Əsas Səhifə > Sosial, Manşet > 3 rayonun başçısı günlərini sayır...

3 rayonun başçısı günlərini sayır...


5-11-2019, 09:59
3 rayonun başçısı günlərini sayır...
Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib. DİA.AZ xəbər verir ki, proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə təkcə yaş deyil, fəaliyyət də əsas götürülür. Bildirilir ki, yaşlı icra başçıları ilə yanaşı fəaliyyəti qənaətbəxş olmayan, əhalinin daha çox narazılıq etdiyi rayon və şəhər rəhbərləri də əvəzlənəcək.

Ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib. Həmin məlumatda bəzi rayonlardan o cümlədən Balakən, Göyçay, İmişli, Qazax, Sabunçu, Tərtər, Ucar və Zaqataladan daxil olan müraciətlərin sayının artdığı bildirilir.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, ilk olaraq 3 rayonun icra başçıları da yola salına bilər. Onlar aşağıdakılardır:

- Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir.

- İmişlinin icra başçısı Vilyam Hacıyev 2012-ci ildən bu rayona rəhbərlik edir. O, bundan əvvəl 6 il Samux rayonunun, 2 il isə Göygöl rayonunun icra başçısı olub. İnternet ressursları Vilyam Hacıyev barəsində yazılan tənqidi materiallarla zəngindir.

- Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt