var. Belə ki, Tehranın dəstəklədiyi radikal şiə qrupları zaman-zaman Əl-Xəlifə sülaləsinin hakimiyyətinə ciddi təhdidlər yaradan fəaliyyətdən çəkinməyiblər. Məsələn, 1981-ci ildə İranla dərin əlaqələri olan Bəhreynin Azadlığı uğrunda İslam Cəbhəsi adlı təşkilat hətta dövlət çevrilişinə cəhd edib. 2011-ci ildə baş verən «Ərəb Baharın"dan sonra Səudiyyə Ərəbistanı və İran hakim elitaya və etirazçılara dəstək verməklə Bəhreyn daxilində proksi mübarizəyə başladılar.

Səudiyyə Ərəbistanı və müttəfiqləri genişlənən etirazları konfessional zəmində baş verdiyini iddia etsə də əslində ölkədə inqilabi vəziyyətin yaranmasının daha dərin səbəbləri vardı. İlk növbədə avtoritar idarəçilik, Kral Hamidin islahat vədlərini yerinə yetirməməsi Bəhreyn cəmiyyətində ciddi narazılıqlar yaratmışdır. Etirazların dinc olmasına baxmayaraq Bəhreyn təhlükəsizlik qüvvələrinin sərt gücdən istifadə etməsi ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. Xalq etirazlarının qarşısının alınmasında çətinlik çəkən Əl-Xəlifə ailəsi Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi Körfəz ölkələrindən hərbi dəstək istəməyə məcbur oldu. 2011-ci ilin martın ortalarında Ər-Riyad təxminən min nəfərlik hərbi qüvvə göndərərək Bəhreyndə etirazların yatırılmasında yaxından iştirak etdi.

O cümlədən Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi körfəz dövlətləri də Əl-Xəlifə sülaləsinin hakimiyyətini qorumaq üçün Bəhreynə öz hərbi — polis qüvvələrini göndərməklə Ər-Riyadın yanında olduqlarını nümayiş etdirdilər. İran Bəhreyndə baş verən hadisələrə açıq müdaxilə etməsə də etrazçılara siyasi-mənəvi və bəzi iddialara görə hərbi-maliyyə dəstəyi verməklə ölkədə maraqlarını təmin etməyə çalışıb. Əl-Xəlifə sülaləsi 2011-ci ildə Orta Şərqi bürüyən «Ərəb Baharın"da hakimiyyətini qorusa da əhalisinin böyük əksəriyyətini şiələr təşkil edən Bəhreyndə İranın ciddi təsir imkanları qalmaqdadır.

İran-Səudiyyə Ərəbistanı münasibətləri yeni mərhələdə

Hər iki ölkə arasında kəskin ziddiyyətlərə, maraq toqquşmalarına baxmayaraq son aylarda Tehran və Ər-Riyad arasında münasibətlərdə mülayimləşmə ilə bağlı meyllər müşahidə olunmaqdadır. Bu ilin aprelində Səudiyyə Krallığının vəliəhdi və ölkəni faktiki idarə edən Məhəmməd Bin Salman İranla daha yaxşı əlaqələrin olmasında maraqlı olduqlarını bəyan etdi. Onun bu açıqlamasına cavab olaraq rəsmi Tehran da ikitərəfli münasibətlərə, regional sülhə töhfə verəcək danışıqlara hazır olduğunu bildirdi. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinin (bir qrup etirazçı tərəfindən hücuma məruz qalmasına görə) bağlanmasından sonra kəsilmişdir. Səudiyyə Krallığının xarici işlər naziri Feysəlin açıqlamasına görə, iki ölkə arasında diplomatik danışıqların dördüncü mərhələsi sentyabrın 21-də keçirilmişdir. Səudiyyəli baş diplomatın fikrincə, bu danışıqlar hələ ki, araşdırma mərhələsindədir və onun ölkəsi ümid edir ki, qeyd olunan diplomatik təmaslar ikitərəfli münasibətlərdə problemlərin həllinin əsasını qoyacaq. Onu da əlavə etmək istərdim ki, Ər-Riyad-Tehran arasında aparılan danışıqlar İranın əvvəlki hökuməti dövründə başlasa da prezident Rəisinin yeni mühafizəkar kabineti ilə davam etdirilir. Səudiyyəlilər danışıqların harada keçirilməsini açıqlamasalar da iranlılar ikitərəfli müzakirələrin İraqda keçirildiyini qeyd edirlər. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi xüsusilə qeyd etmişdir ki, aparılan danışıqlar Körfəzin təhlükəsizliyi ilə bağlı «ciddi irəliləyişlərə» səbəb olub. Bütün bunlarla bərabər, İran XİN-nin sözçüsü danışıqlarda Səudiyyə Ərəbistanı Krallığının Tehranda səfirliyinin yenidən açılması ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın olmadığını da əlavə edib.

Son aylarda iki ölkə arasında münasibətlərdə nəzərə çarpan müsbət dinamikanı əsasən bəzi amillərlə əlaqələndirmək olar. Daxili amillərlə yanaşı kənar faktorlar da həm Ər-Riyadın, həm də Tehranın qarşılıqlı münasibətlərində pozitiv meyllər üçün mühit yaradır. Məhəmməd Bin Salmanın faktiki idarə etdiyi Krallıq hökuməti ölkəsinin neftdən asılı iqtisadiyyatının strukturunu dəyişməyi planlaşdırır. Ölkəsində davamlı sabitliyin və inkişafın iqtisadiyyatın şaxələndirilməsində görən Məhəmməd Bin Salman planlaşdırdığı iqtisadi-sosial strategiyanın böyük vəsaitlər tələb etdiyini nəzərə alaraq İranla münasibətlərə yenidən baxmağa çalışır. Ətrafında baş verən münaqişələrdə, vətəndaş müharibələrində Tehranla sərt rəqabətdə olan Ər-Riyad İranın regional gücünü balanslaşdırmaq üçün xərclədiyi böyük vəsaitləri ölkə daxilində güclü iqtisadi-sosial sistemin formalaşmasına yönəltmək niyyətindədir. Məhz bu baxımdan Krallığın hərbi-təhlükəsizlik xərclərini azaltmaq istəyi İranla gərgin münasibətləri yumşaltmaq amilini aktuallaşdırır.

Eyni zamanda qlobal və regional beynəlxalq mühitdə baş verən dəyişikliklər də Ər-Riyadı xarici siyasət prioritetlərinə yenidən baxmağa sövq edir. Dünya siyasətində baş verən ən böyük dəyişiklik ABŞ-da hakimiyyət başına gələn C.Baydenin yeni Orta Şərq siyasətidir ki, Ər-Riyad bu amili nəzərə almaq məcburiyyətindədir. Bayden administrasiyasının yeni Orta Şərq siyasətinin əsas elementlərini belə qeyd etmək olar: Əfqanıstandan hərbi qüvvələrinin tamamilə çıxarılması, insan hüquqlarının pozulması ilə bağlı Ər-Riyadın ünvanına tənqidlərin artması, səudiyyəlilərin Yəməndə vətəndaş müharibəsində iştirakına hərbi dəstəyin dayandırılması, Tramp administrasiyası ilə müqayisədə bölgədə İsrail amilinə nisbətən soyuq yanaşılması, İranla nüvə sazişinə yenidən qayıtmaq istəyinin bəyan edilməsi və s.

Bütövlükdə, ABŞ-ın son illərdə həyata keçirdiyi regional siyasət Vaşinqtonun bölgədə mövqelərini zəiflətməklə paralel olaraq Orta Şərqdə müəyyən geosiyasi boşluğun yaranmasına səbəb olub ki, bu amil də həm Ər-Riyadın, həm də Tehranın xarici siyasət istiqamətlərinə ciddi təsir edir. İran Orta Şərqdə yaranmış yeni geosiyasi reallıqlardan istifadə edərək bölgədə fəallığını artırmağa çalışır. Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlar da Tehranın çoxgedişli məqsədlərinə xidmət edir. Həmçinin, Qərbin sərt sanksiyaları ilə iqtisadiyyatının düşmüş olduğu dərin böhran, daxili sosial-siyasi narazılıqların artması da İranı ənənəvi regional rəqibləri ilə daha ehtiyatlı davranmağa vadar edir.

Tehranla münasibətləri qaydaya salmağa çalışan Məhəmməd Bin Salman hələ də Ər-Riyadın İranla ciddi problemlərinin olduğunu bildirir. Həmin problemlərə misal olaraq o, İranın nüvə, ballistik raketlərlə bağlı proqramlarını, regionda proksi güclərə verdiyi dəstək kimi «neqativ davranışları"nı qeyd edir. Xüsusilə, Tehranın nüvə proqramınını Ər-Riyadı qayğılandıran əsas problemlərdən hesab etmək olar. Belə demək mümkündürsə, Ər-Riyad İranın nüvə silahına malik olmasını özünə qarşı potensial təhdid kimi qəbul edir. Bu səbəbdən də səudiyyəlilər hər zaman Qərbi nüvə məsələsində Tehrana qarşı daha sərt mövqedə dayanmağa çağırırlar. Hətta, 2009-cu ildə Səudiyyə kralı Abdulla İranın nüvə silahı əldə edəcəyi təqdirdə ölkəsinin də belə bir silaha malik olacağını bəyan etdi. Qeyd etmək lazımdır ki, 2015-ci ildə İranın dünyanın 6 aparıcı dövləti ilə imzaladığı nüvə anlaşmasını regionda İsraillə bərabər ən çox tənqid edən ölkə də Səudiyyə Ərəbistanı olmuşdur. Ümumiyyətlə, son 15-20 ildə Ər-Riyadın Tehranla münasibətlərində «nüvə amili» əsas yerlərdən birini tutmuşdur.

Orta Şərqdə İran-Səudiyyə Ərəbistanı rəqabətini təhlil edərkən nəzərə alınmalı əsas məqamları belə sıralamaq olar : rəqabəti doğuran ideoloji və geosiyasi səbəblər, etnik, dini-məzhəb fərqlərinin xüsusiliyi, hər iki ölkə tarixinin oxşar, fərqli cəhətləri, narrativlər, fərqli dövlət quruculuğu prosesi keçmələri (state — building), regionda və dünyada formalaşmış geosiyasi konyuktur. Bütün bu amillərin təhlili iki ölkə arasında rəqabətin dərin strateji səbəblərini, tarixi köklərini və regional geostrateji nəticələrini görməyə imkan verir. Tehran-Ər-Riyad rəqabəti yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Orta Şərqdə cərəyan edən hadisələrə, proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Orta Şərqi bürüyən vətəndaş, ərazi münaqişələrində, etno-siyasi, dini-məzhəb qarşıdurmalarında, qütbləşmə proseslərində bu rəqabətin «izlər» ini görmək mümkündür.

İran-Səudiyyə Ərəbistanı qarşıdurması bu günə kimi tərəflər arasında böyük regional müharibəyə çevrilməsə də bölgənin ayrı-ayrı ölkələrində proksi münaqişələrdə üzə çıxıb. Regionun iki ənənəvi gücü arasında kəskin rəqabətə səbəb olan kifayət qədər səbəblər olsa da hər iki dövlət son zamanlar həm də uzlaşma cəhdlərindən də çəkinmirlər. Bu fakt iki ölkə arasında bütün «körpülərin yandırılmadığı"nı təsdiq etməklə yanaşı Ər-Riyad-Tehran regional əməkdaşlığının potensialının tükənmədiyini də sübut edir. Dünyada və Orta Şərqdə yeni düzənin formalaşması tendensiyalarının iki ölkə arasında münasibətlərə çevik proyeksiyası da bu əlaqələrin dinamikliyindən, dəyişkənliyindən xəbər verir. Ümumiyyətlə, həm Tehranın, həm də Ər-Riyadın xarici siyasətlərində praqmatizm elementləri üstünlük təşkil edir. Bütövlükdə isə, yazının əvvəlində də qeyd olunduğu kimi, hər iki ölkənin regiona xas xarici siyasətləri Orta Şərqdə geosiyasi konfiqurasiyanın formalaşmasında böyük rol oynayır və oynamaqda da davam edəcəyi şübhəsizdir.

Mətin Məmmədli,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
//ovqat.com//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı ölkələrdən qırıcılar ala bilərik? - Ekspert üç ölkəyə işarə edir
Bu gün, 19:02
Yaxud satıcıyla nişanlı qız oğlan evinə necə “corab hörür”... - Ağ qızıla görə “ağ yalan” danışanlar
Bu gün, 19:00
Azərbaycanda daha bir məktəb distant təhsilə keçib
Bu gün, 18:06
“Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” - Abrahamyan
Bu gün, 18:03
Gürcüstanda Azərbaycan vətəndaşı olan məşqçi həbs olunub - SƏBƏB
Bu gün, 17:59
Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən REAKSİYA
Bu gün, 17:55
Rusiya iş adamlarının Azərbaycana səfərləri... - NƏ BAŞ VERİR?
Bu gün, 17:54
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib - FOTO
Bu gün, 17:51
Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirilib
Bu gün, 17:49
Azərbaycanda son sutkada 2112 nəfərdə COVID-19 aşkarlanıb, 18 nəfər vəfat edib
Bu gün, 17:48
"Hakimiyyətlə dialoqdan uzaq qalmaq lazım deyil, AXCP və Müsavat nə əldə edirlər, bilmirəm" - deputat
Bu gün, 17:44
“3+3” formatı niyə "tormozlanır"? - GƏLİŞMƏ
Bu gün, 17:37
Vaksindən sonra yoluxma niyə azalmadı, pandemiya niyə bitmir? - AÇIQLAMA
Bu gün, 17:33
Bakıda idmançı zalda ölü tapıldı - FOTO
Bu gün, 17:31
Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib
Bu gün, 17:28
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı
Bu gün, 17:19
Gəncə təhsili ilə bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ÇARƏSİZLİK...
Bu gün, 17:12
25 oktyabrda dollar neçəyə olacaq?
Bu gün, 17:02
Azərbaycan-İran gərginliyi: Hərbi qarşıdurma olacaq? – ŞƏRH
Bu gün, 16:58
Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI - FOTO
Bu gün, 16:48
Özbəkistan ABŞ qoşunlarının ölkədə yerləşdirilməsinə icazə verəcək?
Bu gün, 16:42
“Bu gün Qarabağda insanlar küçələrdə, qarajlarda, maşınlarda gecələyirlər” - Separatçılardan etiraf
Bu gün, 16:40
50-yə yaxın sürücü və sərnişin cərimə edilib - VİDEO
Bu gün, 16:38
"Ay icra başçısı gəl bax vəziyyətimə, qaldığım yerə, gör burda insan yaşayarmı" - Qarabağ döyüşçüsü
Bu gün, 16:36
"Sənin vəzifən yaxınlarını yanına yığmaq yox, iş görməkdir" - ETİRAZ
Bu gün, 16:32
İran Azərbaycanı Livana çevirmək istəyir - AMMA...
Bu gün, 16:28
Nizaminin yubiley ilində məqbərəsinin qapıları niyə bağlanıb? - FOTO
Bu gün, 16:24
Havanın temperaturu 4-7 dərəcə enəcək, bəzi rayonlara qar yağacaq
Bu gün, 16:22
Barəsində şikayət olunan Baş həkim HƏBS OLUNDU - Belə deyirlər...
Bu gün, 16:19
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Bu gün, 16:17
"Cabbar Musayevin icazəsi olmasa etmərəm"
Bu gün, 16:13
"Ermənistanın bu açıqlaması onların Qarabağdan imtina etdiklərini göstərdi" - ekspert
Bu gün, 16:11
Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? - GƏLİŞMƏ
Bu gün, 16:09
Putinin son bəyanatı: - Moskva Azərbaycandan nə gözləyir və əvəzində nə verəcək?
Bu gün, 16:07
”Evdəkiləri ac qoyub ailə həyatı qurum?!” - Türkan Vəlizadə
Bu gün, 16:05
Kənd təsərrüfatından generala qədər qalxan jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ
Bu gün, 16:03
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib - VİDEO
Bu gün, 16:01
Fizuli bərpa olunacaq...
Bu gün, 15:58
Beyləqanda taksi sürücüsünün məktəbli qıza təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb
Bu gün, 15:36
Təbii qaz faktoru... - İranın şıltaqlıqlarının daha bir səbəbi
Bu gün, 15:35
"Ərdoğan fəth edərək irəliləyir..." - Fransadan ŞOK TƏHLİL
Bu gün, 15:32
Ərinin məftillə boğub öldürdüyü qadının anası SİRLƏRİ AÇDI - TƏFƏRRÜAT
Bu gün, 15:31
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı... - Rusiya hərbçiləri niyə izn verir?..
Bu gün, 15:27
“Qurana and olsun gender bərabərliyi ilə biz qadınları hərifləmiş oluruq...”
Bu gün, 15:26
"Ermənilər son çörək pulunu korona testlərinə xərcləyirlər" - Mkrtçyan
Bu gün, 15:19
Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat edib
Bu gün, 15:17
Rektor təhsil qaydalarına QARŞI... - İDDİA
Bu gün, 15:15
Putin Avropanı şantaj edir - Rəsmi Kiyev
Bu gün, 15:14
Gəncənin sabiq icra başçısına sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Bu gün, 15:13
Qarabağda nə qədər erməni əsgəri var? – Polkovnikdən cavab
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru